Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19 ilə bağlı son vəziyyət – Diqqət qonşulara

COVID-19 ilə bağlı son vəziyyət –           Diqqət qonşulara

Rusiya yenidən koronavirusun əsirinə çevrilir, digər ölkələrdə nisbətən sakitlikdir

 

Koronavirus (COVID-19) infeksiyası ilə bağlı həm dünyada, həm də Azərbaycanda statistika ürəkaçan deyil - yoluxmalar artır. Bu isə karantin rejiminin yenidən sərtləşdiriləcəyi, SMS-icazə sisteminin bərpa olunacağı barədə fikirlərin yaranmasına səbəb olub. Elə həkimlər də bildirirlər ki, belə davam edəcəyi təqdirdə, karantin rejiminin daha da sərtləşdirilməsi qaçılmaz olacaq.

 

Bəs, bu istiqamətdə qonşu ölkələrdə vəziyyət necədir? AYNA son vəziyyətə, Rusiya, Türkiyə, Gürcüstan və İranda yaşayan soydaşlarımız vasitəsilə aydınlıq gətirməyə çalışıb.

 

Rusiyada yaşayan və tibb bacısı Nuranə Eminova: “Hazırda Rusiyada vəziyyət həqiqətən çox pisdir. Biz iş başındayıq. Çalışdığım poliklinikada yoluxanların sayı bir qədər əvvəl əlli nəfər idisə, artıq iki yüz, iki yüz əlli nəfər virusa yoluxma ilə poliklinikamıza daxil olub. Hər gün analizlər götürürük. Vəziyyət gərginləşib, maska rejiminə keçilib. Hər yerdə addımbaşı maskadan istifadə edən şəxsləri görmək olar. Maskadan istifadə etməyənlər beş min rubl məbləğində cərimələnir. Avtobusda, metroda ciddi şəkildə yoxlanış aparılır. Böyük ticarət mərkəzlərində maska və əlcəklərdən istifadə olunur. Restoranlar saat 23:00-06:00 aralığında fəaliyyət göstərmir. Moskvada məktəblər artıq bağlanıb, amma Moskvadan kənarda olan yerlərdə məktəblər hələ bağlanmayıb. Bəzi iş yerləri hələ də onlayn şəkildə işləyir, bəziləri isə ənənəvi formada fəaliyyət göstərir. Yavaş-yavaş bağlanmalara doğru gedilir”.

 

Türkiyədə yaşayan Aytac Carçıyeva: “Türkiyədə bununla bağlı xəbərdarlıqlar edilir. Ancaq hələlik sərt karantin rejimi tətbiqi yoxdur. Yəni, küçədə sadəcə maska ilə gəzmək, sosial məsafəyə riayət etmək lazımdır. Məktəblərdə hər zaman noyabr ayında bir həftəlik tətil olur, həmin ara tətilin olacağı gözlənilir. Ancaq məktəblərin bağlanacağı ilə bağlı hər hansı söz söhbət yoxdur”.

 

Gürcüstanda yaşayan, “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual.ge” informasiya portalının redaktoru Hacı Xəlilov: “Gürcüstanda hal-hazırda vəziyyət nisbətən yaxşıdır. Diqqətlər, əsasən 31 oktyabrda keçiriləcək olan seçkilərə cəlb edilib. Seçki məntəqəsi olaraq fəaliyyət göstərən məktəblərdə tədris, təxminən 1 həftə müddətinə dayandırılıb. Qalan məktəblərdə isə tədris prosesi davam etdirilir. Burada yoluxma sayı ümumilikdə 35567 nəfərə çatıb. Ölənlərin ümumi sayı 273, sağalanların sayı isə 16907 nəfərdir. Baş Nazir brifinqlərdə bəyan edib ki, hazırda ümumi karantinin elan olunması planlaşdırılmır”.

 

İranda yaşayan Elşən Böyükvənd: “İran Səhiyyə Nazirliyinin son bəyanatına görə, keçən 24 saat ərzində 415 nəfər dünyasını dəyişib. Koronavirus yayılandan bu günə kimi 588 min 644 nəfərin bu xəstəliyə yoluxduğu təsbit edilib. Son 24 saat ərzində isə 6 min 824 nəfər bu xəstəliyə yoluxub. Bunlardan 2 min 490 nəfəri xəstəxanalara yerləşdirilib. Məktəblərdəki ənənəvi tədris üsulu çoxdan fəaliyyət göstərmir. Dərslər onlayn keçirilir. Bundan sonrakı vəziyyətlə bağlı dəqiq məlumat verə bilmirəm, çünki karantin rejiminin sərtləşməsi ilə bağlı qərarı hökumət verəcək”.

Müəllif: Ülviyyə Şahin      30 Oktyabr 2020 22:45
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin