Əsas səhifə Haqqımızda Xəbər lenti

Müharibə dövründə interneti məhdudlaşdırmaq bizə nə qazandırdı?

Müharibə dövründə interneti məhdudlaşdırmaq bizə nə qazandırdı?

Ələsgər Əhmədoğlu: “İnternet məhdudiyyətinin bu formada tətbiq edilməsinin faydasından çox, zərəri oldu”

 

Arzu Nağıyev: “Hərbi vəziyyət elan olunubsa, ümumiyyətlə, interneti bağlamaq lazım idi”

 

27 sentyabr tarixindən müharibə şəraiti ilə bağlı olaraq ölkədə internetin verilməsində məhdudiyyət tətbiq olundu. Bunun Ermənistan tərəfin törədə biləcəyi təxribatın qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilmişdi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) vətəndaşlara müraciətində münaqişə ilə bağlı internetdə yarana biləcək məhdudiyyətlərin anlayışla qarşılanacağına ümidini ifadə etmişdi.

 

Bu müddətdə sosial media platformalarına daxil olmaqda da ciddi problem və çətinliklər yaşandı. Vətəndaşlar sosial şəbəkələrə müxtəlif VPN proqramları vasitəsilə qoşuldular, yaxud qoşulmağa çalışdılar. Qoşulan qoşuldu, qoşula bilmyən...

 

Və noyabrın 11-də NRYTN bəyan etdi ki, noyabrın 12-dən etibarən internetə məhdudiyyət aradan qaldırılır. Təbii ki, sual yaranır: Müharibə gedən müddətdə internetin məhdudlaşdırılması bizə nə qazandırdı? AYNA suala cavab axtarıb.

Ələsgər Əhmədoğlu: “Şəffaflığa yönəlik hissələr problemlidir”

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu deyir ki, Azərbaycan qanunvericiliyinə görə, hərbi vəziyyət zamanı media və internetə məhdudiyyət tətbiq oluna bilər, amma bu, kontent məhdudiyyətidir: “Mövcud məhdudiyyət birbaşa infrastruktura girişlə bağlı oldu ki, qanunvericilikdə bu, nəzərdə tutulmamışdı. Kontent olaraq bəlli məzmunda ifadələrin məhdudlaşdırılması anlaşılandır. İndiki halda düşünürəm ki, bu, bizə o qədər də faydalı olmadı. Çünki hər kəs VPN-dən istifadə edə bilmədi və bu da bizə öz düşüncələrimizi və haqlı olduğumuzu daha sürətli, çevik və adekvat reaksiya verərək çatdırmaqda mane oldu”.

 

Mütəxəssis digər bir məqama da diqqət çəkir: “İnternet məhdudiyyətinin təhsilimizə vurduğu ziyana baxaq. Faktiki olaraq mart ayından təhsil yoxdur, qismən virtual mühitə daşınmışdısa da, internetin yoxluğu bunu da əngəlləmiş oldu”.

 

Məmmədli hesab edir ki, internet məhdudiyyətinin bu formada tətbiqinin faydasından çox zərəri olub: “Tərəziyə qoyası olsaq, internet məhdudiyyətinin bu formada tətbiq edilməsinin faydasından çox, zərəri oldu". 

Milli Məclisin deputatı Arzu Nağıyev isə tam əksini düşünür. Onun fikrincə, müharibə şəraitində hərbi vəziyyət elan olunubsa, ümumiyyətlə, interneti bağlamaq lazım idi: “Hələ imkan oldu ki, camaat VPN-dən müəyyən qədər istifadə etməyi bacardı. Lakin mən hesab edirəm ki, internetin məhdudlaşdırılması labüd məsələ idi. Mən başa düşürəm ki, insanlar artıq internet vasitəsilə öz işlərini, problemlərini həll etməyə öyrəşib. Lakin kimə lazım idisə, kimin işini həll etməsi üçün mütləq idisə, onlara iş yerlərində internet verilmişdi”.

 

“Hər kəsin oxucu auditoriyasi olan, insanlarla əlaqə saxladığı platforma var. Lakin hərbi vəziyyət elan olunubsa, bu məhdudiyyət mütləq şəkildə lazım idi. İnformasiya müharibəsi daim var, olub, olacaq da. Məhdudiyyətin özündə də nəzərə almaq lazımdır ki, harada hansı formada tətbiq edilir. Təəssüf ki, bu gedişatda da elə problemlər çıxdı ki, məhz sosial media üzərindən qaynaqlanırdı. Oldu ki, kimlərinsə paylaşdığı yazıdan, şəkildən düşmən də istifadə elədi. Buna görə də belə vəziyyətdə informasiya müharibəsi işimizə yarayacaq formada, işini bilən adamlar tərəfindən aparmalıdır”.

Müəllif: Aləmdə Nəsib      12 Noyabr 2020 16:31
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin