Əsas səhifə Haqqımızda Xəbər lenti

Xoş gördük, Xudafərin körpüsü!

Xoş gördük, Xudafərin körpüsü!

Böyük tarixin şahidi öz doğma ölkəsinə qovuşdu

 

Artıq günlərdir ki, Azərbaycan Ordusu dünyanın gözü qarşısında tarix yaradır və yazır. 30 ilə yaxındır Ermənistan və onun havadarları tərəfindən işğal olunan Qarabağ torpaqlarını azad etməkdəyik. Ermənistan BMT və digər təşkilatların işğalçı ordunun Qarabağdan dərhal çıxarılmasına dair qətnamələr qəbul edilməsinə də məhəl qoymurdu. Torpaqlarımız qanunsuz olaraq işğalda saxlanılmaqda davam edirdi.

 

2020-ci ildə Tovuz rayonu istiqamətində dövlət sərhədimizin pozulması, yüksək rütbəli hərbçilərimizin şəhid edilməsi bu xalqın 30 illik səbrini daşırdı. İnsanlar paytaxt Bakıda bir yumruq şəklində “Ali Baş Komandan, silah ver bizə!” şüarı səsləndirərək, xalqın dövlətin arxasında olduğunu dünyaya göstərdilər. Həmin günün sabahı bütün ölkələrin media manşeti Azərbaycanı yayımladı. General şəhid olmuşdu, xalq hakimiyyətə istefa deyil, əksinə dəstək olaraq Qarabağın azadlığı üçün “yola çıxaq” tələbi etmişdi.

 

Tovuz döyüşlərindən sonra Rusiyanın Xəzəryanı ölkələr vasitəsi ilə Ermənistana silah daşıması, xalqın narahatçılığı, ölkə rəhbərinin də Rusiya rəhbərliyinə zəngi artıq səbrin daşması demək idi. Gürcüstanı çıxmaq şərti ilə, qonşularımız mənfur düşmənə dəstək verdi, düşmən isə Azərbaycanı strateji hədəfləri vuracağı ilə hədələdi.

 

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında bütün bu təhdidləri, silahlandırmanın Azəbaycanda naratlıq yaratdığını söyləyən Prezident İlham Əliyev Azərbaycanın öz torpağını qorumaq üçün əlindən gələni edəcəyini bildirdi.

 

27 sentyabr gecəyarısı Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən Azərbaycan Ordusu üzərinə hücuma keçdi. Bununla da kifayətlənməyib, mülki əhali yaşayan əraziləri də ətəşə tutdular. Azərbaycan tərəfi bütün cəbhələrdə genişmiqyaslı əməliyyatların aparılması üçün qərar qəbul etdi. Qarabağ uğrunda müharibə başlandı. İlk gündən ordumuz ard-arda bəzi kəndləri və yüksəklikləri azad etdi.

 

Qələbəyə gedən yol...

Cocuq Mərcanlı 24 ildən sonra öz sakinlərini yenidən qoynuna alır VİDEO -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biz uzun illər sonra, 2016-cı ilin aprel ayında Cocuq Mərcanlı kəndi ilə yurda qayıdışımızın təməlini qoyduq. Talış kəndi ətrafında bir neçə yüksəkliyi azad edərək, kəndi və digər ərazilərə nəzarəti ələ aldıq. Ordumuzun ən bacarlıqlı hərbçilərini şəhid verdik. 4 il sonra yenidən yurda qayıdış hərəkatımız başlandı.

 

Hər gün qələbə xəbərləri, hər gün azad edilmiş kəndlərin sevincini yaşayrıq. Hər birinin tarixi var, hər kəndin yol daşı belə, bizə doğmadır, əzizdir. İlk qələbə xəbəri Füzuli rayonunun Qaraxanbəyli kəndindən gəldi. Kəndin tarixi adı və strateji əhəmiyyəti böyükdür. Kəndin adı Qaraxanbəy soyuna bağlıdır. Qarabağ xanı Pənahəli xan Qarabağın düzənlik yerlərinə Naxçıvandan bir sıra tayfaları köçürmüşdü ki, onlardan biri də Qaraxanbəylər idi. Kənd 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Əhalisi Azərbaycanın müxtəlif bölgələrinə köçkün kimi yerləşmişdi. 27 sentyabr 2020-ci ildə kənd işğaldan azad edildi.

 

Digər azad edilən kənd Qərvənd kəndi oldu. Kəndin tarixi orta əsrlərə gedib çıxır. Qarıbənd oymağının adını daşıyır. Bəzi tarixçilər kəndin toponimini Gəraybənd tayfasının adı ilə bağlayırlar. Gəray şəxs adı, “vənd” isə qədim irani dillərdə nəsil, kök mənasını bildirir. İşğala qədər kənddə əhalinin əsas məşğuliyyəti əkinçilik idi. 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. 2020-ci il 27 sentyabrda uğurlu hərbi əməliyyatlar nəticəsində azad edildi.

Horadiz marks anniversary of liberation from Armenian occupation

Kənd Horadiz. Horadiz qəsəbəsinə daxildir. Tarixi adı Qoradüzdür. Qədim tük dillərində köçəri tayfaların qora, qur oba, düz isə mal-qara üçün axur mənasını verir. Qora Düzü Qarabağ xanlığının mövcudluğu dövründə Dizaq məlikliyinin ərazisi idi. Əhalisinin tamamı türk xalqı idi. Xalq əkinçilik və maldarlıqla məşğul idi. 90-cı illərdə ermənilərin qarabağa hücumu nəticəsində Füzuli rayonunun bir sıra əraziləri kimi Horadiz də işğala məruz qaldı. Lakin Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildə uğurlu hərbi əməliyyat keçirərək Horadizin böyük hissəsini, bir qəsəbə, 21 kəndi azad edə bildi. 109 min məcburi köçkün yurduna döndü. 2007-ci ildə Prezidentin fərmanı ilə Horadizə şəhər statusu verildi. 27 sentyabr 2020-ci ildə Horadiz tamamilə azad olunaraq, qələbəyə gedən yolumuzu açdı.

 

Son dövr qəhrəmanlıq dastanımızın başlanğıcı Talış kəndindən də keçir. Bu kəndin tarixi, adı bizə orta məktəb dərsliklərindən bəlli idi. Qarabağın beş məlikliyindən biri olan Gülüstan məlikliyinin mərkəzi idi. bəzən Talış məlikliyi də deyilirdi. İnzibati ərazi bölgüsü aparılarkən ərazi Ağdərə rayonuna verilmişdi. 1992-ci ildə Ağdərə ərazisi digər rayonlar arasında bölüşdürülərkən, Talış kəndi Tərtərin ərazisinə aid edilmişdi. Kənd 1992-ci ildə işğal edilmişdi, lakin əks hərbi əməliyyat nəticəsində qısa müddət sonra yenidən azad olunmuşdu. 1994-cü ildə isə erməni silahlı qüvvələri bir daha Talışı işğal etdilər.

 

2016-cı ilin 2 aprel günü. 4 gün davam edən müharibədə Azərbaycan silahlı qüvvələri Talış kəndində əsas strateji yüksəklikləri azad etdi, xeyli şəhidlər veridik. Beləliklə o yüksəklikdən Qarabağa yol göründü. 3 oktyabr 2020-ci il tarixində isə Talış kəndi tamamilə azad edilərək milli ordumuzun nəzarətinə keçdi. Bütün şəhidlərimizin ruhu şad olsun.

 

Suqovuşan isə tarixi ədalətin bərpasının zirvəsi oldu. Strateji əhəmiyyəti olan bu qəsəbə dağların arasında yerləşir. Düşmən buradan çayların qarşısını kəsir, Tərtər, Yevlax və Goranboy rayonlarını susuz qoyurdu. Hazırda Suqovuşandan gələn su bu rayonlarda təbiətə can verir. Suqovuşanda tarixi abidələr də mövcuddur. Alban memarlığının yadigarı olan Müqəddəs Yelisey kilsəsi burada yerləşir.

 

Salam, Xudafərin körpüsü!

İllərdir kitablardan oxuduğumuz, şəklini gördüyümüz Xudafərin körpüsü Cəbrayıl rayonunda, Araz çayı üzərində yerləşir. Bu tarixi abidəmizin başı əsrlərdir hər cür bəla görmüşdü, lakin bir fərq vardı ki, dağıntlara məruz qalsa da, o zamanalar bizim nəzarətimizdə idi. Lakin tarixi körpümüz 30 il idi ki, yad əllərdə idi. 4 oktyabr tarixində Cəbrayıl rayonunun mərkəzi ilə bərabər bir neçə kəndi də azad edildi və öz sahiblərinə qaytarıldı. Artıq tarixi Xudafərin körpüləri öz doğma ölkəsinə qovuşdu.

 

Xudafərin körpüsü körpü olmaqdan əlavə, həm də zaman-zaman Azərbaycanı birləşdirən simvolik körpü rolunu da oynayıb. Tarixi mənbələrdə bizə iki Xudafərin körpüsünün olması məlumdur. Baş Xudafərin və İkinci Xudafərin. Yaqut Əl-Həməvi yazır ki, Möcüzə çayı (Araz çayı) üzərində bir çox körpülər var ki, onlardan biri güclüdür, dayanıqlıdır. Həmdullah Qəzvini isə Araz çayı üzərində tikilən böyük körpünün ərəb əmiri Bəkir İbn Abdullah tərəfndən tikildiyini deyir.

 

Adı “Allaha mərhaba” mənasını verən bu körpü “Xuda Afərin” adlanır. Bizə daha çox məlum olan və bu gün də öz əzəmətini qoruyan Xudafərin körpüsü Azərbaycan intibah dövləti olan Şəddadi dövlətinin (971-1054) hökmdarı Fəzl İbn Məhəmməd Şəddad tərəfindən 1027-ci ildə tikdirilmişdi. Onun uzunluğu 130 m, hündürlüyü 12 m, eni isə 6 m idi. Bu zaman körpü 11 aşırımlı idi.

 

Körpü həm cənubda var olan Rəvvadi dövlətinə hücum üçün, həm də Çindən, Hindistandan gələn ticarət yollarının bu körpü vasitəsi ilə Arazdan şimala da keçməsi üçün son dərəcə əhəmiyyətli idi. Sonrakı dövrlərdə körpü Azərbaycanın şimalına hücumların da əsas keçid yolu olmuşdu. Eldənizlər dövlətininin zamanında Xudafərin körpüsü şimalla cənubu biləşdirən çox əhəmiyyətli körpü idi. Sultan Qızıl Arslanın Tiflis səfərinə gedərkən və qələbə ilə dönərkən, yazılan mənbələrdə də körpü haqqında önəmli məlumat verilir.

 

Böyük Xudafərin körpüsünün tağlarında ölçü fərqi var. Bu da təbii qayalar üzərində tikildiyi üçündür. Dalğaqıranlar xüsusi hesablanaraq böyük daşlardan hörülüb. Üst keçid hissəsində körpü bişmiş kərpicdən hörülüb.

 

Tarixi körpülər daha sonra da böyük hərbi yürüşlərə körpü olub. Səfəvi-Osmanlı müharibələrinin də tarixi bu abidələrə həkk olunub. Bəzi vaxtlar ətraflarında uçurulmalar olsa da, strateji əhəmiyyəti nəzərə alınaraq, müxtəlif vaxtlarda təmir edilib.

 

Xudafərin körpüsünün dağıdılması haqqında ilk dəfə “Qarabağnamə”lərdə məlumat verilir. Yazılır ki, Ağaməhəmməd Şah Qacarın Qarabağa ikinci hücumundan (1797) əvvəl İbrahimxəlil xanın əmri ilə Xudafərin körpüsü dağıdıldı. Bəzi hissələri salamat qaldı. Lakin Ağaməhəmməd Şah Qacar körpünü yenidən təmir etdirdi.

 

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra isə cənubla əlaqəni kəsmək üçün, 1930-cu ildə İran və SSRİ arasında əldə olunan razılığa görə körpü dağıdıldı. Keçilməz vəziyyətə salındı. Ondan sonra el arasında ona “ikinci Sınıq körpü” də deyilməyə başlanıldı.

 

Cəbrayılın tarixi abidələri Xudafərin körpüləri ilə yekunlaşmır. Burada qədim mağaralar, türbələr, məscidlər, qalalar da mövcuddur. İnanırıq ki, kəndbəkənd azad olunan torpaqlarımızda yerləşən bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız haqqında müjdə yazıları yazacağıq.

Müəllif: Şəhla Cabbarlı      17 Oktyabr 2020 22:37
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin