Saakaşvili on bir il əvvəlki sirləri açdı

Saakaşvili on bir il əvvəlki sirləri açdı

Kiçik dövlətlər heç kimə güvənə bilməz!

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədar Britaniyanın Müharibə və Sülhün İşıqlandırılması İnstitutuna verdiyi müsahibə Cənubi Qafqaz regionunda, ümumilikdə, qlobal miqyasda geosiyasi mübarizə, aparıcı ölkələrin yanaşması və geosiyasi mövqelərinin öyrənilməsi, aydınlaşdırılması baxımından çox maraqlıdır.

 

Saakaşvili deyib ki, Rusiyanın Batumu zəbt etməsinin qarşısını alan əsas amil Türkiyə ordusunun sərhəddə səfərbər olması olub. Fransanın keçmiş prezidenti, o zaman Avropa İttifaqının sədri olmuş Nikola Sarkozinin rolu  ilə bağlı qeyd edib ki, “o, özünü kloun kimi aparıb”, qeyri-peşəkar davranıb. Sarkozi amerikalıları prosesdən kənarlaşdırmağa çalışıb və buna nail olub. Amerikalılar isə Rusiya ilə danışıqların onun tərəfindən aparımasına qarşı çıxıblar. 

 

Saakaşvili hesab edir ki, rus qoşunlarının Gürcüstandan çıxarılması bu danışıqların müsbət nəticəsi olsa da, sonradan Sarkozi Moskvanın vədlərini unudub, Kremlin addımlarına legitimlik qazandırıb, Kremlin vədlərini Mistralların (Fransa istehsalı hərbi gəmi. Rusiyaya ilə bu gəmilərin satılması barədə razılıq əldə edilmişdi) müqabilində unudub.


Saakaşvili deyib ki, Almaniya avqust müharibəsi zamanı Rusiyaya sərbəst hərəkət etməyə imkan verib. Saakaşvilinin dediklərində nə qədər həqiqət payının olması ilə bağlı mübahisə etmək olar. Amma keçmiş Prezidentin qənaətləri və dedikləri bütövlükdə realpolitik yanaşmasının praktikada və Cənibu Qafqaz timasalında necə tətbiq olunduğunu göstərir. Qarabağ məsələsində də biz bu yanaşmanın şahidi oluruq. Bu baxımdan kiçik ölkələr, xüsusən əraziləri işğala məruz qalan Azərbaycan üçün ən böyük güc mənbəyi elə onun xalqı, vətəndaşları, mübarizə əzmi olmalıdır.

 

Digər amillər bir qayda olaraq ötəri xarakterə malikdir və bir qayda olaraq kiçik ölkələrin nəzarətdə saxlanılmasına xidmət edir.

 

Zaur İbrahimli, politoloq

Müəllif: Ayna.az      9 Avqust 2019 14:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin