Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantinə məcburiyyət, komendant saatı qarşısında fərəqət – MARAQLI MƏNZƏRƏ

Karantinə məcburiyyət, komendant saatı qarşısında fərəqət –           MARAQLI MƏNZƏRƏ

Sosioloq: “Koronavirusla bağlı əhali arasında fikir ayrılığı, müharibə ilə bağlı isə fikir aydınlığı var”

 

Həkim: “İmmunitetin çox önəmli faktorlarından biri emosional vəziyyətdir - müsbət emosiyaların çoxluğu və yüksək əhval-ruhiyyə xəstəliklərə qarşı dayanıqlığı artırır”

 

Sentyabrın 27-də düşmən təxribatı nəticəsində başlayan döyüşlərlə əlaqədar Azərbaycanda qismən səfərbərlik və bir sıra bölgələrdə komendant saat elan edildi. Həmin ərazilərdə saat 21:00-06:00 aralığında xüsusi icazə və şəxsiyyət vəsiqəsi olmadan küçəyə çıxmaq qadağandır. Xatırladaq ki, hazırda ölkədə koronavirus (COVID-19) pandemiyasından dolayı xüsusi karantin rejimi hə hökm sürür.

 

Burada maraqlı bir mənzərə müşahidə olunur: Karantin rejiminin tələblərinə məcburiyyət üzündən, könülsüz əməl edən, bəzi hallarda əməl etməyən vətəndaşlar, hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatının tələblərini birmənalı şəkildə və canı-könüldən riayət edir. Bu fakt həm gündəlik müşahidələrimizdə əksini tapır, həm də indiyədək rəsmi qurumların hansısa ciddi iradı, xəbərdarlığı yoxdur.

Əhməd Qəşəmoğlu təhsil sistemindəki sosial və psixoloji fəlakətləri  sadaladı - LAYİHƏ - VİDEO - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Mövcud reallığı AYNA-ya şərh edən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, komendant saatı ilə bağlı əhali arasında tam fikir aydınlığı var: “Hamı bilir ki, komendant saatıdır. Koronavirusla bağlı isə müxtəlif fikirlər dolaşır. Küçəyə çıxanda hamı bir-birinə deyir ki, “koronavirus var ki?” Gündə yalan statistika paylaşırlar, “xəstəlik-filan yoxdur” kimi şayiələr dolaşır. Bu cür ictimai rəyi çaşdıran böyük bir mexanizm işləyir. Bunu ya avamlıqdan edirlər, ya da xarici təşkiatlar və qurumların milləti çaşdırmaq üçün atdığı addımdır. Onlar bunu, sanki qəsdən təşkil edirlər ki, insanlar arasında inamsızlıq olsun, bunun boş şey olduğunu düşünsünlər. Bəziləri deyirlər ki, “Allah məsləhət bilsə, onsuz da yoluxacağıq”. Burda, sanki bir xurafat da var. Maarifləndirmə işlərində din xadimlərinin də bir rolu olmalıdır. Onlar da insanlara izah etməlidirlər ki, bu, elə bir xəstəlikdir ki, dini kitablarda da, şəriətdə də məsləhət edilir ki, özümüzü bu xəstəliklərdən qorumalıyıq”.

 

“Bir tərəfdən avamlıq, bir tərəfdən xurafat, bir tərəfdən də insanlar arasında fikir ayrılıqlarının olması insanlar arasında sağlamlıq mədəniyyətinin aşağı səviyyəyə düşməsinə səbəb olur. Azərbaycanda sağlamlıq mədəniyyəti arzuolunan səviyyədə deyil. Ona görə də əhalinin koronavirus barədə inamı başqadır, amma komendant saatını hamı başa düşür ki, faktiki olaraq ölkədə müharibə gedir, komendant saatı hökmən olmalıdır, hamı əməl etməlidir. Burada fikir yekdildir. Hamı bilir ki, müharibə gedir. Hamı bilir ki, müharibə gedən ölkədə komendant saatı olmalıdır. Yəni burda fikir ayrılığı yoxdur. Amma koronavirusla bağlı xeyli fikir ayrılığı var. Və bunu da ortadan götürmək üçün lazımi qurumlar heç bir iş görmür”, - ekspert bildirib.

 

Həkim-farmakoloq, “Uluslararası Complete-Pharma Europe” əczaçılıq şirkətinin Eksport Departamentinin direktoru Müşfiq Hüseynov isə AYNA-ya açıqlamasında, yaşananları xalqın vətənpərvərlik ruhu ilə əlaqələndirib: “2020-ci il bir gəldi, pir gəldi. Əgər fevralın sonunda, pandemiyanın qapımıza dirəndiyi zaman, kimə desəydilər ki, oktyabr ayında Qarabağda Vətən Müharibəsi olacaq və biz əzici üstünlüyə malik olacağıq, yəqin ki, bunu fantastik nağıl kimi qəbul edərdi. Amma bu gün reallıq budur. Ölkə başçısının siyasi iradəsi və uğurlu qərarları ilə bu gün 30 illik həsrətimizə qovuşmaq üzrəyik. Gündə 500 xəstənin qeydə alındığı ölkədə yüzminlərlə insanın Qarabağ tələbi ilə mitinqi baş tutdu. Heç kim qorunmadı və sosial məsafə gözlənilmədi, amma xəstəlik də artmadı. O vaxt da qeyd etmişdim, immunitetin çox önəmli faktorlarından biri emosional vəziyyətdir. Müsbət emosiyaların çoxluğu və yüksək əhval-ruhiyyə xəstəliklərə qarşı dayanıqlığı artırır”.

Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

“Xalq onillərdir ki, bölünə-bölünə gedirdi. Siyasi baxımdan, 50-dən çox partiya var ki, bir-birini həzm edə bilmir, hətta, nifrət dərəcəsində münasibət bəsləyirdi. Dini baxımdan vəziyyət ondan da pis idi. Dil ayrı-seçkiliyi, regionçuluq, sosial təbəqələşmə o qədər dərinə getmişdi ki, artıq sinfi nifrətin ilk elementləri gözə çarpırdı. Ölkənin üstündə, sanki ölü torpağı vardı. Bu qədər problemin altında əzilən xalqı birləşdirəcək tək dəyər Qarabağ idi. 30 illik həsrət, bizdən dəfələrlə zəif və sayca az, düşmən ölkəyə heç nə edə bilməmək xalqda “əziklik və məğlubiyyət” sindromu yaratmışdı. Bu sindromu sındırmaq çox çətin idi. Amma görünür, Ali Baş Komandan hər kəsdən fərqli olaraq, səbrlə lazım olan situasiyanın yetişməsini gözlədi və 10 gün ərzində düşmənin “onurğasını” qırdı”, - Hüseynov vurğulayıb.

 

“Çox maraqlıdır, əslində, biz elə aprel ayından ağır şəraitdə yaşayırıq. Küçəyə çıxma yasağı vardı, amma insanlar bir yolunu tapıb qanunu pozurdular. Toy və qonaqlıq yasağı vardı, amma dəfələrlə gizlincə təşkil edilən tədbirlərin şahidi olduq. Hər kəs vəd edilən 190 manatlıq yardımın azlığından və çatışmadığından şikayət edirdi. Bəs, bu gün? Nə oldu bir həftədə bu xalqa? Nə dəyişdi? Hər kəs gülür, hər kəsin gələcəyə ümidi var. Dövlət, Ordu və Xalq son 30 ildə bəlkə də ilk dəfədir ki, birlik və harmoniya nümayiş etdirir. Şəhidi düşən ana belə, məğrur baxışla “Vətən sağ olsun!” deyir. Küçədə polislərlə mübahisə edən yoxdur, dava salan yoxdur, sürücülər belə, bir birinə yol verir, insanlar can deyir-can eşidir, hər kəsin fikri ancaq cəbhə xəbərlərindədir. İnternet kəsilib, amma heç kim bir yol tapıb yayılan feyk videolara inanmır”, - deyə o, əlavə edib.

 

Həkim vətənpərvərlik hissinin xalqın proseslərə yanaşmasını xeyli dəyişdiyini diqqətə çatdırıb: “Hər kəs vətən uğrunda ölməyə və öldürməyə hazırdır və bunu özünə şərəf bilir. Son günlərdə cəbhədə şəhid düşən 3 gənc həkimizin əvəzinə, qardaş Türkiyədən yüzə yaxın professional həkim gəlib. Hamısı azərbaycanlı gənclərdir. Avropada, Rusiyada, Amerikada yaşayan saysız həmyerlilərimiz gəlməyə can atır, gələ bilməyəmlər orduya maddi yardım edirlər. Maddi vəziyyətdən və yardımın azlığından şikayət edən xalq, evindəki sonuncu 5 manatı orduya fəda etməyə başladı. Sanki, bu xalq 3 ay əvvəl Yasamalda polisin başına zibil tökən xalq deyil. Polis də bir başqa davranır. Yüzlərlə polisimiz bu gün xidmətini könüllü olaraq cəbhədə edir. Yəni Vətən müharibəsi hər kəsi dəyişdirdi, vətəndaş etdi. Deməli, son 30 ildə beynimizə yeridilən “biz pisik, onlar yaxşıdır” fikri yanlış imiş”.

 

“İnsanlar birinci karantin rejiminə nə qədər pis əməl edirdilərsə, komendat saatının tələblərinə əsgər kimi əməl edirlər. Çünki hər kəs vətəndaş olduğunu anladı və arxa cəbhədə hansısa bir işə yaramağa çalışır. Öz canının qədrini bilməyən vətəndaş, mövzu Qarabağ olduğu zaman, hər şeyi ikinci plana keçirdi. Bu ölkə və millətindən, dilindən aslı olmayaraq bütün vətəndaşlar, vətənini canından çox sevirmiş. Bu günləri görmək çox qürurericidir. Bu gün hər bir vətəndaşımız - türkü, talışı, ləzgisi, yəhudisi, rusu iftixarla və sinəsini qabağa verib “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” deyir. İnşallah, müharibə tezliklə və tam qələbəmizlə bitəcək. Amma yenə də pamdemik vəziyyətə diqqət etmək lazımdır. İkinci plana keçsə də, xəstə sayı yenə 200-ü keçib. Xüsusi təhlükəli yerlərdə, nəqliyyatda, qapalı məkanlarda maska taxmağa davam edib, gigiyenik şərtlərə əməl etmək lazımdır. Virusun da üzərində qalib gəlməyimizə çox az qalıb. İnanıram ki, 2 noyabrda xüsusi karantin rejimi bitəcək və biz hər iki müharibədə qələbə qazanıb yeni, artıq bütöv dövlətimizi küllərindən yenidən dirçəltməyə başlayacağıq!”.

Müəllif: Ülviyyə Şahin      12 Oktyabr 2020 21:00
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin