Əsas səhifə Haqqımızda Xəbər lenti

Düşmənin Ağdama hücumu nəticəsində 4 mülki şəxs yaralanıb

Düşmənin Ağdama hücumu nəticəsində 4 mülki şəxs yaralanıb

Baş Prokurorluq əməkdaşları tərəfindən istintaq tədbirləri həyata keçirilir

 

Bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

 

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, bu gün saat 15 radələrində rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (Aztv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü  Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az      19 Oktyabr 2020 17:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin