Əsas səhifə Haqqımızda Xəbər lenti

“Dağlıq Qarabağ Azərbaycanın qanunları ilə idarə olunacaq” – DEPUTAT

“Dağlıq Qarabağ Azərbaycanın qanunları ilə idarə olunacaq” –       DEPUTAT

Elşad Mirbəşiroğlu: “Yaxın zamanda işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdırılması prosesinə başlanacaq”

 

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respubikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Prezident və Birinci vitse-prezident səfər zamanı azad edilmiş ərazilərdə görüləcək işlərin icrasının gedişi ilə tanış olublar.

 

Səfər zamanı çıxış edən ölkə başçısı bildirib ki, Ermənistan 30 il ərzində müxtəlif uydurmalar ortalığa atırdı: “Həm Ermənistan rəhbərliyi, həm onların havadarları, həm ermənipərəst qüvvələr, həm azərbaycanofob qüvvələr tərəfindən ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı isə döyüşə bilmir. Məhv etmişik bu uydurmanı. Göstərmişik, kim döyüşkən xalqdır, göstərmişik, kim müzəffər xalqdır”.

 

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”, - deyə Prezident Dağlıq Qarabağın status məsələsinə toxunarkən bildirib.

 

“Biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə, soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs, hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta “qəhrəman” ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Biz sizi məğlub etmişik, Paşinyan heç kimdir. Sizi - Koçaryan və Sarqsyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”, - deyə Ali Baş Komandan söyləyib.

 

Üçtərəfli Qarabağ razılaşması fonunda, dövlət rəhbərinin fikrilərini AYNA-ya şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın Azərbaycanın tarixi, şanlı və hərbi qələbəsinin siyasi ifadəsi oldunu bildirib: “Həm də imzalanmış həmin sənəd Azərbaycanın maraqlarına tam cavab verir. Sənədin imzalanmasından sonra düşmən Ermənistanda hakimiyyət daxilində dərin xaos başladı. Elə bunun özü sənədin Azərbaycanın maarqlarına nə dərəcədə yaxından cavab verdiyinin əyani göstəricisi idi. Hazırda ermənilər hakimiyyətə üsyan edir, Paşinyanı xəyanətdə ittiham edir və onun istefasını tələb edirlər. Çünki ermənilər həmin sənədin imzalanamasını Ermənistan üçün kapitulyasiya hesab edirlər. Təbii ki, bunları xatırlatmaqda məqsədim diqqəti bir daha imzalanmış sənədin Azərbaycanın maraqlarına tam cavab verdiyinə çəkməkdir”.

Prezidentdən Elşad Mirbəşir oğlu ilə bağlı SƏRƏNCAM - Unikal.org

“Sənəddə yer alan ən vacib bəndlərdən biri də odur ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycan olaraq göstərilir. Yəni, sənəddə qondarma rejimlə bağlı heç bir bənd yer almayıb. Təbii ki, bu, hər şeydən əvvəl elə Ermənistanın işğalçı tərəf olduğunun göstəricisidir. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Deməli, münaqişənin tərəflərindən biri Ermənistandırsa, işğalı həyata keçirən tərəf də Ermənistandır. Bunun da imzalanmış birgə bəyanatda öz ifadəsini tapması çox vacib bir məqamdır. Bundan əlavə, sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir bənd yer almayıb. Belə olan halda isə, reallıq ondan ibarətdir ki, həmin ərazilər Azərbaycanın digər əraziləri kimi statusa malikdir və Azərbaycanın qanunları ilə idarə olunacaq. Azərbaycan tərəfi vaxtı ilə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin bundan sonra da Azərbaycan qanunlarına tabe olaraq və separatçı meyillərdən tam uzaq duraraq yaşamasının mümkünlüyün qeyd edib. Azərbaycan bunun üçün təhlükəsizlik şəraitini təmin edəcəyini də vurğulayıb. Reallıq məhz bundan ibartədir”, - deputat vurğulayıb.

 

O, Dağlıq Qarabağa yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə də toxunub: “Dağlıq Qarabağa yerləşdirilmiş sülhməramlılar əldə edilmiş razılaşmanın şərtlərinə əməl olunmasına xidmət edəcək. Bu şərtlər də Azərbaycanın irəli sürdüyü şərtlərdir. Təcavüzkar Ermənistanın işğalçı qoşunları, məhz müəyyənləşdirilmiş qrafik üzrə Azərbaycan torpaqlarından geri çəkiləcək, Azərbaycan özünün dövlət sərhədlərinə nəzarəti tam ələ alacaq və sual yaradan hər hansı məqam qalmayacaq”.

 

Mirbəşioğlu işğaldan azad edilmiş ərazilərə əhalinin və dövlət strukturlarının köçürülmə prosesindən danışıb: “Oktyabr ayının 29-da Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə xüsusi idarəetmənin təşkili haqqında xüsusi sərəncəm imzaladı. Həmin sərəncamın imzalanması ona dəlalət edir ki, ən qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə idarəetmə sisteminin yaradılması, infrastruktur quruculuğunun həyata keçirilməsi üçün konkret addımların atılmasına başlanılacaq”.

 

“Ayrıca olaraq vurğulamaq lazımdır ki, Azərbaycan tərəfi həm də beynəlxalq ekspertlərin yaxından iştirakı ilə, Azərbaycana dəymiş zərərin hesablanması istiqamətində işlər aparır. Yəni, həm də düşmən tərəfin ölkəmizə vurmuş olduğu zərərin ödənilməsi ilə bağlı proseslər başlayacaq və beynəlxalq müstəvidə bu məsələlər qaldırılacaq. Paralel olaraq işğaldan azad edilmiş ərazilərimizdə əhalinin məskunlaşdırılması prosesinə də start veriləcək”, - müsahibimiz qeyd edib.

 

Deputatın sözlərinə görə, bunun üçün hər şeydən əvvəl bir sıra vacib məsələlərin həll olunması lazımdır: “Belə ki, ilk olaraq əhalinin ərazidə təhlükəsiz yaşamını təmin etmək üçün həmin ərazilərin minalardan təmizlənməsi lazımdır. Bu istiqamətdə də ölkəmiz tərəfindən zəruri addımlar atılır və bundan sonra da atılacaq. Onun ardınca isə infrastuktur quruculuğu, yaşayış üçün şəraitin təmin olunması istiqamətində fəaliyyət planı həyata keçiriləcək. Hesab edirəm ki, yaxn zamanlarda əhalini məskunlaşdırmaq və bu istiqamətdə bütün zəruri addımların atılması üçün Azərbaycanın kifayət qədər resursları mövcuddur və yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat bütün əlamətləri ilə geri qayıdacaq. Biz də həm dünyaya, həm də təcavüzkar Ermənistana həmin ərazilərdə yüksək dərəcədə həyat şəraiti qurcağımızın mümkünlüyünü nümayiş etdirəcəyik”.

Müəllif: Mərahim Nəsib      19 Noyabr 2020 13:32
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin