Əsas səhifə Haqqımızda Xəbər lenti

“Rusiya üçün Ermənistan vasitə, Azərbaycan isə məqsəddir”

“Rusiya üçün Ermənistan vasitə, Azərbaycan isə məqsəddir”

 

Anar Həsənov: “Verilişlərin əksəriyyətində biz özümüzü minalanmış ərazidə hiss edir və siyasi böhran meneceri kimi çıxış edirik

 

Sentyabrın 27-də düşmən təxribatı nəticəsində başlayan və Azərbaycan Ordusunun güclü əks-hücum əməliyyatları ilə davam edən döyüşlər dünyada diqqətlə izlənilir. Müxtəlif ölkələrin media qurumları baş verənləri öz “pəncərələrindən” izləyərək, öz maraqlı çərçivəsində qiymət verir.

 

Xüsusilə, Rusiya KİV-ləri Qarabağ döyüşlərinə böyük yer ayırır. Təəssüf ki, əksər hallarda qeyri-obyektiv, qərəzli və anti-Azərbaycan mövqeyindən yanaşır Rusiya mediası proseslərə. Belə məqamlarda isə rus telekanallarında Azərbaycanın haqlı davasını müdafiə edən, həqiqətləri çatdıran insanlara ehtiyac yaranır.

 

Və son günlər cəmiyyətimiz daha bir cəsur soydaşımızı tanımağa başladı. Onun Rusiya efirindən Qarabağ savaşı, Azərbaycan həqiqətləri barədə cəsarətli çıxışları, məntiqli arqumentlərlə erməni və ermənipərəst rus politoloqlarını susdurması ölkəmizdə rəğbətli qarşılanır. Beləliklə, AYNA-nın müsahibi Moskvada yaşayan həmyerlimiz, jurnalist, siyasi şərhçi Anar Həsənovdur.

 

- Anar bəy, Qarabağdakı hərbi əməliyyatlarla, Azərbaycanın haqq davası ilə bağlı Rusiya telekanallarındakı çıxışlarınız ölkəmizdə maraq və rəğbətlə qarşılandı. Bu gün cəmiyyət maraqlanmağa başlayıb ki, Anar Həsənov kimdir…

 

- Mən Bakıda dünyaya gəlmişəm. 2004-cü ildə Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakultəsini bitirmişəm. 2007-ci ildə MDU-nun Jurnalistika fakultəsində namizədlik dissertasiyası müdafiə etmiş və bunu edən ilk Azərbaycan vətəndaşı olmuşam. Hazırda Rusiya vətəndaşıyam və 20 ildir ki, Rusiyada yaşayıram. Uzun müddət Azərbaycan  televiziyalarının Rusiya nümayəndəliklərinin rəhbərlik etmişəm. Fəaliyyət göstərdiyim müddətdə rezonans doğuran bir çox reportajların, portretlərin, filmlərin müəllifi olmuşam. “Dərbənd”,  “416-cı diviziya - biz birlikdə qələbə qazandıq” filminin müəllifiyəm. Bu filmin Rusiyanın 5 regionunda təqdimat mərasimi keçirilib.

undefined

Bundan başqa, Abel Aqanbekyanla, SSRI nin sabiq müdafiə naziri Dmitriy Yazovla, Çeçenistan Prezidenti Ramzan Kadırovla, İnquşetiyanın üçüncü Prezidenti Yunus-Bek Yevkurovla, Alaniyanın rəhbəri Taymuraz Mamsurovla, Buryatiyanın rəhbəri Vyaceslav Naqovitsınla eksklüziv müsahibələrin müəllifiyəm. Həmçinin, Nordost terrorunu və 2008-ci il Gürcüstan müharibəsini lentə almışam. İlk dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qarşısında qaldırmışam və Lavrov mənim sualıma cavab olaraq Dilqəmin Rusiya vətəndaşı olduğunu, onun taleyi ilə maraqlanacaqlarını bildirib. Bundan başqa, dəfələrlə Lavrovun brifinqlərində ona suallar vemişəm.

undefined

2017-ci ildə “Azərbaycan əgər anti-terror əməliyyatlarına başlasa, Rusiya daxili işimizə qarışacaqmı” sualına görə işdən çıxarılmışam. Guya, mən o sualla Rusiya-Azərbaycan münasibətlərinə “sərinlik” gətirmişdim, halbuki bu yanlış interpretasiya idi. İndi Rusiya universitetlərindən birinin Jurnalistika fakultəsində Siyasi jurnalistika, Böhran jurnalistikası, Müasir regionşünaslıq, Rusiyanın diskustiv mövzuları, Informasiya və təşviqat müharibələri, Kütləvi informasiya vasitələri və beynəlxalq münasibətlər fənnləri üzrə dərs deyirəm, böyük müəllim vəzifəsində çalışıram. Filologiya elmləri namizədiyəm.

 

“Rusiyanın Ermənistana dəstəyi görüntü xarakteri daşıyır”

 

- Bu gün Qarbağ cəbhəsində baş verən döyüşlər, Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı Rusiyadan və paytaxt Moskvadan necə görünür?

 

- Rusiya siyasi elitasının Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti yekdil deyil. Rusiya xarici siyasətində Lavrov qanadı var və Lavrov qanadı bu məsələdə bir növ Ermənistana hamilik edir. Ancaq bu münasibəti bütün siyasi elita bölüşmür. Ermənistan Rusiyadan asılı dövlətdir, biznes maraqları var, silah satışı məsələsi var, Ermənistanın iqtisadiyyatı ilə bağlı monopoliya məsələsi var və s. Yəni Rusiya siyasi elitasında Ermənistanla münasibətlərin yaxşı olmasında maraqlı olan qüvvələr var. Ancaq ikinci bir məsələ ondan ibarətdir ki, Ermənistan Rusiya üçün vasitə, Azərbaycan isə məqsəddir. Azərbaycan həm də böyük loqistik layihələr deməkdir. Azərbaycan Türkiyə ilə münasibətlərdə mühüm bir amildir.

 

Bu baxımdan, Rusiyada Azərbaycanın Qarabağ mübarizəsi birmənalı qarşılanmır. Hesab edirəm ki, dövlət səviyyəsində müdaxilə etməməklə, Azərbaycana dəstək vermiş olurlar. Ancaq ictimaiyyət səviyyəsində bir növ balans yaradırlar və balansı pozmamaq üçün ictimaiyyət səviyyəsində Ermənistanın tərəfinin saxlanıldığı görüntüsünü yaradırlar. Hesab edirəm ki, ictimaiyyət səviyyəsində Azərbaycana göstərilən reaksiyanın arxasında süni balans var. Rusiya bu münaqişənin həll olunmasında maraqlıdırmı? Mən düşünmürəm. Çünki Rusiya bu müharibədən bütün dövlətlər kimi, siyasi ticarət aləti olaraq istifadə edir. Məsələn, Rusiya hazırda Türkiyə istisna olmaqla, heç bir dövlətin bizim regiona müdaxilə etməsinə imkan verməyəcək. Türkiyənin də təkidini başa düşüb özü müdaxilə etməyəcək. Çünki Rusiyanın müdaxiləsi - Türkiyənin əraziyə müdaxiləsi deməkdir. Müharibə başlamazdan əvvəl siyasi vəziyyət nəzərə alınıb və fərqindəyəm ki, bu gün Rusiyanın məsələyə göz yumması, Azərbaycanın əli ilə Paşinyan hökumətinin devrilməsi məqsədi daşıyır.

Rusiyanın Ermənistana hərbi dəstəyinə gəldiksə isə, Rusiya hər halda sülhpərvər görüntü yaratmağa çalışır. Lakin etiraf edək ki, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik var və Rusiyanın Ermənistana silah ötürməsi indiki durumda belə, hüquqa zidd deyil. Çünki Azərbaycan da İsraildən, Türkiyədən və Rusiyadan silah alır və heç kimin qarşısında buna görə hesabat verməli deyil. Rusiyanı bu məsələdə belə ittiham etmək olar ki, həm sülh çağırışları edir, həm də Ermənistana silah ötürür. Lakin hüquqi baxımdan qanunu pozmur.

 

- Qeyd etdiniz ki, Rusiya fəlakətli ssenari – Qarabağın tam təmizlənməsini gözləmir. Bəs, bu ssenari baş tutarsa…?

 

- Rusiyada Azərbaycanı müdafiə edən siyasi elita da var, Azərbaycanın üzərinə gedən elita da. Azərbaycanın üzərinə gedən siyasi elita da iki hissəyə bölünür: Ermənistanla bağlı biznes marağı olan siyasi elita və Rusiyanın liberal siyasi qanadı. Liberallar Rusiyada marginaldır, heç parlamentdə də təmsil edilməyiblər. Onlar Ermənistana 1990-cı illərdə də dəstək veriblər. İkinci bir məsələ isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti və Rusiya liberalları bir mərkəzdən qidalanır və dəstəklənirlər. Yəni, biz bu arada gördük ki, liberal dəyərlərin arxasında nələr dayanır. Çünki Rusiyanın bütün liberal qanadı Azərbaycana qarşıdır və biz liberal dəyərlərin arxasında ədalət olmadığını Rusiyada gördük.

 

Mən Rusiyanın Azərbaycan ərazilərinə, Qarabağa müdaxilə edəcəyini inanmıram. Çünki Rusiya telekanallarında bu məsələ müzakirə olunsa da, onlar elan edirlər ki, bu ərazilər Azərbaycanın suveren ərazisidir və ora müdaxilə etməyə heç kimin haqqı yoxdur. Onlar hesab edirlər ki, Rusiyanın Azərbaycan ərazisinə müdaxiləsi Azərbaycanın itirilməsi deməkdir və İlham Əliyevin hakimiyyətinə bir zərbədir. Nəticədə Azərbaycanda Avorpaya, Türkiyəyə meyilli qanadın güclənməsi Azərbaycanın itirilməsinə səbəb ola bilər. Ona görə də Rusiya o ərazilərə müdaxilə etməyə tələsmir.

 

- Kremlin nəzarətində olan KİV-lər döyüşlərin ilk günlərində nisbətən neytral mövqe sərgiləyirdi, daha çox Türkiyə hədəfə alınırdı. Lakin humanitar atəşkəs anlaşmasından sonra rus mediasının proseslərə münasibəti kəskin dəyişdi - ənənvi olaraq anti-Azərbaycan ritorikası geri qayıtdı. Səbəb?

 

- Çünki Rusiya KİV-ləri düşünürdü ki, Azərbaycan bu cür siyasi təzyiqlərdən sonra müharibəni dayandırmağa məcbur olacaq. Azərbaycandan qətiyyət gözləmirdilər. Ona görə də bir müddət Rusiya mediası maksimum neytral olmağa çalışdı. Azərbaycan Ordusunun Qarabağ cəbhəsindəki uğurları Ruisya KİV-lərinin də ritorikasını dəyişdi. Lakin bunun tamamilə dəyişdiyi fikri ilə də razı deyiləm. Çünki dəvət aldığım verlişlərdə mənə etiraf etmişdilər ki, neytrallığı qorumaq üçün yuxarıdan onlara tapşırıq gəlib. Ancaq bu neytrallıq həmişə pozulur. Məsələn, veriliş prodüserləri tanıdıqları adamları çağırır, aparıcıların rəğbət məsələsi var və s. İstənilən halda, verilişlərin əksəriyyətində biz minalanmış ərazidə özümüzü hiss edir və siyasi böhran meneceri kimi çıxış edirik. Bəzən təkbaşına 4-5 politoloqa opponentlik edirik.

- Moskvada əldə olunan humanitar atəşkəsin qüvvəyə minməsindən cəmi 5 saat sonra Ermənistan tərəfi Azərbaycanın mülki yaşayış məntəqələrini daha şiddətli şəkildə atəşə məruz qoydu. Bununla Azərbaycanda belə bir fikir yarandı ki, bu, Ermənistanın birbaşa Rusiyaya qarşı hörmətsizliyi idi. Yəni, Rusiyanın təşəbbüsü ilə razılaşma əldə olunur, bəyanat qəbul edilir, bir neçə saat sonra Ermənistan bunu pozur və ondan sonra cəbhədə daha ağır döyüşlər gedir. Sizin həmsöhbət olduğunuz, fikirlərini aldığınız dövlət rəsmiləri, Dövlət Dumasının üvləri, siyasi ekspertlər, şərhçilər bu barədə nə düşünürlər? Bu fakt Ermənistanın Rusiyaya qarşı hörmətsizliyi kimi qəbul edilirmi?

 

- Rusiyada obyektiv müşahidə hərbi cihazları ancaq Müdafiə Nazirliyinin tabeliyindədir. O materiallar da məxfi materiallardır. Onlardan başqa Rusiyanın ekspert səviyyəsində münasibəti belədir ki, hər iki tərəf müharibənin taktiki-operativ gedişatı zaman dezinformasiya ilə məşğuldur. Ona görə də Azərbaycanın Gəncənin vurulması ilə bağlı etirazlarına cavab olaraq Ermənistan iddia etdi ki, Azərbaycan da Xankəndi bombalayıb. Bu baxımdan, Rusiya cəmiyyətində bu məsələ sözsüz ki, humanist, pasifist çağırşlarla müşayiət edildi. Amma Ermənistan tərəfi ittiham edilmədi. Çünki Rusiyada ekspert səviyyəsində belə bir yanaşma var ki, hər iki tərəf dezinformasiya ilə məşğul olur. Dövlət səviyyəsində isə heç bir tərəf ittiham edilmir və çalışırlar ki, neytrallığı qorusunlar. Ona görə də dövlət səviyyəsində nə Azərbayacana, nə də Ermənistana təzyiq var.

 

O ki qaldı hörmətsizlik məsələsinə, humanitar atəşkəs zamanı Gəncənin vurulması Rusiya cəmiyyətində Ermənistanın Rusiyaya hörmətsizliyi kimi qəbul edilmədi. Halbuki, Gəncənin vurulması hərbi cinayətdir. Amma əgər Xankəndi vurulubsa belə, bu beynəlxalq hüquqda “təsadüfi zərər”, “bilmədən baş vermiş hadisə” kimi xarakterizə olunur və hərbi cinayət hesab edilmir. Çünki Xankəndi ərazisindən Azərbaycana silah tuşlanıb, amma Gəncə ərazisindən Ermənistana silah tuşlanmayıb. Ümumiyyətlə, Dağlıq Qarabağ ərazisinə endirilən zərbələr beynəlxalq hüquqa görə hərbi cinayət hesab edilmir.

undefined

- Rusiya mediasının əsas propoqandaçı simalarından olan Marqarita Simonyanla bağlı Azərbaycan mətbuatında belə xəbərlər yayıldı ki, o, hazırda media siyasətindən kənarlaşdırılıb. Guya ki, Simonyanın birtərəfli ermənipərəst mövqe sərgilədiyini nəzərə alan Rusiya hakimiyyəti onu müvəqqəti “zərərsizləşdirib”. Amma biz yenə də həm efirdən Simonyanın sifətini, həm də rəhbərlik etdiyi media orqanlarının anti-Azərbaycan fəaliyyətini görürük…

 

- Simonyanın uzaqlaşdırılmasını təsdiq edə bilmərəm. Amma bir məsələ var ki, Rusiya KİV-ləri hakimiyyətin gündəmini tirajlayır və sözsüz ki, gündəmin subyektidir. Əslində, hybrid siyasi rejimlərin hökm sürdüyü ölkələrdə əksər mətbuat orqanları bir növ hakimiyyətin ötürdüyü gündəmi tirajlayır. Yəni, baş verən hadisələrə hakimiyyətin gözü ilə baxır. Bu baxımdan, mən inanmıram ki, Simonyan Rusiyanın dövlət maraqlarını pozmağa cəhd eləsin. Xüsusi olaraq pandemiya dövründə bütün dövlətlərin əhalisi kimi, Rusiya əhalisi də siyasiləşdi. Hər halda 3 ay izolyasiya dövrü insanların siyasətlə məşğul olmasına şərait yaratdı. Simonyan kimi adamların da belə bir həssas dövrdə aktiv olmamasını özünü sığortalamaq kimi qəbul edirəm. Onlar onsuz da hər an ictimaiyyətin təzyiqi altındadırlar deyə, ehtiyyat edirlər. Simonyan kimi şəxslər bu gün Rusiya cəmiyyətində anti-potdurlar, onlara qarşı güclü anti-patiya var. Bu mənada güman edirəm ki, onun media siyasətindən uzaqlaşması haqda informasiya küyü Azərbaycan təbliğatının psixoloji təsir vasitəsi ola bilir.

 

“Sadə rus insanı üçün Qarabağ Donetsk deyil və onu maraqlandırmır”

 

- Rusiya siyasi elitasının Azərbaycana, Qarabağ münaqişəsinə münasibətindən danışdıq. Bizim xalqımız da bunu qətiyyən təqdir etmir və adekvat reaksiya göstərir. Bəs, Rusiya cəmiyyəti? Məsələn, sadə İvan dayı, Tanya xala Dağlıq Qarabağ, burada yaşanan hadisələr haqda nə düşünür?

 

- Bu müharibə rus insanının pəncərəsindən izlənilmir. Müharibə rus insanının həyətində getmir. Müharibə uzaqlarda gedir. Bu gün hibrid siyasi rejimlərin mətbuatı insanlara nə haqda düşünməyi yox, necə düşünməyi diqtə edir. Rusiya mətbuatı da necə düşünməyi diqtə edir. Başqa sözlə desək, media çərçivəli təsvirlər vasitəsi ilə Ermənistan-Azərbaycan münaqişəsi haqqında necə düşünməli olmağı vətəndaşa sırıyır. Sadə rusu Qarabağ maraqlandırmır. Çünki sadə rus üçün Qarabağda rus insanı yoxdur. Sadə rus üçün Qarabağ Donetsk deyil, bunlar Rusiyaya yaxın olsa da, qohumluğu olmayan iki xalqdır.

 

Ziyalılarının çoxluq təşkil etdiyi kəsimə gəldikdə, onlar daha çox Azərbaycan əleyhinədirlər. Bunun da kökləri 1990-cı illərə gedib çıxır. Həmin illərdə ermənilər bir çox vacib mövzulardan bizə qarşı istifadə edə bildilər. 1990-cı illərdə ən böyük mövzulardan biri Stalin idi. Ermənilər bundan istifadə edərək Stalin dövrünün bütün represiyyalarını lənətləyir, onu Qarabağı Azərbaycana verməkdə ittiham edirdilər. Ermənilər bu dezinformasiyanı Rusiya cəmiyyətinə yeritdilər, sanki Stalin Dağlıq Qarabağı ermənilərdən alıb azərbaycanlılara veribmiş. Ermənilər öz problemlərinə Stalini də qoşdular və avtomatik olaraq rus elitasında Stalinin Azərbayacana simpatiya, ermənilərə isə antipatiya bəslədiyi təsəvvürünü yaratdılar.

 

İkinci amil ondan ibarət idi ki, ermənilər 90-cı illərdə Qarabağ münaqişəsini azadlıq kimi qələmə verir və guya liberal dəyərlərə sadiq dövlət kimi, azad dövlət qurmaq arzusunu rus cəmiyyətinə yeridə bilmişdilər. Üzərindən 30 il keçsə də, həmin adamlar genetik yaddaşla yaşayır və özləri də müxalifətdə olduqları üçün bundan Putin iqtidarına qarşı da istiafdə edirlər. Səbəb də odur ki, Putin bu məsələyə müdaxilə etmir. Siyasi mübarizələrində də bu faktordan Ermənistanı müdafiə edib hakimiyyəti qınayırlar.

undefined

- Bu ilin Tovuz hadisələri hazırkı anti-terror əməliyyatlardan xeyli kiçikmiqyaslı və qısamüddətli olsa da, dünyanın müxtəlif ölkələrində, eləcə də Rusiyanın bir sıra şəhərlərində azərbaycanlıların dinc etiraz aksiyalarına erməni diaspor təşkilatlarının nümayəndələri basqınlar edir, böyük qarşıdurmalar yaranırdı. Rusiya hüquq mühafizə orqanları da buna görə çox sayda insanı nəzarətə götürmüşdü. Hazırda vəziyyət necədir, toqquşmalar qeydə alınmır ki?

 

- Tovuz məsələsinin səbəkarı Ermənistan idi. Bu, bir təxribat idi. Ermənilər əvvəlcədən dünyaya bir ismarıc göndərdilər ki, Azərbaycan revanş etmək istəsə, Azərbaycanın dünyanın marağında olduğu böyük layihələrini vura bilərik, Dünya Azərbaycanı bu işdən çəkindirsin. İkincisi, Paşinyan bununla bildirdi ki, Rusiya peykləri vasitəsi ilə kimin atəşkəsi pozduğunu yaxşı başa düşür. Bu da o məqsəd daşıyırdı ki, Ermənistanda Rusiyaya yaxın elitanın reytinqi düşsün, Paşinyanın reytinqi qalxsın. Yəni Köçəryan, Sarkisyan, Qarabağ klanı və keçmiş səhra komandirlərinin siyasi blokuna zərbə vurmaq və bir növ xalqa “səadətimizi Rusiyada görən ermənilər bilsinlər ki, Rusiyadan bizə kömək gəlməyəcək” mesajını vermək niyyəti güdülürdü. Ruslar da bunu yaxşı başa düşdülər ki, məsələ Ermənistanlıqdır.

 

Qaldı ki, azərbaycanlılarla ermənilər arasında qarşıdurma yaşanıb-yaşanmamasına, hələlik buna rast gəlinmir. Tovuz hadisələri zamanı həqiqətən də bütün diaspor rəhbərləri və nüfuzlu soydaşlarımızla ilə iş aparıldı və insanlar sakitləşdirildi. Bildiyim qədəri ilə, o zaman həbs edilənlərin əksəriyyəti heç azad olunmayıb. Ona görə də hər yerdə təlimat verilir ki, münaqişə edən tərəflərə Rusiya rəhbərliyi daha sərt şəkildə cinayət kodeksi bəndlərini şamil edəcək.

Müəllif: Tural Talehoğlu      16 Oktyabr 2020 11:35
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin