Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19 ilə adi qripi necə fərqləndirməli – Fikirlər fərqlidir

COVID-19 ilə adi qripi necə fərqləndirməli –       Fikirlər fərqlidir

İnfeksionist: “Biri yuxarı tənəffüs yolları ilə qidalanır, digəri isə aşağı tənəffüs yollarına meyllənir”

 

Terapevt: “Biz Azərbaycanda hələ qrip diaqnozunu çətin qoya bilirik”

 

Havalar soyuduqdan sonra insanlar arasında soyuqdəymə, qrip əlamətlərindən şikayətlənənlərin sayı da artmaqdadır. Bir çox insan qrip və ya sadəcə soyuqdəymə olduğunu düşünüb sağalacağını gözləsə də, sonunda COVID-19-a yoluxduğu və gecikdirdiyi üçün vəziyyətinin daha da ağırlaşdığı, hətta ölümlə nəticələndiyi barədə artıq tez-tez eşidirik.

 

Həkimlər deyirlər ki, qripin özü ağır xəstəlikdir və özündə əlamətlər hiss edən şəxs mütləq müyinə olunmalıdır. COVID-19-a yoluxmayan, lakin qripdən də ölənlər, bu xəstəliyi ağır keçirib əziyyətini illərlə, bəzən isə ömürlərinin axırına qədər çəkən insanlar var. Hazırda bir sevindirici hal var ki, COVID-19-a görə əksəriyyət maskadan istifadə edir, sadə gigiyenik qaydalara əməl etməyə diqqət göstərir və bunun da nəticəsidir ki, həkimlər mövsümi qripə yoluxanların əvvəlki illərlə müqayisədə sayının az olduğunu deyirlər.

 

Bəs, adi qriplə COVID-19-u bir-birindən necə fərqləndirək? AYNA sualı mütəxəssislərə ünvanlayıb.

Xahiş edirəm, bizə inanın!” - Yoluxan Azərbaycanlı həkim

İnfeksionist həkim Nicat Əzimlinin sözlərinə görə, qrip də, COVID-19 da kəskin resperatur xəstəliklərdir: “Ancaq fərq bundadır ki, qrip daha çox yuxarı tənəffüs yollarında tropluq göstərir, yəni onlarla qidalanır. Lakin COVID-19 aşağı tənəffüs yollarına meyil edir. Elə qriplə müqayisədə təhlükəli olması da yuxarı yox, aşağı tənəffüs yollarını sevməsindədir. COVID-19-da simptomatik olaraq qrip əlamətləri özünü göstərir. Məsələn, burun tutulması, burun axması, boğazda ağrı və şişkinlik. Amma daha çox boğazda quruluq və adi qıcıqlanma olur. Sonradan infeksiya aşağı tənəffüs yollarına keçdiyindən bu əlamət də keçib gedir”.

 

“Lakin nəzərə almalıyıq ki, xəstədən xəstəyə də fərq var. Elə xəstə ola bilər ki, bu əlamətlər özünü kəskin şəkildə göstərsin, elə xəstələr də olur ki, bu simptomlar özünü çox yüngül formada göstərir. Bəzi COVID-19 xəstələrində elə koronavirusun simptomatik əlamətləri olur, belə ki, ilk vaxtlar boğazda yüngül quruluq hissi, daha sonra iybilmə və dadbilmə qabiliyyətinin itməsi olur. Daha sonra aşağı tənəffüs yollarında gedən proseslərlə əlaqəli boğulma, təngnəfəslik kimi hallar yaşanır”, - həmsöhbətimiz bildirir.

 

Əzimli vurğulayır ki, insanlar özlərində bu cür əlamətləri hiss edərlərsə, mütləq gecikdirmədən müayinə üçün həkimə müraciət etməlidirlər: “Lakin müayinədən öncə hər kəsin etməli olduğu ən vacib məqam özlərini hər kəsdən – ailə üzvləri də daxil olmaqla - izolyasiya etməkdir. Biz müşahidə edirik ki, bir çox insan buna riayət etmir. Bu, özü yoluxma sayının artmasına təsir edən amillərdəndir”.

 

“Təsəvvür edin ki, bir simptomatik COVID-19 xəstəsi evdən çıxır, aptekə özünə dərman almağa, xəstəxanaya analiz verməyə gedir. Bu halda o, nə qədər insanı yoluxdurmuş olur. Bu kimi hallar yolverilməzdir. Kimsə özündə narahatlıq və şübhəli hallar müşahidə edirsə, dərhal izolyasiya olunmalı və həkimə müraciət etməlidir”, - infeksionist qeyd edir.

SEVİNDİK ARAZOV. TERAPEVT-HEPATOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Həkim terapevt Sevindik Arazovun sözlərinə görə isə, COVID-19 ilə qripi ayıra biləcəyimiz hər hansı spesifik xüsusiyyət yoxdur: “Bu gün COVID-19 xəstələrinin az qala hamısı fərdi şikayətlərlə müraciət edir. Qriplə onu ayıra bilən spesifik bir əlamət yoxdur. Özündə hansısa narahatlıq və əlamətlər hiss edən şəxs diaqnostik müayinədən – kompüter tomoqrafiyası və testdən keçməlidir”.

 

Terapevt onu da diqqətə çatdırır ki, bu gün Azərbaycanda qrip diaqnozunu qoymağın özü də çox çətindir: “Biz hələ qrip diaqnozunu Azərbaycanda çətin qoya bilirik. Qrip diaqnozunu qoymağımız üçün də bizim onu bakterioloji laboratoriyada təsdiqləməyimiz lazımdır. Soyuqdəymə qrip deyil, ona görə qripin özünü də bəsitləşdirmək yanlışdır. Bizim bu gün əlimiz çatan budur ki, xəstədə COVID-19-u inkar edək və bundan sonra müvafiq müalicə proseduru təyin edək”.

Müəllif: Aləmdə Nəsib      18 Noyabr 2020 23:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin