Kabus geri qayıdır: “Mümkün qədər evdən çıxmayın”

Kabus geri qayıdır: “Mümkün qədər evdən çıxmayın”

İnfeksionist: “İnsanlarda elə təəssürat yarandı ki, koronavirus qurtarıb, yoluxuculuq qabiliyyəti əvvəlki kimi deyil”

 

Son günlərdə dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşları virusla mübarizədə həkimlərə dəstək olmağa çağırıb: “Biz baş verə biləcək bütün proseslərə hazırıq. Amma kömək istəyirik ki, iki cəbhəyə yox, bütün diqqətimizi bir cəbhəyə yönəldək”.

 

Məlum olduğu kimi, qarşıdan soyuq qış ayları gəlir, mövsümi qriplərin də artacağı istisna edilmir. Bu vəziyyətdə isə insanlarda çaşqınlıq yaranacaq, kimi adi qrip olduğu halda koronavirusa yoluxduğundan şübhələnib özünü izolyasiya edərkən, kimi də koronavirusa yoluxduğu halda adi qrip zənn edərək başqaları ilə təmasda olacaq və digər insanları da yoluxdurmuş olacaq.

 

Mövzu ilə bağlı AYNA-ya danışan infeksionist həkim Günay Məhərrəmovanın sözlərinə görə, qrip olduğunu hiss edən şəxslər, hər ehtimala qarşı özlərini izolyasiya etməli, müayinə olunaraq test etdirməlidirlər: “Adi qripə də yoluxmamaq üçün həm uşaqlar, həm də böyüklər həkim məsləhəti ilə vitaminlər qəbul etməli, gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Maska taxılmalı, əllər tez-tez yuyulmalı, spirtlənməlidir. Artıq havalar soyuyub və mövsümi qriplərə yoluxanların da sayı kifayət qədərdir. Buna görə də qorunmaq və immuniteti də möhkəmləndirmək şərtdir”.

Mütəxəssis təhsil ocaqlarının, iş yerlərinin açılmasının ağıllı qərar olduğunu deyib: “Çünki, virusun nə zaman yox olacağı hələ bəlli deyil. Biz bu virusla hələ nə qədər müddət yaşayacağıq, bəlli deyil. Buna görə də virusla yaşamağı öyrənməliyik, qaydalara əməl etməliyik. Təhsil müəssisələrinin bağlı saxlanılması savadsızlaşmaya səbəb olduğu kimi, iş yerlərinin də bağlanması iqtisadi baxımdan insanlarda ciddi problemlərə səbəb olur. Buna görə də biz qaydalara ciddi riayət edərək, normal yaşamımızı davam etdirməliyik”.

 

Ölkəmizdə son günlərdə COVID-19 virusuna yoluxanların sayındakı artımdan danışan həkim, burada insanların məsuliyyətsizliyinə diqqət çəkib: “Təəssüf ki, son günlərdə ölkəmizdə baş verənlər insanlarda elə bir təəssürat yaratdı ki, koronavirus qurtarıb, yoluxuculuq qabiliyyəti daha əvvəlki kimi deyil. Amma statistikadan da göründüyü kimi, bu, belə deyil. Virus hələ də var və yoluxucudur. COVID-19 artıq bizim həyat tərzimizə çevrilib və ola bilsin, bir neçə il bizimlə olacaq”.

 

“Mən özüm də müşahidə edirəm ki, maska taxanların sayında azalma var. Qapalı məkanlarda - kafe-restoranlarda, liftlərdə, eləcə də, binaların həyətlərində toplaşan insanların çox az hissəsi maska taxır. Biz klinikada belə, gələn xəstələri maska taxmağa məcbur edirik, yoxsa insanların özləri maska taxmaqda, qorunmaqda tədbirli deyillər. Təəssüf ki, maska taxmayanlara da irad bildirdiyimizdə, maska taxmağını tələb etdiyimizdə, “xəstəlik yoxdur” silsiləsindən cavablar verirlər. Halbuki, ictimai yerdə təkcə özümüzün maska taxmağımız o demək deyil ki, 100% qorunuruq. Mütləq həmin yerdəki digər insanlar da maskadan istifadə etməlidirlər. Buna görə də məsuliyyət öz üzərimizə düşür, bu işdə tələbkar olmalıyıq”, - Məhərrəmova vurğulayıb.

 

İctimai nəqliyyatdakı sıxlığa toxunan infeksionistin fikrincə, bu vəziyyətdən çıxış yolu, lazım olmadıqca evdən çıxmamaq və ya ictimai nəqliyyatdan istifadə etməməkdir: “Doğrudur, hər kəsin şəxsi maşını yoxdur, ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətindədir. Lakin bacardığımız qədər ara məsafəsini gözləməyimiz, maskadan istifadə etməyimiz lazımdır ki, yoluxma riskini minimuma endirə bilək. Eyni zamanda, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq lazımdır”.

 

“Hazırda bir çox təhsil müəssisələri bağlıdır, lakin ictimai nəqliyyatda yenə də sıxlıq müşahidə olunur və belə görünür ki, bunun qarşısını almaq mümkünsüzdür. Hər kəs öz məsuliyyətini özü dərk etməli, tədbirli davranmalıdır. Yay ayında işimlə bağlı Türkiyəyə getmişdim. Mən orada fikir verdim, insanlar lazım olmadıqca, “Mall”lara getmirdilər. Hər yerdə də əlləri dezinfeksiya etmək üçün məhlullar yerləşdirilmişdi. Bizdə isə əksinədir, insanlarımız ticarət mərkəzlərinə gəzmək üçün gedirlər”, - müsahibimiz əlavə edib.

Müəllif: Aləmdə Nəsib      15 Oktyabr 2020 21:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin