Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistandan növbəti blef: Amma bu, onların sonu olacaq

Ermənistandan növbəti blef: Amma bu, onların sonu olacaq

Qondarma “DQR”-in “müstəqilliyinin” tanınması çağırışları ekspertlər tərəfindən ciddi qəbul edilmir

 

Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağdakı separatçı qurumun “müstəqilliyinin” tanınması barədə sərsəm bəyanatlar səsləndirməkdədir. Qarabağda hərbi əməliyyatların başladığı gündən düşmən ölkə rəhbərliyi sözügedən ideyanı ortaya atır, mütəmadi olaraq beynəlxalq təşkilatlara, xarici ölkələrə absurd çağırışlar edilir.

 

İşğalçı ölkənin Baş Naziri Nikol Paşinyan və Prezident Armen Sarkisyan bu günlərdə yenidən bəyanat veriblər. Onlar bildiriblər ki, Ermənistanın qondarma qurumun “müstəqilliyini” tanımaqdan başqa yolu qalmayıb. Bununla yanaşı, Dağlıq Qarabağda vəziyyətin sabitləşməsi üçün beynəlxalq aləmin də belə qərar verməsini gözlədiklərini qeyd ediblər. Ekspertlər isə hesab edirlər ki, rəsmi İrəvandan verilən bəyanatlar və beynəlxalq aləmə çağırışlar mənasız təhdiddən başqa bir şey deyil.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTH) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev AYNA-ya deyib ki, Ermənistanın özü indiki məqamda qondarma qurumun “müstəqilliyini” tanıma kimi absurd qərar verməyəcək: “Düşmən ölkə belə bir addım atarsa, o zaman danışıqlar demək olar ki, bitir. Sonra hansısa danışıqların bərpa olunması mümkünsüz olacaq. Düşünürəm ki, rəsmi İrəvan buna gedə bilməz. “Müstəqillik” haqqında deyilən fikirlər, verilən bəyanatlar Ermənistan hərbi-siyasi hakimiyyətinin avantürasının növbəti təzahürüdür”.

Fərid Şəfiyev — Vikipediya

“Hansısa üçüncü dövlətin Dağlıq Qarabağın “müstəqilliyini” tanıması da real görünmür. Heç kim bunu etməyəcək. Hətta, hansısa ada dövləti belə, bu cür sərsəm addımı atmayacaq. Kimsə istəməz ki, güclü Azərbaycanı qarşısına alsın, ölkəmizlə münasibətlərini pozsun. Məsələn, Ermənistan tez-tez Fransaya müraciət edir, hətta, Fransadakı müəyyən siyasilər buna dəstək verirlər. Amma rəsmi Parisin mövqeyi əsasdır. Belə addım atarsa, o zaman Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bütün səlahiyyətlərini, rolunu itirəcək. Baxın, Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı mənfi fikirlər səsləndirmişdi. Amma dərhal sonra Fransa Xarici İşlər naziri bəyanat verdi, Fransa Parlamenti açıqlama yaydı. Bildirildi ki, rəsmi Paris neytrallığını qorumalıdır. Bu ölkənin Azərbaycandakı səfiri də bəyan etdi ki, ölkələr arasında müəyyən gərginlik yaransa da, artıq bu gərginlik aradan qalxıb. Yəni, Ermənistanın güvənc yeri olan Fransanın da belə absurd qərar verəcəyini gözləmək olmaz”, - politoloq vurğulayıb.

 

Bununla yanaşı, Şəfiyevin qənaətincə, Azərbaycan hərbi əməliyyatlarla Dağlıq Qarabağı işğaldan azad etdikdən sonra, yəqin ki, Ermənistan qondarma qurumun “müstəqilliyini” tanıyacaq: “Amma o zaman da bunun bir mənası qalmayacaq. Dağlıq Qarabağ işğaldan azad olunandan, ərazi bütövlüyümüzün bərpasından sonra İrəvan hansı qərarı verir-versin, bu qərar öz əhəmiyyətini itirəcək. İndiki məqamda Ermənistan rəsmiləri tərəfindən bu barədə verilən bəyanatlar hədədən başqa bir şey deyil”.

 

Milli Strateji Tətqiqatlar Mərkəzinin (MSTM) sədri, politoloq Natiq Miri də AYNA-ya şərhində qeyd edib ki, separatçı rejimin dünyanın “müstəqil subyekti” olaraq tanınması praktik olaraq mümkün deyil: “Özünə hörmət edən heç bir ölkə bunu etməyəcək. Dünya dövlətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hər kəs də bilir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqda tanınan ərazisidir. Bu gün Minsk Qrupunun həmsədr dövlətləri, BMT Azərbaycanı Dağlıq Qarabağ tərkibimizdə olmaqla tanıyıb. Qondarma qurumu “müstəqil subyekt” kimi tanımaq üçün siyasi və hüquqi əsaslar olmalıdır ki, belə əsaslar da yoxdur”.

natiq-miri | Qaraqoyunlu dərəsi

“Əvvəllər bəzi diplomatlar qeyri-rəsmi açıqlamalar verirdilər ki, Ermənistanın qalib, üstün olduğunu nəzərə alaraq, bəzi gerçəklər qəbul olunmalıdır. Və deyirdilər ki, Azərbaycan da bu gerçəkləri qəbul edib, güzəştə getməlidir. Yəni, belə bəhanələr gətirirdilər. Bu gün artıq o bəhanələr yoxdur, status-kvo dəyişib, təmas xətti yoxdur. İndiki gerçəklik ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn, BMT-nin qəbul etdiyi qətnamələrin icrasını yerinə yetirir. Yəni, dünya hüququnun, BMT-nin 30 ildə edə bilmədiyini Azərbaycan edir. Bu, hüquqdan kənar olan davranış deyil. BMT-nin, eyni zamanda, hüququn Azərbaycana verdiyi haqlar var. Azərbaycan bu gün özünü müdafiə hüququndan istifadə edərək işğaldakı əraziləri azad edir. Bu haqqı Azərbaycanın əlindən kimsə ala bilməz”, - deyə N.Miri söyləyib.

 

Mərkəz rəhbərinin sözlərinə görə, heç bir beynəlxalq təşkilat və dövlət Azərbaycanın əleyhinə sənədlər, qətnamələr qəbul edə bilmir: “Niyə? Çünki Azərbaycan haqlıdır. Dağlıq Qarabağ separatçılarının qondarma “dövlətinin” tanınması üçün siyasi əsas olmalıdır ki, bu da yoxdur. Bu, heç bir ölkədə müzakirə predmeti ola bilməz. Bunlar boş-boş xülyalardır. Bu gün Ermənistanın özü belə, Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqda tərəddüd edir. Çünki Ermənistan belə addım atarsa, “qırmızı xətt”i keçmiş olacaq. Bununla da Ermənistan üçün hər şey bitəcək. Artıq hansısa danışıqlar, müzakirələr mümkün olmayacaq. Həmçinin, bu hal Azərbaycana əsas verəcək ki, hərbi əməliyyatları təkcə Dağlıq Qarabağda deyil, Ermənistan ərazisində də həyata keçirsin”, - deyə politoloq qeyd edib.

 

Həmsöhbətimizin qənaətincə, arxasında heç bir zəmin olmayan bəyanatlara, Ermənistanın xülyalarına fikir verilməməlidir: “Hesab edirəm ki, “müstəqillik” məsələsi Ermənistanın əlində olan son “kartdır” ki, ondan istifadə etməyə çalışır. Rəsmi İrəvan bununla, guya, təhdid edir. Amma Azərbaycanı bu kimi qeyri-ciddi məsələlərlə qorxutmaq yersizdir. Azərbaycan Ordusu Ali Baş Komandanın da dediyi kimi, sona qədər irəliləyəcək, ərazi bütövlüyümüz bərpa olunacaq”.

Müəllif: Anar Bayramoğlu      21 Oktyabr 2020 19:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin