Əsas səhifə Haqqımızda Xəbər lenti

“Artıq heç kim Ermənistana kömək edə bilməz” – DEPUTAT

“Artıq heç kim Ermənistana kömək edə bilməz” –         DEPUTAT

Aydın Mirzəzadə: “Azərbaycan bu gün problemin həllinə hərb yolu ilə köklənib və bu, uğurla davam edir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “CNN-Türk” televiziyasına müsahibə verib. Azərbaycanın əks-hücum əməliyyatları, Dağlıq Qarabağdakı son vəziyyət, atəşkəsə çağırışlar və s. kimi məsələlərdən bəhs olunan müsahibədə bir sıra maraqlı məqamlara toxunulub. 

 

Belə ki, İlham Əliyev Ermənistan tərəfində Rusiyadan alınan müasir hava hücumundan müdafiə sistemləri ilə bağlı danışarkən, Azərbaycanın da Rusiyadan bir sıra silahlar aldığını və burada heç bir məhdudiyyətin olmadığını deyib: “Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır”.

 

AYNA-nın mövzuya dair suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə cavablandırıb.

 

- Aydın müəllim, başlayaq Ermənistana pulsuz silahlar verilməsindən...

 

- Cənab Prezident hazırkı real situasiyada konkret məsələdən danışdı. Ermənistanın büdcəsi və maliyyə resursları onların bahalı və müasir silahlar almasına imkan vermir. Amma buna baxmayaraq, biz bu gün Ermənistanın silah arsenalında bəzi müasir silahların olduğunu görürük. Bu da onu göstərir ki, bu silahları hansısa bir ölkə Ermənistana bağışlayıb. Azərbaycan Prezidenti də tamamilə düzgün vurğuladı ki, əgər Ermənistana bu silahlar bağışlanmasaydı və yaxud da, hər hansı bir formada yardım edilməsəydi, Ermənistan özünü bu qədər aqressiv aparmazdı və münaqişəyə də çoxdan son verilərdi. Ölkə başçısı bununla bildirmək istədi ki, Ermənistana dəstək və hərbi yardım göstərmək münaqişənin illərlə uzanmasına səbəb olub. Ancaq hal-hazırda Ermənistanın silah təchizatında kritik vəziyyət yaranıb və artıq heç kim onlara kömək edə bilməz.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

- Söhbət Rusiyadan gedir?

 

- Cənab Prezident bununla bağlı öz fikrini bildirdi. Hansı ölkə də istəyirsə, öz cavabını götürsün.

 

- İndi Ermənistana hansı ölkələrin açıq dəstəyi müşahidə edilir?

 

- Mənim əlimdə bununla bağlı hər hansı bir fakt yoxdur. Yeganə Fransanı qeyd etmək olar ki, bu məsələdə Ermənistanı açıq şəkildə dəstəkləməsi böyük təəssüf doğurur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin digər ölkənin ərazisini işğal edən ölkəni dəstəkləməsi, ancaq təəssüf doğura bilər.

 

- Hərbi əməliyyatların gedişatı ilə bağlı nə düşünürsünüz? Çünki, elə Fransa başda olmaqla, Azərbayacana əməliyyatları dayandırmaqla bağlı çağırşlar edilir.

 

- Bununla bağlı çağırışlar olsa da, cənab Prezident Azərbaycanın şərtlərini açıqlayıb. Yəni ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməlidir və qoşunlarını regiondan çıxarma qrafikini təqdim etməlidir. Ancaq bu halda Azərbaycan sülh danışıqlarına gedə bilər. Azərbaycan bu gün problemin həllinə hərb yolu ilə köklənib və bu, uğurla davam edir. Azərbaycan 30 ilə yaxın bir müddət ərzində münaqişənin diplomatik həllinə üstünlük versə də, bunun heç bir nəticəsi olmayıb. Yenidən bir 30 il gözləməyə isə heç bir ehtiyac yoxdur.

 

- Az öncə Ermənistanın silah təchizatında kritik vəziyyətin yarandığını və silah ala bilmədiyini vurğuladınız. Proseslərin gedişatında bu, bizə nə kimi əlavə üstünlük qazandıra bilər?

 

- Onsuz da Azərbaycan hərbi cəhətdən Ermənistandan üstündür. Beynəlxalq Hərbi Araşdırmalar Mərkəzinin reytinq cədvəlində də Azərbaycan 50-ci, Ermənistan isə 90-cı yerə yaxındır. Ermənistanın iqtisadi vəziyyəti də onları ən müasir silahlar almağa, eyni zamanda ordusunu insan resursları ilə kompleksləşdirməyə imkan vermir. Bununla belə, onların “böyük Ermənistan” xülyası və məhz beynəlxalq hüququ tanımamaları torpaqlarımızın uzun müddət işğalda saxlanılmasına səbəb oldu. Bu gün isə artıq buna son qoyulur.

Müəllif:      9 Oktyabr 2020 21:00
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin