Əsas səhifə Haqqımızda Xəbər lenti

“Rusiyanın Qarabağ jestinə Türkiyə digər bölgələrdə qarşılıq verə bilər”

“Rusiyanın Qarabağ jestinə Türkiyə digər bölgələrdə qarşılıq verə bilər”

Aleks Qriqoriyevs “Moskvanın əsas məqsədi - sülhməramlılar adı altında öz qoşunlarını Azərbaycan ərazisinə yerləşdirməkdir”

 

Bu gün Qarabağdakı müharibə həm bölgədə, həm də bölgə sərhədlərindən kənarda ən problemli mövzudur. Münaqişənin başlanğıcında bəzi Avropa ölkələri Azərbaycana təzyiq göstərməyə çalışdı, lakin sonra özlərinin münaqişənin həllinə dair 30 illik şansı əldən verdiklərini başa düşdülər. İndi Azərbaycan öz ordusu sayəsində problemlərini həll edir.

 

Lakin bu, Avropa İttifaqı (Aİ) ölkələri və ümumilikdə Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və münasibətlərə son qoymaq niyyətində olduğu anlamına gəlmir. Əksinə, bu münaqişənin həlli Bakı ilə Brüssel arasındakı münasibətlərdə bir çox məsələləri həll edə bilər.

 

AYNA-nın mövzuya dair suallarını latviyalı hərbi-siyasi ekspert Aleks Qriqoriyevs cavablandırıb.

- Avropa İttifaqının Qarabağ müharibəsindəki mövqeyini necə qiymətləndirirsiniz?

 

- Avropa İttifaqı, təəssüf ki, Qarabağ probleminin həlli üçün aparılan danışıqlarda institusional olaraq iştirak etmir. Əlbəttə, Aİ ölkələrinin də üzv olduğu ATƏT-in Minsk Qrupu var ki, buranın da həmsədrlərindən biri Fransadır. Aİ münaqişənin hər iki tərəfə uyğun həll yolunun tapılmasında daha aktiv rol oynaya bilər. Belə bir həll yolu həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasını, həm də Qarabağdakı erməni və azərbaycanlı əhalinin qanuni hüquqlarının tanınmasını əhatə etməlidir. Bü gün Aİ, faktiki olaraq Rusiyaya Cənubi Qafqazdakı əsas sülhməramlı rolunu təhvil verib. Rus dilində bu situasiya “keçi bostana buraxıldı” adlanır. İnanıram ki, məhz Rusiyanın “sülhməramlı səyləri” sayəsində sülh yolu ilə həll istiqamətində heç bir irəliləyiş baş verməyib. Rusiyanın əsas vəzifəsi sülhməramlılar adı altında öz qoşunlarını Azərbaycan ərazisinə yerləşdirmək olub və olmaqda davam edir.

 

- Bəzi mütəxəssislər bu müharibəni Türkiyə ilə Rusiya arasında qarşıdurma kimi qiymətləndirməyə meyllidirlər. Ankaranın rəsmi olaraq Bakını dəstəkləməsi fonunda, bu münaqişəyə Moskva ilə Ankara arasında artan qarşıdurma nöqteyi-nəzərindən baxmaq nə qədər doğrudur?

 

- Cənubi Qafqazdakı münaqişəni Moskva ilə Ankaranın maraqları baxımından nəzərdən keçirmək lazımdır. Ancaq eyni dərəcədə xatırlamaq lazımdır ki, bunlar bölgədə iştirak edən yeganə böyük aktorlar deyil və üstəlik, Cənubi Qafqaz Türkiyə ilə Rusiyanın maraqlarının qarşılıqlı əlaqədə olduğu yeganə bölgə deyil. Həmçinin, bu qarşılıqlı addımların qarşıdurmaya gətirib çıxaracağını da idda etmək olmaz. Daha geniş həll variantları mümkündür. Mənə elə gəlir ki, Rusiyanın hazırkı münaqişədəki passivliyi, Türkiyə ilə Rusiya arasında Suriyada və ya Liviyada təsir dairələrinin bölünməsini də əhatə edən razılaşmanın nəticəsi ola bilər. Yəni, Rusiyaya Azərbaycanın xeyrinə olan güzəştlərə görə, Türkiyə başqa bir yerdə nəyisə güzəşt edə bilər. Paşinyanı isə Rusiya uzun müddətdir ki, Moskvanın icazəsi olmadan hakimiyyəti ələ keçirdiyinə görə cəzalandırmaq istəyir. Kremlə görə, “rəngli inqilablar” mükafatlandırılmamalıdır.

 

- Bu münaqişənin hərbi yolla həll olunmasından sonra Azərbaycanla Aİ arasında münasibətlərin güclənəcəyini gözləmək olarmı?

 

- Ümid edirəm ki, son razılaşma danışıqlar yolu ilə olacaq və davamlı sülhlə möhkəmləndiriləcək. Azərbaycan indinin özündə də Aİ üçün vacib tərəfdaşdır. Daha sıx qarşılıqlı əlaqələr isə Azərbaycanın demokratik cəmiyyət quruculuğu istiqamətində nəzərəçarpacaq irəliləməsi nəticəsində mümkün olacaq.

Müəllif: Nicat Hacıyev      26 Oktyabr 2020 15:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin