Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ay camaat, özünüzü qoruyun” deməklə olmur...

“Ay camaat, özünüzü qoruyun” deməklə olmur...

Psixiatr: “Onlar oturuşmuş mental dəyərlərini qorumağa çalışırlar”

 

Sosioloq: “Test pulsuz olmalıdır, kasıb ailənin pulla test etdirməyə maddi imkanı yoxdur

 

İnfeksionist həkimlər payız-qış aylarında havanın soyuması ilə koronavirusa (COVID-19) yoluxanların sayında artım müşahidə ediləcəyini əvvəldən demişdilər. Ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür, bu istiqamətdə müəyyən məhdudiyyətlər tətbiq edilir, təbliğat işləri aparılırdı. Lakin bu vəziyyətin uzun müdət davam etməsi, eyni zamanda Qarabağdakı Vətən müharibəsi diqqəti koronavirusdan bir qədər yayındırmış oldu.

 

Yoluxma və ölüm sayındakı statistik göstəricilərin kəskin artımına baxmayaraq, cəmiyyətdə bununla bağlı elə də narahatlıq və təşviş hiss olunmur. Lakin bu göstərici qarşıdan gələn daha soyuq günlərdə yoluxma sayının artacağını istisna etmir. Müşahidələr onu göstərir ki, artıq insanlar virusun olduğuna inanır, bir-birini qorunmağa səsləyir. Lakin bir çox hallarda qaydalara heç özü əməl etmir, etinasız yanaşır. Bəs, görəsən, bu etinasızlığın qarşısını necə alaq? AYNA məsələyə mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

MediStyle Hospital:.

Psixiatr Orxan Fərəcli deyir ki, ilk vaxtlarda virusla bağlı insanlarda qeyri-müəyyən fikirlər olduğuna görə onlar daha təşvişli, həyəcanlı idilər, indi isə sanki bu hal adiləşib: “Virusun ilkin dönəmi qeyri-müəyyənlik olduğundan insanlarda daha çox təlaş, həyəcan var idi və daha məsuliyyətli davranırdılar. Lakin bu, uzun müddət davam etdiyinə görə, artıq insanlar üçün adiləşdi. Sanki bir arxayınlıq yarandı. İnsanlar “artıq həkimlər virusu daha yaxşı müalicə edirlər, o qədər də qorxulu deyil” kimi fikirlərə qapıldılar. Qaydalara əməl etməyən insanlar isə təkcə Azərbaycanda yox, elə dünyanın hər yerində var. Ən effktiv üsul yenidən təbliğatı gücləndirməkdir. Hər yerdə - televiziyada, sosial şəbəkələrdə, yollardakı reklam lövhələrində bu barədə mütəmadi olaraq məlumatlar vermək lazımdır”.

 

Müsahibimizin fikrincə, qaydalara əməl edilməsi ilə bağlı insanların bir-birinə qarşı tələbkar olması da vacib məqamdır, lakin burada da bəzi məqamlara diqqət etmək lazımdır: “Kimdənsə qaydalara əməl etməsini istəyərkən bunu aqressiv formada bildirməməliyik. Yaxşı olar ki, müraciət edərkən ümumi formadan istifadə edək. Məsələn, kiməsə konkret olaraq “maskanı tax”, “maskanı yuxarı qaldır” deməkdənsə, “zəhmət olmasa, maskaları taxaq”, “maskaları yuxarı qaldıraq” formasında müraciət etmək daha doğrudur. Bu forma hər zaman daha effektiv olur. Əks halda qarşı tərəfdən “guya, kim maskanı düzgün taxır ki?!” kimi aqressiv reaksiya ala bilərik”.

 

Yas yerlərinə getməkdə əvvəlki vaxtlardakı kimi istəkli və inadcıl olanlar barəsində danışan Fərəcli hesab edir ki, bu, adət-ənənələrə bağlılıqdan qaynaqlanır: “Bilirsiniz, həmin insanlar oturuşmuş adət-ənənələrinin dağılmasından qorxurlar. Özlərinin də başına belə bir şey gələcəyini gözlədiklərindən bu cür davranırlar. Sadəcə, həmin insanlara başa salmaq lazımdır ki, bu hal müvəqqətidir. Yası düşmüş ailəni sonra da ziyarət etmək, başsağlığı vermək olar. Bu fikirləri aşılamaq lazımdır. Onlar oturuşmuş mental dəyərlərini qorumağa çalışırlar”.

Palitra qəzetiSosioloq Zəminə Səfərova: “Xalq bir daha əmin oldu ki,  Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır”

Sosioloq Zəminə Səfərova da əhali arasında təbliğatın artırılmalı olduğunu düşünür: “Son günlər Respublikamızda koronavirusa yoluxanların sayı kəskin artmaqdadır. Hətta, ölüm sayı da çoxalıb. Statistik məlumatlardan belə məlum olur ki, ölkəmiz üçün rekord göstərici qeydə alınıb. Müharibə ilə mübarizədə qalib olduq, şükürlər olsun. Bütün əhalimizin diqqəti Qarabağda gedən Vətən müharibəsinə yönəlmişdi. Amma unutmayaq ki, əsgərlərimizi yenə də təhlükəyə ata bilərik”.

 

“Əhaliyə tez-tez mətbuat, televiziya kanalları vasitəsilə, ictimai yerlərdə bu virusun sürətlə yayılmasının qarşısının alınması yollarını təbliğ etmək lazımdır. Televiziya kanallarının müxbirləri xəstəxanalarda virusa yoluxmuş xəstələrlə görüşməli, onların xəstəliyi ən ağır keçirənindən yüngülünə kimi vəziyyətlərini çəkməli, geniş auditoriyaya təqdim etməlidirlər. Yaxşı olardı ki, insanların sıx olduğu yerlərdə yerindəcə maarifləndirmə işi aparılsın, maskalar paylansın, spirtdən istifadə edilməsi tövsiyə olunsun”, - mütəxəssis bildirir.

 

Sosioloq ictimai nəqliyyatdakı vəziyyətə də diqqət çəkir: “Ən acınacaqlı hal ictimai nəqliyyatdadır. Avtobuslar tez-tez işləməlidir, insanlara nəzarət edilməlidir ki, məsafə saxlasınlar, maskasız daxil olmasınlar, dayanacaqda ara məsafə gözlənsin. Eyni zamanda, çox yaxşı olar ki, əvvəlki qaydada olduğu kimi, yenidən hər yerdə növbələr tətbiq edilsin. Bu, özü elə məsafə saxlamaq deməkdir”.

 

Səfərova COVID-19 testlərinin pulsuz olmasını da vacib edir: “Test pulsuz olmalıdır. Kasıb ailənin maddi imkanı yoxdur ki, gedib pulla test etdirsin. İmkansız, işsiz, kasıb ailə bu virusa yoluxduğunu necə bilsin, necə yoxlansın? Bu, başqaları üçün təhlükəli deyilmi? Əlbəttə, təhlükəlidir. Həmin şəxs sizing-bizim aramızdadır və heç kim heç nədən sığortalanmayıb ki, o virusa yoluxa bilməz.  TƏBİB və ya Səhiyyə Nazirliyi bunu etməlidir. Əgər bu virusun azalması həqiqətən də onları narahat edirsə və qarşısını almaq istəyirlərsə, əlbəttə, daha asan variantları onlar bizdən daha yaxşı bilməlidirlər. Unutmamalıyıq ki, əhalimizi qorumaq ailəmizi, əsgərlərimizi, Azərbaycanımızı qorumaq deməkdir”.

Müəllif: Aləmdə Nəsib      16 Noyabr 2020 20:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin