Əsas səhifə Haqqımızda Xəbər lenti

Vətəndaş nəzarəti mexanizmini işə salın, hər kəs qazansın

Vətəndaş nəzarəti mexanizmini işə salın, hər kəs qazansın

Hər 100 manatlıq alış-verişin 3.6 manatını xərcləyənin özünə qaytarın və xeyrini görün

 

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdi. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir.

 

İstehlakçının ƏDV-ni alması üçün ona təqdim edilən nəzarət-kassa aparatı çekində malın sürətli məlumat kodu, başqa sözlə fiskal ID və ya QR kod olmalıdır. Bundan sonra istehlakçı ƏDV-nin geri qaytarılması prosesini “edvgerial.az” portalı vasitəsilə həyata keçirə bilər. Lakin müşahidələr onu göstərir ki, bir çox dükanlarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində verilən çeklərdə fiskal ID və ya QR kod olmur. Həmçinin, saxta çeklər verilən və ya ümumiyyətlə, çek verilməyən yerlər də olduqca çoxdur. Buraya apteklər, geyim, aksesuar, məişət və elektronika malları satılan ticarət mərkəzləri və s. daxildir.

 

Bu barədə AYNA ilə həmsöhbət olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bu hal birbaşa olaraq istehlakçı hüquqlarının pozulmasıdır: “Hər gün istehlakçılardan bununla bağlı çoxlu zənglər alıram. Təəssüf ki, bəli, ölkəmizdə belə bir problem yaşanır. Bu hal birbaşa istehlakçı hüquqlarının pozulmasıdır, ona görə istehlakçılar mütləq fiskal ID kodu qeyd edilən çeki tələb etməlidirlər”.

Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli içkilər satılır”

Hüseynov qeyd edir ki, saxta çek verilməsi də geniş yayılıb: “Klinikaların 90%-i, ümumiyyətlə, vətəndaşlara kompüterdən çıxma saxta bir sənəd verirlər. İkinci yerdə isə MTK-ların vətəndaşlara verdiyi saxta çeklər dayanır. Hətta, böyük miqdarda pul verir, ev alırlar, lakin saxta çek verirlər. Bu barədə dövlət orqanlarına dəfələrlə məlumat vermişik”.

 

AİB sədri vətəndaşları, fiskal çek verməyən yerlərdən alış-veriş etməməyə çağırır: “Belə hallarla rastlaşdıqda istehlakçılar 195-1 nömrəsini yığaraq Vergilər Nazirliyinin, 195-2 telefon nömrəsi ilə isə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər”.

 

Müvafiq qurumların bu məsələdə nəzarətinə toxunan həmsöhbətimizin sözlərinə görə, bu sahədə vəziyyət olduqca pisdir: “Həmin müvafiq qurumları tənqid edirəm, onlara deyirəm, gözünüz açılsın. Dövlət büdcəsinə ödəmələr çox pis vəziyyətdədir. Uzun illərdir ki, “Sədərək”də, yeraltı keçidlərdə olan mağazalarda çek verilmir. Azadlıq prospektində “Mini Sədərək” deyilən yerdə də saxta çek verilməsi davam edir. Və dövlət büdcəsindən külli miqdarda pul yayındırılır”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya şərhində qeyd edir ki, bu sahədə qanunvericilikdə çox sərt cəzaları var, amma hazırda ölkəmizdə bununla bağlı nəzarət mexanizmi tam qurulmayıb: “Qanunvericilikdə saxta, qeydiyyatı olmayan çek verilsə və yaxud da ümumiyyətlə, çek verilməsə, bu hallarda böyük cərimələrdən tutmuş, üç dəfə ard-arda belə hallar yaşandığı zaman obyektin bağlanmasına qədər cəzalar nəzərdə tutulub. Sadəcə, bunun həyata keçirilməsində böyük problemlər var. Birincisi, nəzarət mexanizmləri tam qurulmayıb, ikincisi, bunun ümumilikdə nəzarət fəlsəfəsi doğru deyil. Çünki rəsmi qurumlar ancaq öz gücləri hesabına buna nəzarət etməyi düşünür. Bu da effektiv deyil, elə Bakının özündə 30-40 minə yaxın müxtəlif ticarət obyektləri var. Yəni bunların hamısına gün ərzində və yaxud da ay ərzində nəzarət etmək min, iki min işçisi olan dövlət qurumları tərəfindən mümkün deyil”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Mütəxəssisin sözlərinə görə, ən yaxşı nəzarətçi vətəndaşdır: “Dünyanın bir çox ölkələrində “vətəndaş nəzarət mexanizmi” anlayışından istifadə edilir. Çox təəssüf ki, bu mexanizm Azərbaycanda hələ tam yerini almayıb. Ən yaxşı nəzarətçi vətəndaşdır, çünki o, özü bu problemlərlə hər gün qarşılaşır. Amma bu işdə digər bir problemli məsələ də vətəndaşların şikayətlərini cəmləşdirən və buna operativ reaksiya verən onlayn portal və ya komissiyanın olmamasıdır. Düşünürəm ki, bu işdə vətəndaşların iştirakı da təmin olunsa, bu, daha effektiv olar və neqativ halların aradan qaldırılmasında mühüm rol oynaya bilər”.

 

Çağrı mərkəzlərinə qaldıqda isə, Cəfərli bildirir ki, onların bütün zənglərə cavab verməyə gücü çatmır, həmçinin də vətəndaşlar maarifləndirilməlidir: “Vətəndaş şikayət etdiyi halda bunun effektini görməlidir. O, özü də “vətəndaş nəzarət mexanizmi”nə inanmalıdır. Bunun üçün çağırışlar olmalıdır, sosial çarxlar hazırlanmalıdır. Vətəndaşların dövlət qurumları ilə bağı və bir-birinə güvəni daha ciddi olmalıdır. Bütün bunlar bir-biri ilə üst-üstə düşdükdə vətəndaş nəzarət mexanizminin bir parçasına çevrilir. Bu zaman effektiv bir sistem qurmaq mümkündür”.

 

“Daha geniş formada fəlsəfi yanaşma belə ola bilər ki, ümumilikdə iş adamlarına, kiçik və orta sahibkarlara rəsmi qəbzsiz işləmək sərf etməməlidir. Bundan ötrü elə bir təşviq mexanizmi qurulmalıdır ki, bunun üçün iş adamlarının özlərinin marağı yaransın. Bununla bağlı biz zamanında təkliflər vermişik. Bu təkliflərin bir qismi həyata keçirildi. Burada söhbət ƏDV-nin geri qaytarılması ilə bağlı müəyyən mexanizmin qurulmasından gedir. Bu qərar doğru olsa da, yalnız vətəndaşın xeyrinə olan qərardır. Lakin burada nəzərə almaq lazımdır ki, bu iş təktərəfli yox, vətəndaşla yanaşı bizneslə məşğul olan tərəfi də düşündürməlidir”, - iqtisadçı vurğulayır.

 

O, fikrini belə izah edir: “Məsələn, həm vətəndaşı, həm də biznesi təşviq eləmək lazımdır ki, nağdsız ödənişlərin həcmi artsın. Bu, həm ticarətin, həm də dövriyyənin ağarmasına, daha çox vergiyə səbəb olur. Həm də indiki vəziyyətdə - COVID-19-la mübarizə şəraitində də mühüm məsələdir. Çünki bu, nağd pul vasitəsilə virusun ötürülməsinin qarşısını alır. Bunun üçün təşviq mexanizmlərindən biri də o ola bilər ki, iş adamları, kiçik və orta sahibkarlardan kartla ödənişi daha çox qəbul edənlərə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Məsələn, dövriyyəsinin 25%-ni kartla qəbul edirsə - 1%, 50% qəbul edirsə - 2%, 75%-ni qəbul edirsə - 3%, 100% olduqda - 4% gəlir və ya mənfəət vergisindən azad oluna bilər. Bu halda bizneslə məşğul olan tərəfin də marağı olur ki, düzgün işləsin. Bu, çox vacibdir. Biznesin marağı olduqdan sonra bunu həyata keçirmək daha da asan olacaq. Cəza mexanizmi təşviq mexanizmi ilə birgə çalışmalıdır”.

 

İqtisadçı daha bir maraqlı məqama diqqət çəkir: “Nağd ödənişdə ƏDV-nin geri qaytarılması yersizdir. Dünyanın hər yerində nağdsız ödənişin ƏDV-sinin geri qaytarılması praktikası var ki, bu vətəndaşı nağdsız ödənişə təşviq etsin. 10% nağd, 15% nağdsız ödənişdə ƏDV-nin geri qaytarılmasındansa, nağdsız ödənişdə 15 yox, 20% ƏDV geri qaytarılsa idi, vətəndaşlar da kartla ödənişdə daha maraqlı olardı. Məsələn, 100 manatlıq alış-verişdə 18%-lik ƏDV 18 manat edir, onun da 20%-i 3 manat 60 qəpik edir. Bu da vətəndaşlarda kifayət qədər maraq yardacaq. ƏDV-nin geri qaytarılmasının özü vətəndaşlarda maraq yaradıb, bu, çox yaxşı addım oldu. Lakin nağd ödənişdə ƏDV-nin edilməsi anlaşılmazdır. Bu nağdsız ödənişdə tətbiq edilir ki, ölkə iqtisadiyyatı ağarsın, doğru və ağ mühasibatlıq ortalığa çıxsın. Bunun üçün nağdsız ödənişlər çox vacib elementdir”.

Müəllif: Aləmdə Nəsib      14 Noyabr 2020 19:08
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin