Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bakı üçün başqa çıxış yolu yox idi” - Lenur İslyamov

“Bakı üçün başqa çıxış yolu yox idi” -         Lenur İslyamov

“Krım tatarları, böyük Osmanlının bir hissəsi olaraq, ölkələrimizin yaxınlaşmasına həmişə sevinirlər”

 

Ukraynada Krım tatar telekanalı olan ATR kanalının baş direktoru, Dünya Krım Tatarları Konqresinin vitse-prezidenti Lenur İslyamov AYNA-ya müsahibə verib. O, müsahibəsində Qarabağda baş yaşanan hərbi əməliyyatlardan danışıb.

 

- Bildiyiniz kimi, sentyabrın 27-də Qarabağ cəbhəsində döyüşlər başladı. Bu, sizin üçün sürpriz oldu, yoxsa hadisələrin belə gedişi qaçılmaz idi?

 

- Sualınıza cavab vermək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini və nəticələrini xatırlamaq kifayətdir. Məsələn, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin erməni hissəsinin Azərbaycandan ayrılmalarını elan etməsi. Yaxud 20 fevral 1988-ci ildə Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Vilayət Komitəsinin, Dağlıq Qarabağın Sovet Azərbaycanından Sovet Ermənistanına verilməsini tələb etməsi... Bunlar dəhşətli tarixi hadisələrdir.

Ленур Ислямов:

Bunun ardınca faciəli hadisələrin şahidi olduq ki, onlar da müstəqillik qazanan Ermənistan ilə Azərbaycan arasında tamhüquqlu müharibəyə çevrildi. Bu müharibənin pik nöqtəsi, 600-dən çox mülki şəxsin öldürüldüyü Azərbaycanın Xocalı şəhərində yaşanan faciə idi. Bəli, Azərbaycan ilə Ermənistan arasındakı hərbi əməliyyatlar 12 may 1994-cü ildə imzalanan atəşkəs müqaviləsi ilə dayandırıldı. Ancaq bu, münaqişənin həll yolu yox, “dondurulması” idi. Axı münaqişənin baş vermə səbəbləri aradan qaldırılmamışdı.

 

On illər keçdi, amma bu problem BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinə, eləcə də ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin vasitəçiliyinə baxmayaraq, həllini tapmadı. Bütün bunları müşahidə edəndə, gec-tez Azərbaycanın ərazi bütövlüyü məsələsinin yalnız hərbi yolla həll oluna biləcəyi bəlli olurdu - sadəcə Bakı üçün başqa çıxış yolu yox idi. Məhz ona görə, mən indi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində baş verənləri qaçılmaz adlandırıram.

 

- Sizcə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi 30 ilə yaxın müddətdə bu ölkəyə qarşı beynəlxalq sanksiyalar niyə tətbiq olunmadı?

 

- BMT, ATƏT və ya Avropa Şurası da daxil olmaqla, aparıcı beynəlxalq təşkilatların öz üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini təmin edə bilməməsi ilə ifadə olunan qlobal bir böhranın şahidiyik.  BMT qətnamələrinə əməl etməyən dövlətlərə təzyiq mexanizmi də yoxdur. İndiyə qədər ənənəvi sayılan bir çox məsələlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsinin vaxtı gəlib. Və bu baxımdan “dünya beşdən böyükdür” deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ədalətli mövqeyini xatırlatmaq istəyirəm. Həqiqətən də suveren dövlətlərin taleyi və unikal xalqların qorunub saxlanılması məsələləri yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün səsi ilə həll edilə bilməz.

 

- Azərbaycan Ordusu, əvvəllər Ermənistan tərəfindən işğal edilmiş 3 rayonu və yüzə yaxın kənd və qəsəbəni azad etdi. Bütün torpaqlarımızın azad olunma ehtimalı çox yüksəkdir. Ərazi bütövlüyü pozulmuş Ukrayna Bakının hazırkı hərəkətlərindən hansı nəticələr çıxara bilər?

 

- Ukraynanın dövlətinizin ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan Ordusunun uğurlu əməliyyatı fonunda çıxara biləcəyi yalnız bir nəticə ola bilər. Bu, milli təhlükəsizlik məsələsidir, öz sərhədlərinin və ərazilərinin toxunulmazlığı, özünə hörmət edən hər bir ölkənin bütövlüyü və suverenliyi məsələsidir. Heç kim bizim üçün şabalıdı yanan oddan götürməyəcək! Öz ərazilərinizi azad etmək çətindir, amma lazımdır!

 

- Bu sualı verməyə bilmərəm. Azərbaycanda hər zaman Qarabağ məsələsində həmrəylik olub. Ölkənin bütün təbəqələri, bütün vətəndaşları yekdilliklə işğal altında olan ərazilərin hər hansı bir yolla, o cümlədən hərbi yolla qaytarılmalı olduqlarını söyləyirlər. Ukraynada separatçıların “at oynatdığı” ərazilər, eləcə də Rusiyanın ilhaq etdiyi Krımla bağlı məsələlərin həlli yolları ilə bağlı oxşar konsensus varmı?

 

- Əlbəttə ki, bütün Ukrayna adından danışmağa haqqım yoxdur. Ancaq qaldırdığınız suala qısa cavab verə bilərəm. Əminəm ki, xalqımız Krımın işğalı ilə heç vaxt barışmayacaq. 30 il çəksə də, Azərbaycandakı kimi, Krımımızı qaytaracağıq.

 

- Qarabağ münaqişəsinin başlanğıcından etibarən Azərbaycan Ermənistanla bütün münasibətləri pozdu. Türkiyə də 1993-cü ildə Ermənistanla quru sərhədini bağladı. Ukraynanın Rusiya Federasiyası ilə sərhədlərini açıq saxlama, Krımın ilhaqının davam etməsinə baxmayaraq, onunla tam ticarət etməsi nə qədər doğrudur?

 

- Məncə, bu məsələdə Azərbaycanla Ukrayna arasında birbaşa paralellər aparmaq səhv olardı. Münaqişələrdə o qədər fərq var ki... Eyni zamanda, bu məsələnin həlli mənə bağlı olsaydı, Ukrayna və Krım tatarlarının qatili olan Rusiya ilə Ukrayna arasındakı diplomatik münasibətləri çoxdan kəsərdim. Onu da qeyd edim ki, təkcə Ukrayna üçün deyil, həm də Azərbaycan üçün problemlərin əsas mənbəyi - Ermənistanı “Qafqazdakı forpostu” adlandıran və imperiya maraqları baxımından Qarabağ münaqişəsini aktiv şəkildə alovlandıran Rusiyadır.

 

- Prezident Vladimir Zelenskinin bu yaxınlarda qüvvəyə minən yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan və Türkiyə Ukraynanın strateji tərəfdaşlığı inkişaf etdirəcəyi dövlətlər siyahısına salıb. Bununla bağlı hansı gözləntiləriniz var?

 

- Türkiyə və Azərbaycan bizim arxadaşımızdır. Krım tatarları, böyük Osmanlının bir hissəsi olaraq, ölkələrimizin yaxınlaşmasına həmişə sevinirlər.

Müəllif: Əkbər Həsənov      23 Oktyabr 2020 21:32
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin