Əsas səhifə Haqqımızda Xəbər lenti

Çırpınır Xəzər, baxıb Azərbaycan Bayrağına

Çırpınır Xəzər, baxıb Azərbaycan Bayrağına

Milli varlıq, milli birlik simvolumuz – Üçrəngli Bayrağımız!

 

9 noyabr Azərbaycanda Bayraq günüdür. Günün mübarək millətin qeyrət, namus, milli varlıq, milli birlik simvolu.

 

Bu məqaləni yazmağa başlarkən, müəllim yoldaşımın bir neçə il bundan əvvəl dediklərini xatırladım. “Qərənfil xanım, Türkiyəyə getmişdim. Orada elə ev yoxdur ki, onun eyvanında Türk bayrağı dalğalanmasın. Bayrağa olan sevgilərinə, sayğılarına qibtə etdim. Kaş, bizdə də belə olsun”, - deyə ah çəkdi.

 

Şükürlər olsun, bu gün bu sevgini, sayğını öz məmləkətimdə də görürəm. Bütün evlərin eyvanları Üçrəngli Bayrağımıza bürünüb. Üçrəngli Bayrağımızla qoşa Türkiyənin də Bayrağını görürəm və daha böyük qürur hissi keçirirəm. Çünki bu, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının bir daha əbədi olmasını sübut edir. Hər zaman çətin günümüzdə canı-qanı ilə yanımızda olan türk qardaşımız! Yüz il bundan əvvəl deyildiyi kimi, bu gün də “Millət sizə minnətdardır”.    

 

“Nazlı gəlin ədası ilə süzülən”, vüqarla, əzimlə, şux görkəmdə göylərə ucalan Üçrəngli Bayrağım! Sən “mənsub olduğun millətin kimliyi, şəxsiyyət vərəqəsi”, keçmişi, bugünü, gələcəyi bir sözlə, “mənsub olduğun millətin varlığını özündə əks etdirən rəsm əsərisən!”. Uzun illər zülmətdə inləyən Qarabağ torpağına bir məlhəm ol, Bayrağım. Şimşəktək yar o qaranlıqları, nurlandır düşməndən azad edilən Qarabağ torpaqlarını. O Vətən torpağında daha əzimlə, daha vüqarla dalğalanmağa, yüksəlməyə haqqın var. Qarabağın ən uca zirvəsində şahin kimi ucal, şimşək kimi göylərdə çax – Sənin yerin zirvələrdir, Bayrağım. Sən Qarabağda Vətən, millət sevgisini birləşdirərək düşmənin gözünə ox olub batdın, könülləri Vətən, torpaq sevgisilə culğaladın. Cazibənlə, gözəlliyinlə məst olsun dostun, xar olsun düşmənin. Sən dalğalandıqca qəlbimizdə əzəmətli bir Azərbaycan dövlətinin varlığına inam, inanc, sevgi ucalır. Qəlbimizdə Vətən, torpaq, yurd-yuva sevgisi ucaldan, taxt quran Üçrəngli Bayrağım.

Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət

Əsən külək, daha vüqarla dalğalandır bayrağımı. Çünki o, yoluna baş qoyduğumuz azadlığın müqəddəslik rəmzidir. O, dalğalandıqca “millətimi var edən müqəddəs dəyərləri daha dərindən anlayırıq”.

 

Vətən şəhidinin son örtüsü, kəfəni olan Üçrəngli Bayrağım, sən bu gün müqəddəs kitabımla bir ucalıqda durursan. Döyüşə gedən əsgər səni öpərək and içir, gözü üstə qoyur, başı üstə saxlayır! Sən bu gün onun kürəyini dayaya biləcək ən möhtəşəm qalasan.               

 

Üçrəngli Bayrağım, axı sən uluların bizə ərmağan etdiyi ən qiymətli, ən əziz əmanətsən. Sən bu gün beş minillik dövlətçilik tarixinə malik qədim türk – Azərbaycan xalqının milli varlığını, kimliyini, qüdrətini təmsil edirsən. Sən də cəfakeş xalqın kimi birgə sevincli, kədərli günlərin şahidi olmusan. Yenidən zühur etməyin çox qurbanlar, məşəqqətlər bahasına başa gəldi. “Bir kərə yüksələn bayraq bir daha enməz” desək də, bolşevik kələkbazları gizli qəsibkarlıq siyasəti yürüdərək (təəssüflər ki, bu işdə öz soydaşlarımızdan olanlarda var idi) Səni bir əski parçası ilə əvəz etdilər. Zamanın və tarixin gərdişi göstərdi ki, “Vətən qayğılı, millət duyğulu, milli fədakarlarımız” canı-qanı bahasına Səni yenidən Vətənin başı üstə dalğalandırdı. Şükürlər olsun, bu gün Bayrağımız başımız üstündə qürurla dalğalanır, dünyada tanınır, sayılır.

 

Unutmayaq ki, bayrağa hörmət, tarixə hörmətdir. Axı, Azərbaycanın Üçrəngli Bayrağı elə Azərbaycanın tarixi deməkdir. Deməli, Sən sadəcə təsadüfi rənglər toplusu olan bir parçadan ibarət deyilsən. Göyündə türkçülüyümüzə həyat verən, qırmızısında vətənimizin hər an inkişaf etdiyini, müasirləşdiyini bəyan edən, yaşılında İslam mənəviyyatını yaşadan dəyərləri əks etdirirsən. Damarımızda axan qan var sənin al rəngindədir.

 

Üçrəngli Bayrağım, Sən dünənimizin, bu günümüzün, sabahımızın, milli birliyimizin, milli varlığımızın, kimliyimizin nişanəsisən. Sən şərəf, namus simvolumuzsan. Sən milli bütövlüyümüzə yolgöstərən məşəlsən. Bu məşəl düşməni yandırıb-yaxan, önünə çəkilən bir səddir. Bu gün Qarabağımda igid əsgərimlə şanlı bir tarix yazırsan. Sənin bu zəfər yürüşün dastanlara düşəcək, tarixə qızıl hərflərlə həkk ediləcək.

 

Bu gün Sənin bayramındır. Baramın mübarək, Üçrəngli Bayrağım. Hər qəlbdə, hər yerdə sənin yerin ucadır. Bu ucalıq daimi nəsibin olsun, şərəfimiz, şanımız – Üçrəngli Bayrağımız. Amin!

 

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı

AYNA üçün

Müəllif: Ayna.az      9 Noyabr 2020 10:00
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin