Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsilimizdə məcburi yenilik: Reallığı düzgün dəyərləndirsək, uduşlu çıxa bilərik

Təhsilimizdə məcburi yenilik: Reallığı düzgün dəyərləndirsək, uduşlu çıxa bilərik

“Adaptasiya prosesini keçdikdən sonra, gələn yarımildə daha maraqlı, məzmunlu, adekvat dərslər keçirilməsi mümkün olacaq

 

Yaxşı bilirik ki, bir insan harada olursa olsun, bir ayağı çöldə - gedər vəziyyətdədirsə, dayandığı yerdə olduğu müddətcə nə həmin yerə isinişəndir, nə də orada kök salan. Deyəsən, indi bizim distant təhsildəki vəziyyətimiz də tam bu cürdür. Məcburiyyətdən qəbul eləsək də, məniməsək fikrimiz yoxdur.

 

COVID-19 pandemiyası olmasaydı, bəlkə də biz hələ bir neçə il sonra da distant təhsil nədir, necə olur, bilməzdik. İndi ki, pandemiyadır, ölkəmizdə də karantin rejimi tətbiq olunur və təhsil müəssisələri bağlıdır, təhsil sahəsində olan hər kəs məcburdur ki, işini onlayn qaydada həyata keçirsin. Lakin biz ki distant təhsilin ölkəmizdə tətbiq olunacağına hələ yaxın bir neçə ildə inamla yanaşmırdıq, buna görə məcburən keçid etməli olduğumuz bu formaya hələ də adaptasiya ola bilməmişik.

 

Hətta distant təhsilə keçdikdən sonra ilk vaxtlarda, bəlkə də hər kəs daxilən bu vəziyyətin tez bir zamanda bitəcəyinə ümidli idi. Çox adam düşünürdü ki, yayda virus məhv olacaq, ən azından növbəti tədris ilinə ənənəvi qaydada başlayacağıq. Mart ayından bu yana kifayət qədər vaxt keçib, lakin ola bilsin, elə buna görədir ki, məcburiyyətdən, təcili olaraq keçdiyimiz distant təhsildə hələ də qərarlaşa bilməmişik. Sanki bütün təhsil işçilərində də, təhsil alanlarda da hər dərs günündə “bəlkə də bu sonuncu onlayn dərs günümüzdür, sabahdan ani bir qərarla pandemiya bitdi, təhsil ocaqlarınıza qayıdın deyəcəklər” deyə bir ümid var.

 

Təki ümidli olaq, amma ümidimiz reallaşanacan mövcud vəziyyətdən də, təhsil sistemindən də faydalana bilərik, axı. Bəli, elə faktiki olaraq kifayət qədər faydalananlar da var. Bunlar arasında müxtəlif məktəb, orta və ali təhsil müəsisələri, müəllim və təhsilalanlar var. Onlardan biri də AYNA-nın bugünkü həmsöhbəti, Bakı Dövlət Universitetinin (BDU) dosenti Vəfa İsgəndərovadır.

 

Müəllimlə söhbətimizə, elə ilk olaraq distant təhsilin nə olduğuna aydınlıq gətirməklə başladıq. Deyir ki, distant təhsil öyrədənlə öyrənən arasında onlayn təhsil prosesinin həyata keçirilməsidir: “Onu müxtəlif cür adlandırmaq mümkündür: “evdən tədris”, “elektron öyrənmə”, “onlayn təhsil”, “müstəqil təhsil”, “uzaqdan idarə olunan təhsil” və s. Burada bilik və bacarıqların əldə olunması prosesi müxtəlif texnoloji vasitələr və üslublarla həyata keçirilir. Distant təhsildə əsas prinsip çap və ya elektron formada olan vəsaitlərdən istifadə edilərək məlumatların elektron formada ötürülməsidir. Beləliklə təhsil prosesində müəllim tələbə və ya şagirdlərə müxtəlif proqramlar vasitəsilə materialları göndərir, onlar da öz növbəsində tapşırıqları həll edərək, müəllimə elektron formada təqdim edirlər”. 

No description available.

İsgəndərova qeyd edir ki, Qərb ölkələrində distant təhsil çoxdan tətbiq olunur və top onluğa daxil olan, məşhur universitetlərdə kifayət qədər uğurla həyata keçirilir: “Bizdə isə hələ yeni-yeni bu istiqamətdə addımlar atıldığından çətinliklərin olması normal haldır. Biz Azərbaycanda distant təhsili pandemiya dövründən sonra reallaşdırmağa başladıq. İlkin addımlar atdığımıza görə kifayət qədər təcrübəmizin olmadığının, elə də uğurlu nəticəyə çatmadığımızın şahidi oluruq. Bunun da bir neçə səbəbi var. Əvvəla, internet və texniki baxımdan təminat kifayət qədər deyil. Güclü internet olmadan distant təhsili həyata keçirmək mümkün deyil. Eyni zamanda, istər orta, istərsə də ali məktəblərdə dərs deyən bəzi müəllimlərin kifayət qədər texniki biliklərinin olmaması da burada ciddi rol oynayır”.

 

“Bizdə, əsasən “Microsoft Teams”, “ZOOM” proqramlarından istifadə olunur. Həmin proqramalara müəllimlərimiz bir qədər gec adaptasiya oldular. Digər problem sosial izolyasiya məsələsidir. Bəzi tələbə və müəllimlər canlı ünsiyyətə üstünlük verirlər və buna görə də sosial izolyasiyada öz fikirlərini yaxşı ifadə edə bilmirlər. Baxmayaraq ki, biz aprel ayından distant təhsili həyata keçirməyə çalışırıq, amma adaptasiya məsələsi yenə də problemdir. Müşahidə etdikdə görürük ki, istər müəllimlər, istərsə də təhsilalanlar distant təhsilə hələ də tam öyrəşə bilməyiblər”, - müsahibimiz danışır.

 

Onlayn dərslərə laqeyd yanaşma hallarına toxunan müəllim, bunu bir qədər də vicdan işi hesab edir: “Şəxsi müşahidələrimdə bəzi müəllimlərin dərsə gecikmək məsələsinə önəm vermədiyinin şahidi oluram. Dərsə məsuliyyətli yanaşmamaq məsələsi da orta məktəblərdə müşahidə edilən haldır. Özüm bununla bağlı bir neçə təhsil işçisi ilə həmsöhbət olmuşam. Bu cür məsuliyyətsizliklərə yol verilməməsi üçün, bildiyim qədər, Sumqayıt şəhərinin təhsil şöbəsində nəzarət qrupu yardılıb. Müəllimlərin dərslərinə daxil olur, nəzarət edirlər. Mən hesab edirəm ki, bu, vicdan məsələsinə bağlıdır. Necə ki ənənəvi təhsildə təhsilalanlarla müəllimlər özlərini məsuliyyətli aparırdılar, indi də bir o qədər məsuliyyətli aparmalıdırlar. Məsuliyyətli olan üçün fərqi yoxdur, dərs onlayndır, yoxsa oflayn. Bəzən müəllimlərdə dərsə gecikmə, dərsi tez bitirmə halları müşahidə olunur. Lakin anlamalıyıq ki, dərs dərsdir”.

 

Təhsilalanlar arasında distant təhsildən sui-istifadə edənlərin olması da heç kəsə sirr deyil. Eyni zamanda, onlayn dərslərdə müxtəlif texniki imkanlardan faydalanaraq köçürmə hallarına yol verənlər də var. Müəllimlər arasında dərsə gecikən, dərsi tez bitirənlər olduğu kimi, təhsilalanlar arasında istifadə etdiyi qurğunu dərsə qoşub, özü iştirak etməyənlər var. Dosent bu halları da təhsil sahəsindəkilərin hələ distant təhsilə adaptasiya ola bilməməsi ilə əlaqələndirir: “Psixoloji adaptasiya məsələləri bizdə problem olaraq qalır. Onlayn təhsildə müəyyən qədər müəllimi aldatma halları da olur. Məsələn, tələbə dərsə qoşulur, onlayn olduğu görünür, amma dərsi dinləmir, başqa yerdə olur. Və yaxud da imtahanda onlayn vasitələrdən istifadə edərək köçürmə halları olur. Digər neqativ hallardan biri də təhsilalanların motivasiyasının olmamasıdır. Motivasiyanın yerində olması distant təhsildə də çox önəmlidir. Psixoloji amillərdən danışmışkən, bəzi kiçik evlərdə ailə üzvlərinin yanında dərsə daxil olanların yaşadığı sıxıntılı vəziyyəti də qeyd etmək lazımdır. Həmin təhsilalanlar arasında yaxınlarının yanında özünü rahat ifadə edə bilməyən, sıxılan, bu baryeri aşmağı hələ bacarmayanlar da var. Təbii ki, bu cür kiçik nüanslar da distant təhsildə narahatedici hal kimi özünü biruzə verir”. 

 

“Onu da vurğulamaq istəyirəm ki, mən ADA Universitetinin “Akademik araşdırma metodları” adlı təlimində iştirak eləmişdim və bunun nəticəsində biz sorğu keçirmişdik. Sorğunun mövzusu distant təhsil və onun problemləri ilə bağlı idi. Sorğu nəticəsində biz distant təhsilin müsbət tərəflərini də müəyyən etmişdik. İlk avantaj odur ki, biz burada zaman uduruq. Ənənəvi təhsildə dərsi dinləmək üçün uzun məsafələr qət etməli oluruq, bu da əlavə zaman sərfidir. İkincisi isə, maliyyə məsələsində qənaət etmiş oluruq. Ənənəvi təhsildə yolhaqqı, qidalanma üçün də əlavə daha çox vəsait istifadə edirik. Eyni zamanda, tələbələr ənənəvi tədrisdə kollokvium, fərdi işləri çap variantında təqdim edirlər. Bunun üçün də vəsait tələb olunur. Hazırda isə distant təhsildə bunları elektron formada həyata keçiririk. Digər müsbət amil distant təhsildə müəllimlə tələbə arasında kifayət qədər individual olaraq əlaqə qurmaq şansının olmasıdır. Ənənəvi təhsildə tələbə sualını hansısa müəllimə ünvanlamaq, məsləhətləşmək üçün onun kafedrasına getməli, bir çox hallarda gözləməli olur. Lakin onlayn təhsildə tələbənin müəllimə sualını ünvanlamaq üçün elektron olaraq məktub yazmağı kifayət edir. Bir sözlə, distant təhsildə öyrədənlə öyrənən arasında kifayət qədər yüksək səviyyədə individual əlaqə qurmaq mümkündür”, - İsgəndərova vurğulayır.

No description available.

Distant təhsildə kifayət qədər problemli məsələlərin olduğu bu halda təhsilalanlara güzəştlərin edilməsi ilə bağlı sualımızı cavablayan müsahibimizin fikrincə, güzəştdənsə, yeni metodlar tapmaq, dərslərin keyfiyyətini yüksəltmək daha məqsəduyğundur: “Mən hesab edirəm ki, onlayn təhsildə kifayət qədər güzəşt olunub. Orta məktəblərdə distant dərslərin müddəti azaldılıb. Ənənəvi dərslərdə 45 dəqiqə idisə, distant təhsildə bu müddət 30 dəqiqəyə endirilib. Dərs arasında kifayət qədər uzun fasilələr olur. Eyni zamanda, qiymətləndirmədə də güzəştlər oldu. Birinci yarımilə aid qiymətlər ikinci yarımilliyə də şamil olundu. BDU-da tələbələrin giriş balı 50 balla qiymətləndirildi. Bu, kifayət qədər böyük güzəştdir. Mən hesab edirəm ki, təhsilalanlara güzəştləri artırmaqdansa, yeni tətbiqlər, yanaşmalar müəyyən etmək doğru olar. Bu zaman təhsilalanlara biliyin verilməsi adekvat, məzmunlu olar, həm də onların qiymətləndirilməsi şəffaf olar”.

 

Müəllim zamanın idarə olunması ilə bağlı məsələyə də diqqət çəkir: “Zamanın düzgün idarə olunmaması ciddi problemlərdəndir. Bu baxımdan özüm də dərs dediyim “Microsoft Teams” proqramını çox bəyənirəm. Orada cədvəllərin qurulması, vaxtın müəyyən olunması mümkündür. Sadəcə cədvəli müəyyənləşdirmək, digər dərslərlə uyğunlaşdırmaq tədris prosesində iştirak edən mütəxəssislər üçün ilk vaxtlar daha çox çətinlik törədirdi. İndiki halda hesab edirəm ki, bu adaptasiya prosesini keçdikdən sonra gələn yarımildə daha maraqlı, məzmunlu, adekvat dərslər keçiriləcək və tələbələr, müəllimlər bir birindən faydalanacaqlar”.

 

“Var gücümüzlə müxtəlif texniki imkanlardan istifadə edərək tələbələrə, şagirdlərə biliyimizi ötürməyə çalışmalıyıq. Bunun üçün kifayət qədər texniki imkanlar, üslublar var. Mən təklif edirəm, müəllimlərə çoxlu təlimlər keçirilsin. Təbii ki, yaxşı nəticə əldə etmək üçün zaman lazımdır. Biz hələ bir il deyil ki, distant təhsilə keçmişik. Bu zaman çərçivəsində müəyyən vərdişlər qazanmış, inkişaf etdirmişik. Amma biz hələ də yüksək səviyyədə onlayn təhsil reallaşdırılmasından danışa bilmərik”, - deyə dosent fikrini yekunlaşdırır.

Müəllif: Aləmdə Nəsib      19 Noyabr 2020 19:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin