Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputat: “Ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək istəyirlər”

Deputat: “Ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək istəyirlər”

“Putin mesaj verdi ki, Ermənistan rəhbərliyinin belə bir addım atması hərbi əməliyyatların yenidən başlaması anlamına gələr” – Elman Nəsirov

 

Rusiya Prezidenti Vladimir Putin noyabrın 17-də “Rossiya-24” kanalına müsahibə verib. Dağlıq Qarabağda baş verənlərdən danışan Kreml rəhbəri xatırladın ki, hətta, Ermənistanın özü qondarma “DQR”-in “müstəqilliyini” tanımır: “Bu, beynəlxalq hüquq baxımından nə anlama gəlir? Bu, o deməkdir ki, Azərbaycan özünə məxsus olan torpaqları qaytarır, bütün dünya ictimaiyyəti də bu torpaqları Azərbaycan ərazisi hesab edir”.

 

Bundan başqa, jurnalistin “Bəs, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərmi” sualına cavab olaraq Putin Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıdığını, Krımın isə özmüqəddarıtını qəbul etdiyini bildirib. Və siyasi müşahidəçilər bu mesajı təhlükə ehtimalı kimi dəyərləndiriblər ki, Moskva Bakıya xəbərdarlıq edir: “Hərbçilərimizə bir şey olsa, Azərbaycana da bu problemi yarada bilərik”.

 

Rusiya rəhbərinin açıqlamalarını AYNA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov isə Putinin mövqeyində heç bir təhlükəli element görmür: “Vladimir Putinin müsahibəsi vacib məqamlarla yadda qaldı. Xüsusilə onun səsləndirdiyi bir sıra fikirlər indiki şəraitdə bizim üçün mühüm məna və əhəmiyyət kəsb edir. Birincisi, Rusiya Prezidenti Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğuladı. Bu, çox önəmli bir mesaj idi. Məsələ ondan ibarətdir ki, Ermənistanda daxili situasiya noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından, yəni, Ermənistanın faktiki olaraq kapitulyasiyaya imza atmasından sonra xeyli gərginləşib. Bu gün Ermənistanda revanşist qüvvələr ilk növbədə Paşinyanın istefasını tələb edirlər”.

Elman Nəsirov: “YAP-ın heç bir deputatı təlimat alıb çıxış etmir” -  MÜSAHİBƏ - modern.az

“İkincisi, həmin qüvvələr ölkədə müvəqqəti hökumətin yaranmasını hədəf seçiblər. Üçüncüsü isə, bütün bunlar baş tutacağı təqdirdə, onlar erkən parlament seçkilərini həyata keçirmək istəyirlər. Bütün bu proseslərin sonunda da Paşinyanın imzaladığı həmin üçtərəfli sənədin ləğvinə nail olmaq və onu qüvvədən salmaq istəyirlər. Başqa sözlə desək, yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək istəyirlər. Bu reallıqları nəzərə alanda, Vldamir Putinin səsləndirdiyi fikirlər çox böyük məna kəsb edir”, - deputat bildirib.

 

Bu mənada Nəsirov hesab edir ki, sözügedən müsahibə Ermənistanın istər indiki hakimiyyətində olan qüvvələr, istərsə də hakimiyyətə gəlmək üçün can atan qüvvələr üçün çox ciddi siqnal kimi qəbul edilə bilər: “Məhz bu fikirlərin məntiqi davamı olaraq da Vladimir Putin Ermənistanın razılaşmadan imtina etməsini onların siyasi intiharına səbəb ola biləcəyini, bunun da Ermənistan üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini vurğuladı. Başqa sözlə desək, Putin mesaj verdi ki, Ermənistan rəhbərliyinin belə bir addım atması hərbi əməliyyatların yenidən başlaması anlamına gələr ki, bunun da Ermənistan üçün nə qədər dəhşətli və fəlakətli olacağını proqnazlaşdırmağın çətin deyil”.

 

Müsahibimiz, Putinin məlum proseslərdə Türkiyənin roluna toxunmasının vacibliyindən də danışıb: “Rusiya Prezidenti Türkiyə haqqında danışarkən bildirdi ki, kimin necə düşünməsindən asılı olmayaraq, regionda sülhün və təhlükəsizliyin təminatında Türkiyə ilə əməkdaşlığa yüksək qiymət verir. Təbii ki, bu da çox önəmli məsələlərdən biridir”.

 

Putinin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına verdiyi cavaba gəldikdə, deputat bunu istisna edir: “Rusiya Prezidenti qeyd elədi ki, ölkəsi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb, həmçinin Krıma münasibətdə də anoloji addım atıb. Lakin Putin fikrinin sonunda Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir addım atılmadığını, hətta Ermənistanın belə, qondarma rejimin müstəqilliyini tanımadığını vurğuladı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi yeganə münaqişə idi ki, üç həmsədr dövlət eyni mövqedən çıxış edirdi. Yəni, hər üçü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və status-kvonun dəyişilməsinin vacibliyini vurğulayırdı. Digər münaqişələrə münasibətdə isə bu üç dövlət nəinki ortaq mövqedən çıxış edirdi, əksinə bir-birinə qarşı antaqonist mövqedə dayanırdı”.

 

“Ona görə də hesab edirəm ki, Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulamasından sonra, onun kimi kifayət qədər nüfuzlu və təcrübəli siyasətçi və dövlət xadiminin bu fikirləri sonradan inkar edəcək addımlar atması məntiqsiz olar. Həm də bu gün Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsi də bunu deməyə əsas verir. Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələri kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdəndir”, - Nəsirov vurğulayıb.

 

O, Prezident İlham Əliyevin açıqlamasına da diqqət çəkib: “Cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişənin bundan sonraki taleyinin tənzimlənməsi və sülh prosesinin bundan sonra həyata keçirilməsi prosesində rəsmi Moskva və rəsmi Ankara əməkdaşlığının yeni formatı formalaşır. Düzdür, bu əməkdaşlıq digər formatlarda da var, amma məlum münaqişənin həlli ilə bağlı artıq hər iki dövlətin əməkdaşlığının yeni və ciddi formatı yaranmaqdadır. Regionda sülhün və təhlükəsizliyin təminatında təkcə Rusiya deyil, ilk dəfə olaraq Türkiyənin fəal iştirakı da reallaşmaqdadır. Putin də həmin müsahibəsində dəfələrlə qeyd elədi ki, burada heç bir qəbahət yoxdur, çünki Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olaraq buna haqqı çatır”.

Müəllif: Mərahim Nəsib      20 Noyabr 2020 15:05
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin