Əsas səhifə Haqqımızda Xəbər lenti

Vətən naminə: Bədxahlara AYNA tutaq – AXİ NİYƏ?!

Vətən naminə: Bədxahlara AYNA tutaq –         AXİ NİYƏ?!

Bu aksiya Avropada böyük marağa səbəb olacaq, bütün telekanallar bu hadisəni yayımlayacaq

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ordumuzun inamla irəliləməsi heç kimdə şübhə doğurmur. Bu müharibədə hər kəs Vətən üçün bacardığını etməlidir. Əsgər silahı, jurnalist qələmi, həkim və müəllim savadı, diplomat bacarığı ilə Vətən müharibəsində Vətənə xeyir verməyi özü üçün ən prioritet məqsəd hesb etməlidir. Baxmayaraq ki, bu müharibədə həm göydə, həm yerdə, həm də informasiya savaşında ən yüksək texnologiyalardan istifadə edilir, amma bəzən haqlı olduğunu elə dədə-baba yolu ilə sübut etməli olursan.

Cəbhədə gərginlik artıb - düşmən snayperlərini yenidən işə saldı - modern.az

Mən hesab edirəm ki, hərb meydanında üstünlüklərimizə baxmayaraq, informasiya savaşında hələ də düşmənə uduzuruq və bunun da günahı bizim media siyasətimizdəki boşluqlarla yanaşı, həm də diaspor təşkilatlarımızın, xaricdə yaşayan ayrı-ayrı azərbaycanlıların istədiyimiz qədər fəal olmamasıdır. Biz onlardan gözlədiyimizi hələ də ala bilmirik və onlar aktiv erməni lobbisnin qara-qışqırığı qarşısında çox solğun görünürlər. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Bu gün haqlı durumda olan Azərbaycan haqlı olduğunu bir çox dövlətlərə sübut edə bilmir. Vəziyyət o yerə çatıb ki, Avropanın göbəyindəki Fransa, əlində heç bir dəlil olmadan Yaxın Şərqdən olan muzdluların Azərbaycanın tərəfində vuruşduğunu iddia edir. İş o yerə çatıb ki, başda Parisin meri olmaqla, Fransanın 170-dən yuxarı siyasi xadimi ölkəsinin rəhbərliyinə müraciət göndərib ki, Azərbaycana qarşı qəti mövqe tutun, onlara sanksiya tətbiq edin və s. Ümumiyyətlə, bizim diplomatlarımız bu sahədə fəaliyyətlərini daha da aktivləşridməlidirlər. Amma təkcə onlar yox.

 

Yadınızıdadırsa, Fransa uydurma “erməni genosidi”nin kriminallaşması barədə qərar qəbul edəndə, Azərbaycan əhalisi kütləvi olaraq, Fransa məhsullarına boykot elan etdi və hətta, Bakıda ən məhşur Fransa brend məhsullarını satan dükanları da bağlandı və ya adlarını dəyişməyə məcbur oldu. Yəni, ictimai qınaq bir çox hallarda informasiya texnologoyalarından daha effektli olur.

 

İndi bizim diaspor təşkilatları da dünyaya Azərbaycanın haqlı olduğunu, onu qınayan dövlətlərin isə qərəzli, səhv yolda olduğunu göstərməyə çalışmalıdır. Bunun üçün çoxsaylı mitinqə, aksiyaya-filana ehtiyac yoxdur. Düzdür, bəzi ölkələrdə vətəndaşlarımız Azərbaycanın yanında olduqlarını, Qarabağın Azərbaycan olduğunu maraqlı yollarla həmin ölkələrin ictimaiyyətinin beyninə yeridə bilirlər. Londonda yaşayan azərbacyanlının bir yük maşını icarəyə götürərək, onun yük yerini informasiya tablosuna çevirməsi kimi ideyalar avropalının beyninə hansısa siyasətçinin 1 saatlıq çıxışından daha effektli girir. Amma bu, azdır.

 

İndi bir ideya də mən verim. Bu ideyanın ilhamını elə Prezident İlham Əliyevin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədən aldım.

 

Prezident deyirdi ki, "Əgər Fransa Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini istəyirsə, qoy, onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara respublika elan etməyə icazə və müstəqillik versinlər. Qoy, Korsikaya müstəqillik versinlər, qoy, basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqları var?! Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Prezident İlham Əliyev: Onlar “Qarabağ Ermənistan deyil” kimi yeni  bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq

Dövlət başçısının dediyi son cümlədən, mənə elə gəlir ki, bütün ictimaiyyət, xüsusən də diaspor təşkilatlarımız və xaricə yaşayan ayrı-ayrı azərbaycanlılar istifadə etməlidirlər. Prezident Fransanı və bizi qınayanları məcazi mənada güzgüyə baxmağı dəvət edir.

 

Gəlin, biz bunu materializasiya edək. Bizim haqq işimizi pisləyən, qərəzli yanaşan ölkə və təşkilatların nümayəndəlikləri qarşısında iri ayna quraşdıraq, üzünü də həmin nümayəndəliyə çevirək. Bunu etməyə cəmi iki nəfər bəs edir. Həmin şəxslər sakitcə aynanın üzünü, məsələn, Fransa səfirliyinə tutaraq, sakitcə dayanırlar. Buna maraq göstərən insanlara isə Dağlıq Qarabağın, münaqişənin tarixi barədə qısa məzmunlu informasiya bukletini uzadırlar. Bukletdə yazılan mətn İlham Əliyevin “Bizi ittham edənlər əvvəlcə güzgüyə baxsınlar” ifadəsi ilə sonlanır.

 

İnanın ki, xüsusən də, Avropada bu aksiya böyük marağa səbəb olacaq, bütün telekanallar bu hadisəni yayımlayacaq. Və bu, elə bir işdir ki, heç bir diaspor təşkilatı “edə bilmədik, gücümüz və ya pulumuz çatmadı” deyə bilməyəcək. Effekti isə xərcindən milyon dəfə çox olacaq. Vətən naminə bədxahlara iri bir AYNA tutaq...

Müəllif: Yoldaş Mircəfər      6 Oktyabr 2020 10:19
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin