Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni və rus mətbuatına yekə bir “sağ ol” düşür – AXI NİYƏ?!

Erməni və rus mətbuatına yekə bir “sağ ol” düşür –     AXI NİYƏ?!

Əgər bizdə onların dedikləri qədər texnika və canlı qüvvə varsa, deməli, mütləq qələbə çalacağıq

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ermənistanla ölkəmizin ərazisində gedən müharibənin nə ilə bitəcəyi, bizimkilərin hara qədər gedəcəyi hələ bəlli deyil (Baxmayaraq ki, əsirlərin, yaralıların, meyitlərin dəyişdirilməsi üçün müvəqqəti atəşkəs əldə olundu). Biz, bütün geopolitik təziqlərə baxmayaraq, ordumuzun gücünə əminik və inanırıq ki, əsgərlərimiz tezliklə Dağlıq Qarabağın administraiv mərkəzi olan Stepanakerti doğurdan da Xənkəndinə çevirəcəklər. Çünki milli ruhun yüksək olduğu, “hər şey cəbhə üçün, hər şey qələbə üçün” prinsipi ilə yaşayan milətin ordusu çox şeyə qadirdir. Bəlkə də bu ordunun komandirlərinin belə, ehtimal etmədiyi çox şeyə. Bütün ölkə ordunun arxasındadır və küçədə gördüyümüz istənilən əsgəri bağrımıza basmaq istəyirik. Yəni, bu xalq bu ordunu sevir, bu xalq bu ordunun gücünə inanır!

Cəbhə bölgəsində son vəziyyət

Amma mənim bizim ordumuzun gücünə tam olaraq inanmağımda ermənilərin, daha doğrusu erməni və dünya üzrə ermənipərəst mətbuatın çox böyük rolu var. Açıq deyim ki, əgər erməni mətbuatı olmasaydı, mən ordumuz və onun illərlə yerli telekanllardan dəfələrələ danışılan gücünə, qüdrətinə o qədər də inanmayacqdım. Nə qədər paradoksal səslənsə də, mənim öz ordumuza inamımın güclənməsinə görə erməni və rus mətbuatına bir yekə “sağ ol” düşür. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Biz jurnalistlər peşəmizin ayrılmaz hissəsi olan “yoxlanılmayan heç bir fakta inanma” prinsipi ilə işləməyə adət etdiyindən, eşitdiyimiz hər şeyə skeptik yanaşırıq. Məsələn, mən və yəqin ki, bu gün ordumuzun uğurları səbəbindən mənim kimi düşündüyünü boynuna almayan bir çox media mənsublarımız Dağlıq Qarabağda əks-hücüm başlayana qədər Azərbaycanın bəzi ölkələrdən, xüsusən də Rusiyadan aldığı silahlar mövzusu gələndə, ağzımızı büzürdük. Yazmasaq da, deyirdik ki: “Yəqin, yenə bizə bahalı qiymətə, köhnə və ya zay silahları “soxuşdurublar”. Biz isə almağa məcburuq, çünki filan dövlətə “otkaz” eləmək olmaz”. Bu fikirlərimizi, çayxanalarda soyumuş çayımızdan qurtumlayaraq, ağıllı-ağıllı isbatlamaq üçün boğazımızı yırtırdıq. Bu ərəfədə isə erməni və rus mətbuatı Azərbaycanın ən müasir silahlar aldığını, bütün gücü ilə silahlandığını yazsa və bu faktı pisləsə də, mən nədənsə çayxanadakı oratorlara deyil, bu yazılanlara inanmaq istəyirdim.

 

Torpaqlarımızın 30 illik işğaldan azad edilməsi prosesi başlayanda da, mənim rus və xüsusən də erməni mətbuatına inamım daha da artdı. Yox, səhv anlamayın. Söhbət onların ünvanımıza yazdığı “kilsəni vurdular”, “uşaqları və qocaları öldürdülər” tipli cəfəngiyyatlarına inanmağımdan getmir. Söhbət onların bizim ordunun texnika cəhətdən itkiləri barədə, həmçinin “Şuşa və Stepanakertdəki mülki obyektləri bir raketlə dəqiq vurması” xəbərlərindən gedir. Bu tipli xəbərlərdə, əgər Azərbaycanın ermənilərin dediyi bütün o müasir silah modifikasiyaları varsa, onda halal olsun bizimkilərə - deməli, büdcənin pullarını boş yerə xərcləməyib, doğrudan da əməlli-başlı müasir silahlar almışıq.

 

Elə ermənilərin gündəlik olaraq bizim neçə tank, top, artilleriya qurğusu, dron, helikopter, təyyarə və sair texnikamızı “vurması” barədə məlumatlarını oxuyanda da, öz-özümə vaxtilə ordumuz adına belə kiçik düşündüyüm üçün utanıram. A kişı, bizim gör nə qədər texnikamız var ki, ermənilərin dediyinə görə, gündəlik 45-50 tankımızı, dronumuzu, raketimizi, daha nə bilim nəyimizi “sıradan çıxarırlar”, amma qurtarmır ki, qurtarmır. Onların belə xəbərlərini eşidəndə qürur hissi keçirir və həm də uşaqlıqda eşitdiyim bir əhvalatı (bəziləri deyir ki, belə bir fakt doğurdan da olub) xatırlayıram:

 

Böyük Vətən müharibəsi vaxtı, 1943-cü ildə kəndlərdən birində bir kənd müəllimini hökumət tutub göndərir “gedər-gəlməzə”. Səbəb isə çox kədərli də olsa, məntiqli və gülməli idi. Deməli, o zaman hamı kənd və şəhər meydanlarında quraşdırılan radiötürücü vasitəsilə, həsrətlə Yuri Levitanın Sovet İnformbürosunun cəbhədən verilən məlumatlarını gözləyirdi. Belə məlumatlardan birinin səsləndirilməsindən sonra bu kənd müəllimi başlayır meydanda olan hamını qucaqlayıb-öpməyə və təbrik etməyə. Deyir ki, “təbrik edirəm, gözünüz aydın, bəs, müharibə bitdi”. Camaat kişinin başına hava gəldiyini düşünür. Nə isə, bunu aparırlar NKVD-yə ki, ay müəllim, bu nə təxribatdır edirsən, kişi çox məntiqli, amma həyatını puç edən bir cavab verir: “Mən riyaziyyat müəllimiyəm və 3 ildir ki, Levitanın səsləndirdiyi bütün xəbərləri diqqətlə izləyir, düşmənin itkiləri barədə dediyi rəqəmləri də yazıram. Onun bu 3 ildə dedikləri qədər alman öldürmüşüksə, onda deməli, artıq Almaniya xalqı yoxdur, hamısını qırıb, qələbə qazanmışıq”.

 

İndi əgər bizdə erməni və rus mətbuatının dediyi qədər texnika və canlı qüvvəmiz varsa, deməli, biz qələbə çalacağıq. Mütləq! İndi siz deyin, erməni və rus mətbuatına “sağ ol” düşür, ya yox?

Müəllif: Yoldaş Mircəfər      11 Oktyabr 2020 10:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin