Əsas səhifə Haqqımızda Xəbər lenti

“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”

“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”

Erməni cinayətkarlarının cinayət məsuliyyətinə cəlb edilməsi nə dərəcədə realdır?

 

27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün yeni mərhələsi başladı. Ermənistan ordusu həmişə olduğu kimi, bu dəfə də cəbhə bölgəsində yaşayan mülki insanları atəşə tutdu. Təcavüzkarların addımları mülki əhali arasında itkilərlə nəticələndi.

 

Həmin gün, 27 sentyabr 2020-ci il hadisələri ilə əlaqədar toplanan materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə hərbi prokurorluqları Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırmaq, hazırlamaq, açmaq və ya aparmaq), 116.0.7 (mühafizə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və tərksilah zonalarına hücum), 116.0.8 (ehtiyac olmadan hərbi hədəf olmadığı aydın görünən dini, təhsil, elmi, xeyriyyə, tibb müəssisələrinə, xəstələrin və yaralıların yerləşdiyi yerlərə hücum) və 120.2.12-ci (milli, irqi, dini nifrət və ya düşmənçilikdən qaynaqlanan qəsdən adam öldürmə) maddələri ilə cinayət işi qaldırıldı. 

 

Azərbaycanın Hərbi Prokurorluğu erməni təcavüzkarları tərəfindən törədilən cinayət faktları barədə dəfələrlə cinayət işi qaldırsa da, cinayətkarlar heç vaxt mühakimə olunmayıb. Hərbi Prokurorluq tərəfindən 27 sentyabrda açılan cinayət işlərinin perspektivi varmı və bu cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi nə qədər realdır? AYNA suala cavab axtarıb.

 

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev AYNA-ya deyib ki, bu gün prokurorluq orqanları bütün mümkün istintaq tədbirlərini həyata keçirir: “Bu məsələ ilə bağlı bütün lazımi məlumatlar Baş Prokurorluq tərəfindən ictimaiyyətə çatdırılacaq”.

 

Milli Məclisin üzvü Zahid Oruc mülki şəxslərə qarşı hərbi əməliyyatları pisləyən beynəlxalq konvensiyaların mövcudluğunu xatırladıb: “Mülki əhalinin məhv edilməsinə görə Ermənistan cavabdehdir. Baş Prokurorluq bu konvensiyaların köməyi ilə Ermənistanın beynəlxalq tribunalarda qınanmasına nail olmalıdır”.

 

“Ermənistanın Qarabağ hadisələri ilə əlaqədar ümumi səfərbərlik elan etməsindən sonra Azərbaycan Ermənistanın təcavüzkar kimi tanınmasına nail ola bilər. Həmçinin, mülki əhaliyə qarşı törədilən cinayətlərin icraçılarının da məsuliyyətə cəlb edilməsinə nail oluna bilər”, - deputat bildirib.

 

Beynəlxalq hüquq üzrə mütəxəssis Aqil Layıcın sözlərinə görə, insanlığa qarşı cinayətlər və aqressiya cinayətləri, 17 iyul 1998-ci il tarixində Romada keçirilmiş diplomatik konfransda qəbul edilmiş və Roma Statusu adlandırılan sənəd əsasında hazırlanmış Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır: “Belə bir araşdırma üçün həm Azərbaycan, həm də Ermənistanın bu sənədi təsdiqləməsi lazımdır. Ancaq bu günə qədər bu ölkələrin heç biri Roma Statutunu təsdiqləməyib. Bu səbəbdən, Ermənistanın Roma Statutuna əsasən ittiham edilməsi və qınanması qeyri-mümkündür”.

 

“Azərbaycan Hərbi Prokurorluğu tərəfindən istintaq başa çatdıqdan və cinayətlərin konkret icraçıları müəyyən edildikdən sonra, Azərbaycan onların İnterpol vasitəsilə təhvil verilməsini tələb edə bilər. Təbii ki, Ermənistan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə razı olmayacaq. Ancaq bu şəxslər Ermənistan ərazisini tərk edərsə, İnterpol dərhal onları tutub Azərbaycana təhvil verməlidir. Buna görə də, hərbi təcavüzkarlara qarşı Hərbi Prokurorluq tərəfindən cinayət işinin başlanmasını müsbət qiymətləndirirəm”, - hüquqşünas vurğulayıb.

 

Bir zamanlar heç kim Üçüncü Reyxin insanlığa qarşı cinayətlər törədən liderlərinin ədalət məhkəməsi qarşısına çıxarılacağına inanmırdı. Ancaq bütün bunlar oldu. Biz də inanırıq ki, gec-tez ədalət qalib gələcək və dinc Azərbaycan əhalisinə qarşı cinayət törədənlər ədalət mühakiməsi önündə hesab verəcəklər.

Müəllif: Rəşad Rüstəmov      30 Sentyabr 2020 19:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin