Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusa yoluxan baş redaktor: “Mənim üçün ikiqat zərbə oldu”

Koronavirusa yoluxan baş redaktor:           “Mənim üçün ikiqat zərbə oldu”

“Əvvəlcə düşünürdüm ki, adi soyuqdəymədir, amma qəfildən iybilmə və dadbilmə qabiliyyətimi itirdim” – Aqil Camal

 

Statistikaya görə dünyada koronovirus (COVID-19) infeksiyasına yoluxanların sayı 40 milyon nəfərə yaxınlaşır, virusdan həyatını itirənlərin sayı isə 1 milyon 100 min nəfərdən artıqdır. Düzdür, virusdan sağalanların da sayı kifayət qədərdir, hələlik bu rəqəm 30 milyona yaxınlaşır. Azərbaycanda isə virusa yoluxanların sayı 43 min nəfər, sağalanların isə 39 min nəfərdən artıqdır. Virusdan dünyasını dəyişənlərin sayı 621 nəfərdir.

 

Bir müddətlik virusa yoluxma sayında azalma qeydə alınsa da, təəssüf ki, yenidən yoluxma sayında artım müşahidə olunur. Lakin görünən odur ki, cəmiyyətimizdə virusun varlığına hələ də şübhə ilə yanaşanlar qalmaqdadır. Elə yoluxma sayında yenidən artımın müşahidə edilməsini də infeksionist həkimlər bu inamsızlıq və ondan qaynaqlanan başdansovdu yanaşma ilə əlaqələndirirlər.

 

Bildiyimiz kimi, dünya bütün diqqətini COVID-19-la mübarizəyə yönəltmişkən, biz həm də mənfur düşmənlə mübarizədəyik və hazırda ölkəmizdə əsas diqqət cəbhədə baş verənlərə yönəlib. Bu səbəbdən də COVID-19 ikinci plana keçib. Lakin virus hələ də var və yoluxuculuq qabiliyyəti heç də əvvəlkindən zəif deyil.

 

Və artıq cəmiyyətin tanıdığı bir sıra şəxslərin koronavirusa yoluxması faktları ortaya çıxır. “Türküstan” qəzetinin və turkustan.info saytının baş redaktoru, tanınmış jurnalist Aqil Camal kimi... Həmkarımız artıq günlərdir ki, virusla mübarizə aparırmış. Bunu o, AYNA-ya müsahibəsində deyib. Beləliklə:

 

- Allah şəfa versin, Aqil bəy. Virusa yoluxduğunuzu necə bildiniz, test etdirdiniz, yoxsa əlamətlərdən artıq məlum idi?

 

- Çox sağ olun! İlkin əlamətlərdən elə bilirdim ki, hər zamankı kimi soyuqdəymədir. Çünki bildiyimiz kimi, COVID-19 özünü ağız boşluğunda adekvat formada göstərir. Ancaq mən daha çox aşağı ətraflarda, əzələlərdə ağrı hiss edirdim. Bir neçə gün üşütmə, tərləmə kimi əlamətlər oldu. Buna görə də mən düşündüm ki, bu, sadəcə soyuqdəymədir, ötüb keçər. Amma bir həftədən sonra iybilmə və dadbilmə qabiliyyətimi qəfildən itirdim. Onda artıq anladım ki, bütün bunlar COVID-19-un fəsadlarıdır. Sonrakı günlərdə də yavaş-yavaş temperaturum yüksəlməyə başladı. Bundan sonra müayinə olundum və müalicəyə başladım. Müayinədə məlum oldu ki, ağciyərim virusdan 40% təsirlənib və ağciyərimdə “buzlu şüşə” müşahidə olunur. Artıq iki həftədən çoxdur ki, müalicəm davam edir.

Премьер Уганды самоизолировался из-за COVID-19

- Müalicənizi ev şəraitində davam etdirirsiniz, yoxsa…?

 

- Ev şəraitində. Çünki xəstəxanalarda da vəziyyət kritikdir. Digər tərəfdən də müharibə gedir. Həkimlə məsləhətləşdik, müalicəni evdə aparmaq uyğun görüldü deyə evi seçdim. Bütün müalicə kursunu evdə keçirəm.

 

- Sosial media hesabınızda xəstəliyi ağır keçirdiyinizi yazmısınız. Bu, nə ilə bağlıdır, COVID-19-la yanaşı hansısa başqa xəstəliyiniz varmı?

 

- Xeyr, əlavə xəstəliyim yoxdur. Lakin ağciyərimin 40% zədələnməsi ciddi göstəricidir. Hazırda virusun digər fəsadları aradan qaldırılıb. Amma virusun da öz periodu var - 14-15 gündən sonra yüngülləşir. Daha qızdırmam, əzələ, baş ağrılarım yoxdur, iybilmə, dadbilmə qabiliyyətim bərpa olunub. İndi ancaq ağciyərimin müalicəsi gedir. Bununla bağlı gün ərzində səhər-axşam sistemlər vurulur, müxtəlif dərman preparatları qəbul edirəm.

 

- Cəmiyyətdə belə bir fikir dolaşır ki, kim daha çox qorunursa, sanki, daha çox elə o yoluxur. Özünüzü çoxmu qoruyurdunuz?

 

- Virusa hər zaman ciddi yanaşmışam. Bütün dünyanı cənginə alan, ölkələrin iqtisadiyyatını çökdürən belə bir bəla varsa, buna ciddi də yanaşmaq lazımdır. Özüm gün ərzində getdiyim yerlərdə daim maskadan, spirtdən istifadə etmişəm. Lakin heç bilmədim ki, harada, necə yoluxdum.

Разработана способная определить симптомы COVID-19 маска - Газет

- Özünüzü qrip kimi hiss etdiyiniz vaxtdan sonra təmasda olduğunuz insanlarda da yoluxma faktı və ya hansısa əlamətlər qeydə alınıbmı?

 

- Xeyr. Qrip kimi hiss etdiyim vaxtdan özümü təcrid etmişəm.

 

- Psixoloji baxımdan virusa yoluxma ilə bağlı narahatlığınız var idi, yoxsa sadəcə hər ehtimala qarşı tədbirli davranırdınız?

 

- Virusa yoluxma ehtimalından qorxduğuma görə tədbirli davranmırdım. Bunun vacibliyini düşünərək hər zaman tədbirli olmuşam. Lakin heç zaman ağlıma gəlmirdi ki, yoluxaram. Xüsusilə də böyük və daha çətin bir dönəmi artıq geridə qoymuşduq. Virusun öz gücünü itirməsi ilə bağlı xəbərlər dolaşarkən, birdən-birə virusa yaxalanmağım, xüsusilə də indiki vaxtda – Vətən müharibəsi gedən bir dövrdə mənim üçün ikiqat zərbə oldu. Çünki həm media işçisi, həm də aktiv sosial şəbəkə istifadəçisi olaraq edə biləcəklərimi edə bilmirəm.

 

- Xəsətliyi keçirmiş birisi olaraq insanlara nə tövsiyə edərdiniz?

 

- Mən baxıram, bu gün də virusla bağlı televiziyalardan çağırışlar edilir. Lakin qaydalara əməl etməyin vacibliyi insanlara şablon gəlir, bəlkə də ciddiyə almırlar. Amma yaxşı olar ki, bir anlıq o şablon kimi qəbul etdikləri çağırışlara ciddi yanaşsınlar. Həqiqətən bu virus var və heç kim bundan sığortalanmayıb. Üstəlik də, kimin bu virusdan necə təsirlənəcəyi əvvəlcədən bəlli olmur. Mən özüm gördüm ki, orqanizmində digər hər hansı problem olan, ağciyərində əvvəlcədən problemlər olan insanlar üçün daha ciddi fəsadlar törədəcək bir bəladır. Ona görə də çox ciddi şəkildə qaydalara riayət etmək lazımdır. Maska taxılmalı, sosial məsafəni qorumağa diqqət göstərməli, buna şablonlaşmış çağırışlar kimi baxılmamlıdır. Son günlərdə açıqlanan statistic rəqəmlər da onu göstərir ki, vəziyyət yenidən ciddiləşir. Hər kəs gərək özündən muğayət olsun. Hazırkı dönəmdə elə bir mərhələdən keçirik ki, daha diqqətli olmalıyıq – həm özümüzə, həm də başqalarına qarşı. Düşmənlə savaşa bilmək üçün bizə can sağlığı lazımdır. Biz həm COVID-19 virusu ilə, həm də mənfur düşmənlə eyni anda savaşmaq məcburiyyətindəyik. Bunu dərk etməli və virusa qarşı tədbiri əldən verməməliyik.

Müəllif: Aləmdə Nəsib      18 Oktyabr 2020 15:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin