Əsas səhifə Haqqımızda Xəbər lenti

Rəsmi Bakı: “Ermənistanın “sülhsevərliyi" cəfəngiyyatdır”

Rəsmi Bakı: “Ermənistanın “sülhsevərliyi" cəfəngiyyatdır”

XİN: “Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir”

 

“Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin Baş Nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır”. AYNA xəbər verir ki, bu ifadələr Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin açıqlamasında yer alıb.

 

“Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik”, - deyə XİN bildirir.

 

Qeyd olunub ki, Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur: “Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir”.

 

“Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az      22 Oktyabr 2020 16:05
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin