Əsas səhifə Haqqımızda Xəbər lenti

“Yol mədəniyyətdir” anlayışının Bakı versiyası – Aparır sellər şəhəri

“Yol mədəniyyətdir” anlayışının Bakı versiyası –         Aparır sellər şəhəri

“Mən demirəm ki, bütün yolları söküb təzədən qurmaq lazımdır, sadəcə bu işlə məşğul olanlar məsuliyyətlərini dərk etməlidirlər”

 

“Yol mədəniyyətdir” deyilir. Bizdə isə deyilir ki, Bakıya yağış, qar yaraşmır. Çünki Bakıda yeni yollar salınsa da, bir neçə saat yağış, qar yağmağı bəs edir ki, şəhəri sel-su aparsın. Nə maşınla hərəkət etmək olur, nə piyada. Şəhərin yollarında, küçələrində suda batmış avtomobillər, dayanacaqda dayanmış, səki ilə hərəkət edən, amma yoldan keçən maşınların üst-başını islatdığı insanlar... Bu mənzərə heç ürəkaçan deyil. Qış olanda biz bu mədəniyyətsizlikdən hər il utanırıq.  

 

Bakının bir çox küçələrində qayıqla üzmək olar desək, yəqin ki, elə də mübaliğə etmiş olmarıq. Yarıyacan suda batmış maşınları, çəkməli insanları belə havalarda şəhərin bir sıra yerlərində görmək artıq adi hal alıb. Daha əvvəlki kimi gözlərimizi böyüdüb, telefonumuzu çıxarıb çəkiliş eləmirik. Ən azından bu gün həmişə belə vəziyyətlərdə etiraz edən, KİV nümayəndələrini çəkiliş etməyə, səslərini aidiyyəti qurumlara çatdırmalarını istəyən insanları gördüyüm yerlərdə sakitlik idi. Çox yox, bir il əvvələcən Sabunçu Dəmiryolu Vağzalının qarşısında maşınlar suda batarkən mövcud vəziyyətə təəccüblənən, ilin-günün bu vaxtında şəhərdə belə bir vəziyyət yaşandığına inanmayan insanlar var idi. Yeni-yeni binalar ucaldılarkən, şəhər abadlaşdırılarkən bir neçə saat yağan yağışın belə vəziyyətə səbəb olması ağlabatan görünmür axı.

 

Amma dediyim kimi, indi nisbətən sakitlik idi, çünki illərdir ki, bu problem var və həmin yollara yaxın yerlərdə daşı daş üstünə qoyduqlarında sakinlər ümidlənir. Ümidlənirlər ki, heç olmasa, həmin yeni tikili – idarə, supermarket və s. xatirinə yollara da bir əncam çəkilər. Lakin artıq sakinlər bu halla barışıb, başlarını aşağı salır, təbiətin onlara rəhm etməsi üçün dodaqaltı dualarını edirlər. Bundan başqa əlacları da yoxdur. Axı, kimə desinlər, kimdən kömək istəsinlər?

 

Hər il media əli çatdığı qədər işıqlandırır, müvafiq qurumları səsləyir, amma görünən odur ki, edilən bütün cəhdlər nafilədir. Biz də bu gün şəhərdə müşahidə olunan halla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, cəhdlərimiz boşa çıxdı, zənglərimiz cavabsız qaldı.

 

Daha sonra mövcud vəziyyətlə bağlı məsul qurumlardan olan “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AYNA-ya bildirdi ki, qurum səhər saatlarında pik rejimdə çalışıb: “Noyabr ayının 16-dan səhər saatlarından Abşeron yarımadasına yağan intensiv yağışlar zamanı “Azərsu” ASC-nin mövcud kanalizasiya infrastrukturu – həm toplayıcı, həm daşıyıcı tullantı su xətləri kollektor nasos stansiyaları fasiləsiz olaraq pik rejimdə işləyib. Eyni zamanda, cəmiyyətin müvafiq strukturları da dərhal gücləndirilmiş iş rejiminə keçib. İntensiv yağıntılar daha çox şəhərin şərq hissəsində - Nizami, Xətayi, Suraxanı, Sabunçu rayonlarında eləcə də Xırdalan şəhərində müşahidə olunub və nəticədə bəzi yollarda su yığılmaları müşahidə olunub”.

Anar Cəbrayıllı: Yeni sutəmizləyici qurğunun inşası yekunlaşıb - İki sahil

“Belə hallar Nizami rayonunun ətraf küçələrində, Babək prospektinin bəzi ərazilərində, Xətayi rayonunun Nobel prospektinin bəzi ərazilərində, Bakıxanov, Qaraçuxur, Suraxanı, Əmircan qəsəbələrinin nisbətən çökük hissələrində rast gəlinib. Yağıntının intensivliyi nəticəsində relyefin nisbətən hündür ərazilərdə toplanan səth sularının çökək ərazilərə axıb toplanması baş verib və mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib”, - ASC sözçüsü vurğuladı.

 

Cəbrayıllı əlavə etdi ki, dadisə yerlərində olmuş ASC əməkdaşlarının verdikləri məlumata görə, balanslarında olan yağış barmaqlıqları, kollektorlar işlək vəziyyətdə olub və səth sularının böyük əksəriyyətini daşıyıb: “Aparılan müşahidələrə əsasən, deyə bilərik ki, yağışın intensivliyi azadıqdan qısa müddət sonra yolların hərəkət hisslərində toplanan sular tam çəkilib. Bir daha qeyd etmək istəyirik ki, “Azərsu” mövcud kanalizasiya sistemləri tam gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Bəzi ərazilərdə səth sularının yığılmasının səbəbi yağışların intensivliyi ilə əlaqədardır”.

Dövlət Proqramının icrasının 1 illiyinə dair ictimai müzakirə keçiriləcək -  İki sahil

Mövcud problemi AYNA-ya şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu mənzərə tikinti-quruculuq işlərinin normativlərə uyğun aparılmaması ilə bağlıdır: “Bakı şəhərinin yolları ilə bağlı vəziyyət heç də arzuladığımız kimi deyil. Səbəb də budur ki, tikinti-quruculuq işləri normativlərə uyğun aparılmır. Sonda da belə xoşagəlməz hallar ortaya çıxır. Bu gün mən özüm də müşahidə elədim, “Koroğlu” metrosu ətrafında bir neçə zolaqdan ibarət olan düz yolda gölməçələr əmələ gəlir. Avtomobillər hərəkət edərkən, istər-istəməz yağış sularını ətrafa sıçradır. İndi qanunun tələbinə görə sürücü bu hallara yol verməməlidir. Bu hallara da yol verməmək üçün aşağı sürətlə hərəkət etmək lazımdır. Bu zaman da tıxac yaranır. Beləliklə bir yolun düzgün çəkilməməsi nə qədər problem yaradır. İnsanların həm vaxtını alır, həm tıxac yaranır, həm də yol özü tez sıradan çıxır. Yolun maillik dərəcəsi düz olmadığına görə su yolda yığılıb qalır”.

 

Ekspert hesab edir ki, yol infrastrukturuna ciddi yanaşmaq, bu işi peşəkar olmayanlara həvalə etməmək lazımdır: “Buna görə yol infrastrukturuna çox ciddi yanaşmaq lazımdır. Yol şəbəkəsi kor-koranə qurulmamalıdır. Yeni yollar salınır, bundan ötəri nə qədər əziyyət çəkilir, amma bu işi savadsız adamların əlinə buraxmaq olmaz. Yol işi ilə yol sahəsində bilgisi, təhsili olanlar məşğul olmalıdır. Kiminsə bu sahədən anlayışı olmayan, işsiz bir qohumu, tanışı bu işlə məşğul olması düzgün deyil. Kimsə işsiz qohumuna iş tapmaq istəyirsə, aparsın evində, bağında işlətsin. Amma yol strateji bir məsələdir, mədəniyyətdir. Bu yolu hər adamın ümidinə bağlamaq, etibar eləmək olmaz”.

 

“Yollar çəkilərkən perspektivli yanaşmaq labüd olsa da, indiki vəziyyət göstərir ki, gələcək nəzərə alınmayıb. Vaxtilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin olunanda yağış barmaqlıqlarının hamısını məhv elədi. Sonradan qurulan insfrastruktur pis nəticə verdi, bərpa etməyə çalışsalar da alınmadı. Əhalinin gur yaşadığı yerlərdə bu problemlər daha çox özünü göstərir. Çünki qoyulan kollektorlar, borular məsələn, deyək ki, 100 ailə üçün nəzərdə tutulubsa, gedib görürsən ki, orada 500 ailə yaşayır. Demək ki, ötürücülük yaxşı qurulmayıb. Bunun səbəbi də odur ki, vaxtında səlahiyyətli qurumlar bunu düzgün qiymətləndirməyib, perspektivli yanaşmayıblar. Əhalinin sayının artmasını nəzərə almayıblar. Problemin kökü budur: naşı adamlar işin başındadır. Mən demirəm ki, bütün yolları söküb təzədən qurmaq lazımdır, sadəcə bu işlə məşğul olanlar məsuliyyətlərini dərk etməlidirlər”, - Muradlı vurğuladı.

Müəllif: Aləmdə Nəsib      17 Noyabr 2020 18:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin