Türkiyədə azərbaycanlılara qarşı elə bir sevgi var ki - Baxın, necə

Türkiyədə azərbaycanlılara qarşı elə bir sevgi var ki -     Baxın, necə

“Burada hər kəs Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə əmindir”

 

Ermənistanın təxibatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları davam edir. Hərbi əməliyyatların başladığı 27 sentyabr tarixindən indiyədək Cəbrayıl şəhəri, 14 kənd və bir neçə yüksəklik işğaldan azad edilib.

 

Baş verən gərginlik fonunda bəzi böyük dövlətlər, beynəlxalq qurumlar hər iki tərəfi atəşkəsə çağırsa da, həmişə olduğu kimi, yenə də Azərbaycanı birmənalı şəkildə dəstəkləyən və hər cür dəstək verən əsas ölkə Türkiyə Respublikasıdır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyalar, siyasi və qeyri-siyasi qurumlar, hətta, sadə vətəndaşlara qədər ölkəmizə davamlı dəstək nümayiş etdirilir və Ermənistandan təxribatları dayandırmaq, Azərbaycan torpaqlarını tərk etmək tələb olunur.

 

AYNA yaşanan proseslə bağlı Türkiyə vətəndaşları, həmçinin Türkiyədə yaşayan azərbaycanlıların fikirlərini öyrənib. Beləliklə:

 

Vaqif Əzizov: “1990-cı illərə nisbətən, artıq Türkiyədə azərbaycanlılar və Azərbaycana qarşı münasibət çox yaxşıdır. Bir çox türkiyəli dostlarım mənə dəstək mesajları göndərir, Azərbaycan və Türkiyə bayraqları paylaşıb mənəvi dəstək nümayiş etdirirlər. Hər nə olursa olsun, bizim yanımızda olduqlarını və düşmənlə döyüşməyə hazır olduqlarını bildirirlər. Hətta, qrup yoldaşlarım Azərbaycanın çağıracağı təqdirdə, döyüşməyə hazır olduqlarını bəyan edir və Qarabağı ortaq dərdimiz hesab edirlər. Türkiyə vətəndaşları bu dəfə Qarabağ münaqişəsinin tam həll olunacağına və Azərbaycanın işğal altında olan torpaqlarından ermənilərin təmizlənəcəyinə inanırlar. Azərbaycan Ordusunun Ermənistan ordusundan qat-qat güclü olduğuna da əmindirlər. Həmçinin, millətimizin şücaətinə və Ordumuzun igidiliyinə görə sevinc hissi yaşayırlar. Məlumdur ki, biz başqa bir ölkənin ərazisində deyil, öz torpaqlarımızda torpaqlarımızı işğal edən düşmənlə döyüşürük və bu, bizim hüquqi haqqımızdır. Həmçinin, baş verənlərin masada həll olunmasına da müsbət yanaşılmır. Çünki onlar da bilirlər ki, necə ki, münaqişə 30 il masada həll olunmayıb, yenə də həll olunmayacaq və həmin torpaqlar müharibə yolu ilə düşməndən azad edilməlidir”.

 

Məhəmməd Mehdiyev: “Hazırda Türkiyədə çox yaxşı əhval-ruhiyyə var. Dövlətin onsuz da Azərbaycana dəstək olduğu bütün dünyaya bəllidir. Lakin xalq içində də bu dəstək davam edir. Kimliyindən və yaşından asılı olamayaraq, Azərbaycanın yanında olduqlarını deyirlər. Bütün restoranların, dövlət qurumlarının, universitetlərin binalarından Azərbaycan bayraqları asılıb, mərkəzi küçələrdə Azərbaycan bayraqları dalğalanır. Bir sözlə, Türkiyədə Azərbayacana çox böyük dəstək nümayiş etdirilir”.

Türkiyənin Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları  dalğalanıb VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehmet Emin Cəfər: “Əlbəttə ki, Dağlıq Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqları olduğunu hamımız bilirik. Düşünürəm ki, Azərbaycan Ordusunun işğal edilmiş torpaqlarda başlatdığı əməliyyat gecikib. Çünki ermənilər azərbaycanlıların səbriylə çox oynadılar və indi də bunun qarşılığını görürlər. Qarabağın keçmişinə baxanda da əzab-əziyyətlərin birtərəfli olduğunu görərik. Yəni, Qarabağın tarixində hər zaman ermənilər azərbaycanılara işgəncələr verib və qətlə yetiriblər. Bu da Azərbaycanın müharibəsi həm keçmişin intiqamı, həm də özünə aid torpaqlardan erməni terrorçularını çıxarmaq mübarizəsidir. Azərbaycanın bu haqlı mübarizəsini sona qədər dəstəkləyirik. Əgər bu gün Azərbaycanla sərhədlərimiz açıq olsaydı, mütləq şəkildə gələr və döyüşmək üçün müraciət edərdim. Çünki Azərbaycan bizim ana yurdumuzdur. Nəinki bizim, bu coğrafiyada yaşayan bütün türklərin, müsəlmanların torpağıdır. Allah Azərbaycana haqlı davasında kömək olsun və Azərbaycan Ordusunu, xalqını qorusun. Bütün ruhumuz və qəlbimiz Azərbaycanın yanındadır”.

 

Şəbnəm Karslı: “Türkiyənin istənilən bölgəsində əsl qardaşlıq və birlik nümayiş etdirilir. Türkiyə rəsmilərinin bu mövzuda mövqeyi bəllidir. Lakin xalqın dəstəyi daha da möhtəşəmdir. Çünki bizim qələbəmizi ən az bizim qədər arzulayırlar. Hətta, dəfələrlə Azərbaycana gedib döyüşmək istəyən türkiyəlilərlə rastlaşmışam. Şəhərlərin müxtəlif yerlərində Azərbaycan bayraqlarının ucaldılmasını qürur hissi ilə izləyirik. Türkiyə xalqı bütünlüklə Azərbaycanın yanındadır”.

 

İbrahim Doğan: “Millət olaraq hamımız Azərbayacanın yanındayıq. Hətta, öz istəyi ilə Qarabağda vuruşmaq istəyən çox sayda insan var. Həmçinin, maddi və mənəvi olaraq da dəstək verməyə hazırıq. İnsanların ab-havası çox yüksəkdir. Bütün qəlbimiz və ruhumuzla Azərbayacnın haqlı davasına inanır və dəstəkləyirik. Hər zaman hər şeyə hazırıq”.

Azərbaycan və Türkiyə bayraqları ilə - MÖHTƏŞƏM YÜRÜŞ - FOTOLAR | Eurasia  Diary

Onur Sağbaş: “Tanıdığım və söhbət etdiyim insanlar Azərbaycanın haqlı davasını dəstəkləyir və diqqətlə izləyirlər. Türkiyə televiziya kanallarında da Azərbaycan sevgisi özünü açıq-aşkar biruzə verir. Çünki mövzu Qarabağ olanda, xalqımız öz müansibətini xüsusilə ortaya qoyur. Ermənilərin isə son günlər ərzində Türkiyə haqqındakı açıqlamaları bizim doğru yolda olduğumuzu göstərir. Gənclərimizin bir çoxu Azərbaycana getməyə hazırdır. Yaşlı nəsil də Azərbaycan üçün daim dua edir”.

 

Maral Nəcəfli: “Türkiyə cəmiyyəti Azərbayacana elə sevgi bəsləyir ki, hətta, dövlət dəstək verməsə, dövlətə qarşı çıxa bilərlər. Türkiyədə bir tarixçi ilə söhbətimizdə demişdi ki, “Türkiyə Azərbaycanı nə zaman tək qoysa, Türkiyə xalqı həmin iqtidarı devirər”. Digər tərəfdən, azərbaycanlı olaraq Türkiyədə yaşamaq yaxşı mənada ayrıseçkilikdir. Hər hansı bir yerə gedəndə və azərbaycanlı olduğumuzu deyəndə, digər ölkələrdən gələnlərə, hətta, öz vətəndaşlarına nisbətən belə, bizə daha yaxşı münasibət sərgiləyirlər. Müxtəlif təbəqədən olan insanlarla müzakirələr aparanda da, fərqli düşüncəyə, fərqli siyasi görüşə sahib olmalarına baxmayaraq, bu durumda eyni düşüncədə birləşir və Azərbayacana dəstək olduqlarını deyirlər. Neçə dəfə şahid olmuşam ki, hər dəfə yeni ərazilərimiz işğaldan azad ediləndə, ən azı bizim qədər sevinirlər. Bildiyimiz kimi, Türkiyə də davam edən gərginliklər var. İstər PKK ilə mübarizə, istər Yaxın Şərqdə gedən döyüşlər Türkiyəyə də şəhid ağrısı yaşadır və müharibənin heç də yaxşı şey olmadığını göstərir. Lakin lazım olanda müharibə də etmək lazımdır ki, hər şey vaxtında öz həllini tapsın. Ona görə də hamı tez bir zamanda Azərbaycanın qələbə qazanacağına inanır”.

Müəllif: Mərahim Nəsib      7 Oktyabr 2020 12:40
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin