Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəhidləri düşməndən qoruyan şəhid - FOTOLAR

Şəhidləri düşməndən qoruyan şəhid -       FOTOLAR

İsrafil İsrafilov: “Oğlum dedi ki, “Vətəni biz də qorumasaq, kim qoruyacaq?!””

 

Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə Ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəkliklər və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Həmçinin, bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.

 

Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, hərbçilər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də Ağdaş rayon Orta Ləki kənd sakini şəhid Anar İsrafilovdur. AYNA-ya danışan şəhidin atası İsrafil İsrafilovun sözlərin görə, Anar hələ uşaqlıqdan mərd və şücaətli biri olub: “Elə Vətən qayğısını çəkən, dərdinə dərdlənib, sevincinə sevinənlər də həmişə mərd insanlar olur. Anar istər uşaqlıqda, istər gənclikdə, istər hərbi xidmətdə, istərsə də çalışdığı yerlərdə həmişə bu mərdliyi və qayğıkeş olmağı ilə tanınıb. Elə şəhid xəbəri gələndə də, həm əsgər yoldaşları, həm tanıyanlar, həm də müharibə yoldaşları gözyaşlarını saxlaya bilmir, mənə zəng edib onun necə mərdliklə, qorxmadan döyüşdüyündən danışırdılar, ondan ibarət aldığını deyirdilər”.

 

“Anar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova pərəstiş edirdi. Həmişə onun kimi fərqlənməyi, şəhid olmağı arzuladığını deyirdi. Mübarizin qisasını almağı özünə hədəf də seçmişdi. Hətta, döyüş paltarına, hamıdan fərqli olaraq, öz adını deyil, Mübariz İbarhimovun adını yazdırmışdı. Arzusuna da çatdı. Müharibə başlayanda hamıdan xəbərsiz Bakıya yola düşüb, qeydiyyatda olduğu Yasamal rayon səfərbərlik xidməti idarəsinə gedərək könüllü kimi qeydiyyatdan keçib, çağırışını gözləyib. Heç kimin də bundan xəbəri olmayıb, heç ailəsinin də. Hətta, döyüşə yollananda da bizimlə vidalaşmamışdı. Bir də döyüş zonasına çatanda fürsət tapıb bizə harada olduğu barədə xəbər etmişdi. Səbəbini soruşanda isə əsl qəhrəman kimi cavab vermişdi: “Düşündüm ki, döyüşə getməyimə razı olmazsız deyə, mən də sözünüzdən çıxmamaq üçün gedə bilmərəm. Ona görə də heç kimə xəbər etmədim. Çünki Vətəni bu dar günündə tək qoya bilməzdim. Vətəni biz də qorumasaq, kim qoruyacaq?”. Bax, oğlum belə igid idi”, - deyir İsrafil kişi.

 

Şəhidimizn atası, fəxarət hissi ilə oğlunun döyüşlərdə necə şücaət göstərməsindən danışır: “Fürsət tapdıqca, bizimlə əlaqə saxlayırdı. Düşmənə necə zərbə vurmalarından, şəhidlərimizin qisasını necə almalarından danışırdı. Həmişə də düşmənin üzərinə ən öndə gedirdi. Cəbaryıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində Anarın böyük rolu olmuşdu. Zəngilan və Cəbrayıldan düşməni necə qovmalarından sevinc hissi ilə danışırdı. Anar həm də şəhid olan döyüş yoldaşlarının cəsədlərinin düşmənin əlinə keçməməsi üçün özünü sipər edib, təhlükəsiz zonalara gətirməklə tanınırdı. Bacardıqca, bir şəhidin belə, nəşinin düşmənin əlinə keçməməsinə çalışırdı. Şəhid olan döyüş yoldaşlarının cəsədlərini çiyninə alaraq təhlükəsiz ərazilərə gətirirdi. Elə şəhidliyə gedən yolu da belə olmuşdu. Yenə şəhid yoldaşlarının cəsdələrini çiyninə alıb təhlükəsiz zonaya gətirəndə, düşmənin kor gülləsinə tuş gəlib, özü də şəhid olub”.

 

“Özündən sonra geriyə üç övladı qaldı. Üçüncü övladının heç üzünü görə bilmədi. Anar şəhid olandan bir neçə gün sonra oğlu dünyaya gəldi. Adını da elə şəhid atasının adını - Anar qoyduq. Əlbəttə ki, hər bir valideyn üçün övlad itkisi ağırdır. Amma biləndə ki, övladın Vətən yolunda dünyasını dəyişib, sözlər tükənir. Anar da başqa valideynlər, körpələr gözüyaşlı qalmasın deyə, yeni nəslə müharibə qalmasın deyə, Vətən uğrunda şəhid oldu. Özü də deyirdi ki, “Vətəni dar günündə tək qoymq şərəfimə sığmaz”. Məhz Vətəni dar günündə tək qoymağı şərəfinə sığdıra bilmədiyi üçün qisməti də şərəfli ölüm oldu. Allah Anara da, digər şəhidlərə də rəhmət eləsin, qazilərə şəfa versin. Vətən sağ olsun!”, - şəhid atası vüqarla vurğulayır.

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      22 Noyabr 2020 19:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin