Əsas səhifə Haqqımızda Xəbər lenti

“Dialoqa güllə atdılar, danışıqların üstündə yallı getdilər...”

“Dialoqa güllə atdılar, danışıqların üstündə yallı getdilər...”

Qismət Rüstəmov: “Məlum oldu ki, dəyərin ünvanı sayılan Qərbin aparıcı qurumları üç meymunu oynayır”

 

“Uzun illərdir təhsil sahəsində işləyirəm, çox diqqətlə fikir vermişəm, üzdə büruzə verilməsə də, altdan-altdan həmişə divarlarımızdakı, tədris vəsaitlərimizin ilk səhifəsindəki işğal edilmiş torpaqların siyahısı ilə günə başlamaq, gələcəklə bağlı xəyallar qurmaq bizi həmişə daxilən 20 faiz geridən başladırdı. İndi torpaqlarımız işğaldan azad olduqca, təkcə, vətənin ərazi bütövlüyü bərpa olunmur, həm də mənəviyyatımızın, yarımçıq arzularımızın ərazi bütövlüyü bərpa olur”.

 

Bunu AYNA-ya açıqlamasında yazıçı Qismət Rüstəmov deyib. “Əlbəttə, məsələ qansız-qadasız, sülh yolu ilə, beynəlxalq hüquqi sənədlərdə əksini tapan punktlara uyğun həll olunsa, yaxşı olardı. Amma hamımız bilirik ki, bu, mümkün olmadı”, - o bildirib.

Qismət Rüstəmov: “Nə Füzuli mənlikdir, nə Mirzə Cəlil, mənimki  Nizamidir...” - BRİFİNQ

“Çünki qarşı tərəfin hakimiyyətə gələn bütün nümayəndələri bir qərinəyə yaxın müddətdə  axmaq, əsassız psevdo-mifoloji arqumentlərlə öz vətəndaşlarını zəhərlədilər, öz leqal ölkələrini normal idarə edə bilməyə-bilməyə bizim torpağımızda ikinci dövlət qurmağa çalışdılar. Regionu anaxronizmə sürüklədilər. Bütün sivil yolları, dəyər kəsb edən şeyləri tapdadılar, dialoqa güllə atdılar, danışıqların üstündə yallı getdilər, çağırışların üstünə tank sürdülər, ən sonda əmzikli uşaqlara raket atdılar. Artıq bütün körpüləri yandırdılar”, - Rüstəmov vurğulayıb.

 

Müsahibimiz Qarabağ mövzusunun onun yaradıcılığında xüsusi yer alacağını bildirib: “Bu günlərdə xeyli miflər dağıldı, sarsılmaz deyilən istehkamlar çökdü, məlum oldu ki, dəyərin ünvanı sayılan Qərbin aparıcı qurumları üç meymunu oynayır. Biz isə ideoloji fərqləri aşıb həmrəy olmağı bacardıq, bu, çox vacibdir. Ədəbiyyatımız bu müharibəni necə ifadə edəcək, bilmirəm, amma bildiyim odur ki, artıq öz milli kimliyinin qədrini daha çox dərk edəcək, müəlliflərimiz özündən utanmamağın azadlığında yazıb yaradacaqlar. Mənim ağlıma Şuşayla bağlı bir kitab ideyası gəlib, amma orda söhbət müharibədən getmir”.

Müəllif: Bünyamin      9 Noyabr 2020 23:09
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin