Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəncə - Qəhrəman şəhərdir!

Gəncə - Qəhrəman şəhərdir!

Evlərini raket dağıtmış insanlar son pullarına cəbhəyə yardım alıb gətirirlər

 

Gəncənin küçələrindən fərqli olaraq, bura qələbəlikdir. Evin qabağında maşınlar, həyətdə xeyli adam var. Heyif, sizə bəlli olan səbəblərdən geniş panoram verə bilmirəm. Gücü tək dinc əhaliyə çatan düşmən, bəlkə, növbəti zərbə üçün yer axtarır. Ancaq darvazanın ağzında bir qrup insanla şəklimizi çəkdiririk. Burada darvazalar bir-birinə oxşayır. Çoxundan da bayraqlar və şüar asılıb: “Bizimkilər qorxmuyor, naoborot, qızışıyor!”

 

Müzadil Həsənov evini boşaldıb, ailəsini köçürüb, mülkünü cəbhəyə yardım toplamaq üçün qərargaha çevirib. Həyətdə nələr yoxdur! Generatorlar, əlcək kisələri, bellər, külünglər, yorğan dəstləri, alt paltarı bağlamaları, su kassetləri… Jurnalistlər qaynaşırlar… Qonşular tava-tava yemək bişirib gətirirlər… Gəncəlilər maşın yükləyirlər… Bir ucdan boşalan həyət, bir ucdan dolur. Hər şey cəbhə üçün!

 

– Bu saat cəbhədə nəyə ehtiyac duyulduğunu bilirik, – Müzadil deyir. – Bir ayağımız oradadır. Dövlət nə lazımdırsa, orduya verir. Ancaq yardım heç vaxt artıq olmaz! Pul götürmürük, gərək olanları deyirik, camaat gətirir. Biz də aparıb orduya təhvil veririk.

 

***

 

Oktyabrın 17-də Ermənistanın SCUD raketi ilə vurduğu yerə bizi ərazidə növbə çəkən əsgərlər ötürürlər və ehtiyatlı olmağı, divarlara yaxın getməməyi xahiş edirlər. Biz stadion üçün ayrılmış boş sahənin yanından keçirik. Raket bura, əllicə metr şərqə doğru düşsəydi, ağır fəlakət olmazdı. Ancaq düşmən haranı nişan aldığını bilir.

 

Təxminən beş metr dərinliyində quyunun ətrafında adam çoxdur. Əksəriyyəti də jurnalistdir. Türk televizionçuları, bizim müxbirlər… Həmkarımız Ümid Rəhimoğluya rast gəlirik, özü ilə Bakıdan “Əl-Cəzirə”nin çəkiliş qrupunu gətirib.

 

Quyunun ətrafında, 30 metr radiusda yalnız daş-dəmir qalağı, şifer-taxta parçalarıdır. Ondan o tərəfə – qərbə, cənuba və şimala doğru isə evlərin pəncərələri yoxdur, talvarlar çöküb, damlar deşik-deşik olub.

 

Bir qadın bacısı oğlanları ilə uçqunun altından çıxarılmış yorğan-döşəyini yığır. Türk jurnalistləri onun harada qaldığını soruşurlar.

 

– Bacımgildə qalırıq. Hökumət yer verdi, istəmədik. Ev-eşik dərdi çəkmirəm, qonşularım tələf oldu. Elə gözəl insanlar idilər… Mən belə qonşuları hardan tapacam… Qoy olsun! Təki bizə dəysin, əsgərlərimizə dəyməsin. Allah onları qorusun! İki oğlum cəbhədədir. Heyfimizi düşmənlərdən çıxarlar!