Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı təkrarolunmaz şəhərlərdən birinə çevirəcək – Qayıq sürməyi öyrənək

Bakı təkrarolunmaz şəhərlərdən birinə çevirəcək –         Qayıq sürməyi öyrənək

Heç kim məsuliyyəti üstlənmir və məmurların sözlərindən bir yığın ritorik sual yaranır

 

Bakıya məşhur bir Avropa şəhəri görünüşü verəcək yeni bir meqa layihə planlaşdırılır. Bu fikri reallığa çevirmək üçün ekoloji cəhətdən təmiz nəqliyyat - qondolaların (qayıq) alınması planlaşdırılır. Layihə şəhərin mərkəzində kanalların çəkilməsində böyük təcrübəyə sahib olan italyanlarla əməkdaşlıqda həyata keçiriləcək. Gələcəkdə bu layihə şəhər sakinlərinin tıxac və avtobuslardakı sıxlıqdan qurtulmasını təmin edəcək. Qondola sürmək üçün sürücülük kurslarını bitirmək istəyənlər Su Nəqliyyatında Polisi İdarəsinə müraciət edə bilərlər...

 

Əlbəttə, bu yazılanlar doğru deyil və konkret desək, tamamilə yalandır. Həqiqətən, ilin müəyyən aylarında, Bakı küçələri uzun müddət yalnız qondolalarla hərəkət edə biləcəyiniz Avropa şəhərlərinə bənzəyir. Məşhur gülüş ustası Mixail Zadornov postsovet məkanında populyarlaşan bir ifadə söyləmişdi: “Dekabr ayında hava qəflətən soyudu”. Sanki komediya ustası bu sözləri təkcə Rusiyaya deyil, Azərbaycana, xüsusən də Bakıya münasibətdə söyləyib. Belə görünür ki Bakı şəhəri qardaşlaşmış Venesiyaya, küçələrdəki suyun miqdarına görə uduzmamaq qərarına gəlib.

 

Bakıda hər dəfə güclü yağışlar zamanı küçələri su basır ki, bu da sakinlər üçün çoxsaylı problemlər yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı Hacıbala Abutalıbov bu məsələ ilə bağlı tənqidlərə cavab olaraq kameralar qarşısına elə bir fağır sifətlə çıxırdı ki, bəzən jurnalistlər bu yazıq sifəti alan adamı kəskin sualları ilə divara qısnamaq fikrindən vaz keçirdilər. O zaman müxtəlif səviyyələrdə hamı, şəhərin bir gecədə gölə çevrildiyi üçün yağış kollektorlarını asfaltlamaq əmrini verənin Abutalıbovun olduğunu iddia edirdi.

Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı

Göründüyü kimi, Bakının hazırkı rəhbərliyi də eyni fikirdədir. Və bu mövqe onlara sərf edir. Əks təqdirdə, Abutalıbovun dincəlməyə göndərilməsindən, təxminən iki il keçməsinə baxmayaraq, yaxşılığa doğru heç nəyin dəyişmədiyini necə izah etmək olar? Bu iki il ərzində asfaltın sökülməsi və kollektorların normal fəaliyyətinin təmin edilməsi, həqiqətən çətin və ya qeyri-mümkün iş idimi?

 

BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynovun AYNA-ya dediyinə görə, həqiqətən də şəhərdə bir çox yağış su kanalizasiya sisteminin üzü asfaltlanıb. Ancaq mətbuat katibi dedi ki, onlar bu məsələ ilə məşğul deyillər: “Bu sahəyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və “Azərsu” ASC cavabdehdir”.

 

Məmurlarımızın məsuliyyətdən yayınmağa meylli olduqlarını bildiyimiz üçün, məsul strukturların heç birinin günahlarını boynuna almayacağına əmin idik. Lakin buna baxmayaraq, AYNA bu yolu sona qədər getməyi qət etdi.

Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb | Report.az

“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı nəinki BŞİH rəsmisinin açıqlamasını təkzib etdi, üstəlik, bu problemin tamamilə başqa bir səbəbinin olduğunu söylədi: “Bakıda artıq asfaltlanmış yağış suyu drenaj kollektorları yoxdur. Hamısını təmizləmişik. Sadəcə Bakıda belə kollektorlar çox azdır. Bakının bəzi rayonlarında ümumiyyətlə yağış suyunun kollektoru sistemi yoxdur. Bu məsələlərlə məşğul olmaq “Azərsu”nun səlahiyyətində deyil”.

 

“Bəs, bu məsələ ilə hansı qurum məşğul olur” sualımıza Cəbrayıll belə cavab verdi: “Ölkə qanunvericiliyində bu suala cavab yoxdur”.

Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçdi »  Newscenter.az

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə nə Mətin Hüseynovun, nə də Anar Cəbrayıllının açıqlamaları ilə razılaşır: “Yolların tikintisi zamanı özümüz kifayət qədər səmərəli işləyən yağış suları drenaj kollektorları tikirik”.

 

Həm “Azərsu”, həm də AAYDA-nın inkar cavabları ilə silahlanan əməkdaşımız yenidən Mətin Hüseynova müraciət etdi. Lakin BŞİH-in mətbuat xidmətinin rəhbəri sözündən dönmədi, İcra Hakimiyyətinin yağış suyu drenaj kollektorlarının işi ilə heç bir əlaqəsi olmadığını təkrarladı: “Biz yalnız küçələrinin su basması ilə bağlı “Azərsu”ya gələn siqnalları göndəririk”.

 

Bir sözlə, dairə tamamlandı. Azərbaycanda adət olunduğu kimi, mövcud problemdən kimsə cavabdeh deyil. Ancaq yuxarıda göstərilən məmurların sözlərindən ritorik səslənən, bir yığın sual yaranır. Nəticəni özünüz çıxarın.

 

Maraqlıdır ki, A.Cəbrayıllının iddia etdiyi kimi, qanunvericilikdə yağış kollektorlarının qurulması və normal istismarına cavabdeh olan qurum göstərilməyibsə, niyə AAYDA təmsilçisi yolların çəkilişi zamanı eyni kollektorları özləri inşa etdiklərini söyləyir, “Azərsu” isə onları təmizlədiyini iddia edir? Kanalizasiya sistemimizin yiyəsi yoxdursa, niyə həyət evlərinin sakinləri kanalizasiya xəttinə qoşulmağa çalışarkən, dərhal iki-üç dövlət qurumunun nümayəndələri meydana çıxıb “icazə” tələb edirlər? Qanuna görə, heç kim buna görə məsuliyyət daşımırsa, kimdən almaq lazımdır bu icazəni?

 

Növbəti sual isə BŞİH-ə ünvanlanır: İcra Hakimiyyətinin yağış suyu drenaj kollektorlarının işi ilə heç bir əlaqəsi yoxdursa, paytaxtın ən böyük problemlərindən birinin həllinə məsuliyyət daşımırlarsa, o zaman nəyə cavabdehsiniz - ancaq insanların evlərindən köçürülərək, kimin üçünsə gəlirli olan pilot layihələrin icrasına?

 

Vəziyyə belə davam edərsə, məqalənin əvvəlində uydurulmuş zarafatın həqiqətən gerçəkləşəcəyi gün uzaqda deyil. Beləliklə, hamımız birlikdə qondola sürmək bacarığını öyrənməyə başlayaq...

Müəllif: Rəşad Rüstəmov      22 Noyabr 2020 15:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin