Əsas səhifə Haqqımızda Xəbər lenti

Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT

Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq –             TARİXİ ƏDALƏT

Fuad Çıraqov: “Hazırda beynəlxalq təşkilatların fəallaşması onların öz simalarını qorumaq istəyi ilə bağlıdır, bizim üçün önəmsizdir”

 

Araz Aslanlı: “Azərbaycanın beynəlxalq hüquqa uyğun addımları dayandırıla bilməz”

 

Ermənistanın təxribatı nəticəsində, sentyabrın 27-də Qarabağda başlayan döyüşlər fonunda, beynəlxalq təşkilatlar və müxtəlif dövlətlər bəyanatlar verir, tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır. Bundan əlavə, sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının iclası keçirildi və BMT Baş Katibinin tərəflərin gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışı dəstəkləndi. Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildirdilər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırdılar.

 

Həmçinin, mütəmadı olaraq müxtəlif ölkələrin liderləri Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayaraq vəziyyətdən narahat olduqlarını ifadə edirlər.

 

Maraqlıdır ki, 26 il ərzində Ermənistanın Azərbayacana qarşı təşkil etdiyi hərbi təcavüzə susan beynəlxalq ictimaiyyət, Azərbaycanın öz torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatlarına nə üçün dərhal reaksiya verir? Digər tərəfdən, beynəlxalq aləmin fəallaşması Azərbaycanın keçirdiyi əməliyyatlara mane ola bilərmi?

Fuad Çıraqov nüfuzlu jurnalda Ermənistanı “məhv etdi” - modern.az

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Fuad Çıraqov AYNA-ya deyib ki, bu bəyanatların Azərbaycan üçün heç bir fərqi yoxdur: “26 ildir ki, biz onlara vaxt veririk və bu müddət ərzində 1 milyondan çox məcburi köçkün öz yurd-yuvasına qayıtmağı gözləyir. Bu müddət ərzində 1 milyondan çox insanın hüquqları pozulub. Bu illər ərzində bir ölkənin torpaqları işğal altında qaldı və beynəlxalq hüquq hamının gözü qarşısında pozuldu. Bəs, beynəlxalq aləm onda niyə cavab vermirdi? Ona görə də bu bəyanatların bizim üçün əvvəlki və növbəti bəyanatlardan heç bir fərqi yoxdur”.

 

“Yəni, həmin çağırışları edənlər Azərbaycan dövlətinin və xalqının qarşısında bütün etimadlarını itiriblər. Ona görə də Azərbaycanın artıq səbri tükənib, öz əzmini ortaya qoyub və öz işini görür. Beynəlxalq ictimaiyyət həqiqətən də münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, konkret olaraq təcavüzkar Ermənistana ultimatum verməli, müxtəlif yollarla cəzalandırmalı və işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalarını təmin etməlidir”, - ekspert bildirib.

 

Çıraqov beynəlxalq aləmin fəallaşmasını onların öz simalarını qorumaq istəyi kimi əsaslandırıb: “Bu, beynəlxalq etiketdir və böyük dövlətlərin üzərində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı öhdəlik olduğu üçün məsuliyyət daşıyırlar. Onlar bu öhdəliyi və məsuliyyəti yerinə yetirmədikləri təqdirdə, ilk növbədə öz imicləri zədələnir. Əslində isə, onların imici 26 illik işğala göz yumanda zədələnib. Digər tərəfdən, həmin ölkələrdə güclü erməni lobbiləri var deyə, belə əl-ayağa düşüblər. Lakin Azərbaycanın hər şeyə rəğmən qətiyyətli əzmini görürlər və düşmənin məğlubiyyəti qaçılmazdır. Bu məğlubiyyətin reallaşmasına da çox az vaxt qalıb”.

 

Müsahibimiz beynəlxalq aləmin fəallaşmasının Azərbaycanın əks-hücum əməliyyatlarına təsir etməyəcəyini düşünür: “Mən bununla bağlı heç bir işarə görmürəm. Əksinə, dövlət rəhbərliyi tərəfindən ardıcıl şəkildə qətiyyətli və məqsədəuyğun istiqamətdə qərarlar və fəaliyyət görürəm. Yəni, hər hansı bir tərəddüd yoxdur”.

Aslanlı: “Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı iqtisadi imkanlar  yaradır”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı da AYNA-ya açıqlamasında bənzər fikirlər səsləndirib: “Verilən bəyanatlar münaqişənin irimiqyaslı olması ilə əlaqəlidir. İrimiqyaslı müharibəyə də atəşkəs dövründən daha çox reaksiya verilməsi təbiidir. İkincisi, erməni lobbisinin Rusiya daxil olmaqla, dünyanın müxtəlif ölkələrində güclü olması amili var. Yəni, həm irimiqyaslı müharibənin olması, həm də erməni lobbisinin fəallığı bu reaksiyaları təbiiləşdirir”.

 

“Biz, əslində bunun bənzərini 1990-cı illərin əvvəlində də görmüşdük. Ermənistan Azərbaycan ərazilərini işğal edəndə, bəzi dövlətlərin parlamentləri, rəsmi nümayəndələri beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə təbliğat aparırdılar. Halbuki, işğalı aparan ölkə Ermənistan idi. İndi həmin qüvvələr yenidən fəallaşıblar deyə, bu cür açıqlamaları, müzakirələri bir qədər təbii qarşılayıram”, - politoloq vurğulayıb.

 

Amma o, təbii olmayan başqa məsələyə diqqət çəkib: “Onların hansısa məsələyə münasibət bildirməsi üçün gərək münaqişənin miqyası genişlənsin. Çünki bütün dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri var. Onlar beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmasını təmin etməli, bunun üçün birgə fəaliyyət göstərməli, beynəlxalq hüququn əsas prinsiplərini pozan dövlətə qarşı müştərək addımlar atmalı və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını bir yerdə təmin etməlidirlər. 1994-cü ildən bu günə qədər bunlar nə işğalın aradan qalxması üçün addım atıblar, nə də Ermənistan beynəlxalq hüququ heçə sayanda reaksiya veriblər. Təbii olmayan da budur”.

 

Aslanlının fikrincə, biz bunları bu istiqamətdə ittiham edə bilərik ki, onlar nə üçün beynəlxalq hüquqdan qaynaqlanan öhdəliklərini yerinə yetirmilər: “Axı, biz onlardan Azərbaycanın müttəfiqi olmağı, bizə tərəfkeşlik etməyi istəmirik. Onların beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri var. Bizim istədiyimiz də onların qəbul etdikləri qərarların icrası ilə məşğul olmalarıdır”.

 

Müsahibimiz hesab edir ki, bir müddət əvvəl Azərbaycanın maraqları tapdananda yalandan verilən qərarlar, bu gün ərazilərimiz azad edilərkən qəbul edilən qərarlarla eyni dərəcədə olacaq: “Sadəcə bir fərq var ki, onların o zamankı təsirsizliyi beynəlxalq hüquqa qarşı hörmətsizlik idi, bugünkü təsirsizliyi isə beynəlxalq hüququn yerinə gəlməsinə kömək edəcək. Yəni Azərbaycan öz ərazilərini azad edəcək və onların bu cür qəbul etdiyi qərarların təsirə malik olmamağı, bugünkü çağırışların heç bir işə yaramaması regionda daimi sülh üçün beynəlxalq hüququn əsas prinsiplərinin yerinə gəlməsi üçün işə yarayacaq”.

 

“ATƏT-in hər qətnaməsindən sonra Ermənistan yeni rayonlar işğal edir, ATƏT isə təcili və təxirəsalınmaz fəaliyyət planı qəbul edirdi. Adı təcili və təxirəsalınmaz əməliyyat planı idi, amma heç biri olmurdu və hamısı də təxirə salınırdı. Əgər o bəyanatlar vaxtı ilə beynəlxalq hüququn pozulmasının, Ermənistanın beynəlxalq hüquqa zidd addımlarının qarşsını almayıbsa, Azərbaycanın da beynəlxalq hüquqa uyğun addımlarını dayandıra bilməz”, - QAFSAM sədri əlavə edib.

Müəllif: Mərahim Nəsib      30 Sentyabr 2020 21:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin