Azərbaycan sevgisini izhar edən aktyora cəza verildi: “Amma susmayacam”

Azərbaycan sevgisini izhar edən aktyora cəza verildi:       “Amma susmayacam”

“Erməni təxribatçılarına qarşı informasiya mübarizəsində hər səs vacibdir, susmaq olmur” – YAROSLAV TRİFONOV

 

Azərbaycanın populyar teatr və kino aktyoru, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov “Facebook”da Vətənə dəstək müraciəti yayımlayaraq, Ermənistanın təcavüzünə qarşı çıxış etdi və hazırda işğalçılara qarşı azadlıq mübarizəsi aparan əsgərlərimizə dəstək verdi.

 

“Mən rusam-azərbaycanlıyam. Ölkəmizdə mənim kimi minlərlə insan var. Biz hamımız Azərbaycan vətəndaşıyıq və hər an cəbhəyə gedib torpaqlarımızı azad etməyə hazırıq. Xalqımız əzəli Azərbaycan torpaqlarının azad edilməsi uğrunda Vətən müharibəsi aparır. Əsgərlər, uşaqlar, siz tarixi bərpa edirsiniz. Analarınız qarşısında baş əyirəm. Şəhidlər, qanınız yerdə qalmayacaq”, - sənətçinin vətənpərvər və parlaq mesajı sosial şəbəkələrdə inanılmaz ajiotaja səbəb oldu.

İstifadəçilər videonu dərhal “TikTok”, “Telegram”, “Instagram” və s. sosial şəbəkələrdə yayaraq, videonun altında müəllifə çoxsaylı şərhlər və təşəkkürlər bildirdilər. Lakin ədalət və doğruluq mövqeyi yenidən “Facebook” üçün qəbuledilməz oldu: Yaroslav Trifonov mesajını paylaşdıqdan bir neçə saat sonra ona bir cəza gəldi.

 

“Məni “Facebook”da bir aylıq blok etdilər, çünki həqiqəti dedim. Ermənilər və onları dəstəkləyən insanlar bunu bəyənmirlər”, - deyə aktyor AYNA-ya danışıb.

 

Trifonov etiraf edib ki, cəbhə xəttində erməni təxribatları baş qaldırdıqdan sonra gərginlik və əsəb hissi onu tərk etməyib: “Zəfərin bizim olacağına bir saniyə də şübhə etmirəm, çünki işimiz haqq işidir. 39 yaşım var və Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyev tam səfərbərlik elan edərsə, həmin gün cəbhəyə getməyə hazıram”.

 

O, boş otura bilmədiyini və bu səbəbdən bir video mesajı yazmağa, ruhunda yığılan hər şeyi dilə gətirməyə qərar verdiyini diqqətə çatdırıb: “İndi hər bir vətəndaşın dəstəyi vacibdir. Ziyalıların nümayəndələri, yaradıcı insanlar, Əməkdar artistlər, Xalq artistləri də susmamalıdırlar! Erməni təxribatçılarına qarşı informasiya mübarizəsində hər səs vacibdir. Susmaq olmur”.

 

“Bu ərazilərin azad edilməsini 30 ildir gözləyirdik, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümi edir, övladlarımızı, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş xain düşmənin gülləsi altında can verən qəhrəmanlarımızı itirirdik”, - müsahibimiz vurğulayıb.

 

Aktyorun sözlərinə görə, sözügedən mesajı paylaşıldıqdan sonra müxtəlif sosial şəbəkələrdə ünvanına çoxlu sayda mesajlar gəlib: “Ürəyimdə yığılıb qalanları dedim və belə bir ajiotajın yaranacağını qətiyyən düşünmədim. Sibir, Avropa, Kanada, Avstraliyadan olan insanlar mənə məktub yazdılar. Erməni işğalçılarının təcavüzkarlığını və hiyləgərliyini qınayaraq, Azərbaycanın azadlıq mübarizəsində həmrəy olduqlarını bildirdilər”.

Müəllif: İradə Əsədova      7 Oktyabr 2020 23:09
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin