Əsas səhifə Haqqımızda Xəbər lenti

“Məcburi köçkünlər mənzilləri dövlətə qaytarmalı olacaqlar” – QMKİDK

“Məcburi köçkünlər mənzilləri dövlətə qaytarmalı olacaqlar” –                 QMKİDK

Təklif: Köçkünlər yurd-yuvalarına qayıtdıqdan sonra, boş qalacaq mənzillər şəhidlərə və qazilərə verilsin

 

Azərbaycan Ordusunun Qarabağdakı qələbəsi məcburi köçkünlərin çoxunun probleminin həllinə şərait yaratdı. Ordumuzun qələbəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər və Şuşa sakinləri evlərinə qayıda biləcəklər.

 

Xatırladaq ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də yataqxanalarda və ya qohumlarının yanında yaşayır. Bəzi məcburi köçkünlər qanunsuz olaraq ələ keçirilən mənzillərdə məskunlaşıblar. Qanuni sahiblərin bu mənzillərin geri qaytarılmasını təmin etmək üçün təkrar cəhdləri, bir qayda olaraq, uğursuzluqla nəticələnirdi.

 

Dövlət məcburi köçkünlərə normal yaşayış şəraiti yaratmaq üçün addımlar atıb. Məcburi köçkünlər üçün yüzdən çox qəsəbə yaradılıb ki, bu binalarda 315 min nəfər məskunlaşıb. Təxminən, 500 min nəfər məcburi köçkün mənzil almaq üçün növbədə dayanmışdı.

 

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra səlahiyyətlilər məcburi köçkünlərin bölgələrinə qayıtmasının könüllü olaraq həyata keçiriləcəyini elan etdilər. Aydındır ki, bütün məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmaq niyyətində deyil. Azərbaycan torpaqlarının işğalı zamanı Azərbaycanın bütün bölgələrində yaşayan bəzi məcburi köçkünlər öz işlərini qura biliblər. Bəziləri təhsil alıb, yüksək maaşlı iş tapıblar.

 

Aydındır ki, xüsusi tikilmiş şəhərciklərdə məskunlaşanlar evlərinə qayıtmalıdırlar, çünki bu mənzillər onlara yalnız statuslarına görə verilmişdi. Bir sual bizə maraqlı gəldi: Doğma yurdlarına qayıtmaqdan imtina edən məcburi köçkünlərin mənzilləri necə olacaq? Üstəlik, məcburi köçkünlərin qanunsuz yerləşdikləri mənzillər qanuni sahiblərinə qaytarılacaqmı? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) bildirildi ki, məcburi köçkünlər üçün inşa olunan bütün mənzillər dövlətə məxsusdur: “Doğma yurdlarına qayıtmaqdan imtina edənlər bu mənzilləri qaytarmalı olacaqlar. Çünki bu mənzil məcburi köçkünlər kimi onlara müvəqqəti olaraq verilib”.

 

Təəssüf ki, məcburi köçkünlər tərəfindən ələ keçirilən mənzillərin geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı sualımız cavabsız qaldı. Dövlət Komitəsinin əməkdaşları “bu barədə heç bir şey bilmirik” cavabını verdilər.

 

Bu vəziyyətdə əhali başqa bir vacib sual ilə maraqlanır: Məcburi köçkünlərin qayıtmasından sonra 100-dən çox qəsəbədə və şəhərcikdə tikiləmiş mənzillərin aqibəti necə olacaq? Öz tərəfimizdən bu məsələyə ən ədalətli həll yolunu təklif etmək istəyirik.

 

Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə bir çox vətən oğulları şəhid oldular və ya yaralanaraq ömürlük əlil oldular. Söhbət təkcə Qarabağ uğrunda son müharibədən getmir, birinci müharibənin bir çox iştirakçısı da mənzil problemini həll edə bilməyib.

 

Bu gün dövlət özəl şirkətlərdən mənzil alır, sonradan həmin evlər şəhid ailələrinə və müharibə əlillərinə verilir. Yeni mənzillər almağa pul xərcləmək əvəzinə hər iki Qarabağ müharibəsinin iştirakçılarına, vaxtilə məcburi köçkünlər üçün tikilmiş və onlar geri qayıtdıqdan sonra boş qalacaq mənzilləri vermək yaxşı olmazdımı? Axı, vətənin igid oğulları bu hüququ qanları ilə qazanıblar və onların buna layiq olduqlarını düşünürük.

Müəllif: Rəşad Rüstəmov      20 Noyabr 2020 19:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin