Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənistan iflic vəziyyətdədir”

“Ermənistan iflic vəziyyətdədir”

Tofiq Abbasov: “Azərbaycan öz öhdəliklərini yerinə yetirdi, bütün beynəlxalq birliyi məlumatlandırdı və hərbi qərarını verdi”

 

Məlum olduğu kimi, sentyabrın 27-si, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb və nəticədə Azərbaycanın işğal altında olan bir neçə kəndi və Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib.

 

Hazırda Qarabağda aktiv döyüşlər gedir. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir. Bu, 26 illik atəşkəs dövründə cəbhədə ən irimiqyaslı hərbi əməliyyatdır. Üstəlik, Azərbaycanda hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

 

Maraqlı məqam isə ondan ibarətdir ki, əvvəlki illərdə yaşanan qarşıdurmalar zamanı verilən reaksiyalardan fərqli olaraq, bu dəfə başqa dövlətlər və beynəlxalq təşkilatlar prosesə daha sərt müdaxilə etmir. Verilən bəyanatlarda tərəflər təmkinli olmağa və atəşkəsə əməl etməyə çağrılır.

 

Mövzunu AYNA-ya dəyərləndirən politoloq Tofiq Abbasov probleminin həllinin bir çox dövlətlərin marağında olduğunu deyib: “Yəni, bu böhranın aradan qaldırılması bütün əsas dövlətlərin rəhbərlərinin maraqlarına cavab verirdi. Biz son illərdə Azərbaycan siyasətinin düzgün olduğunu bütün beynəlxalq platformalara, bütün dünyaya car çəkmişik və tərəflərin hamısını məlumatlandırmışıq ki, Azərbaycanın işi haqq işidir. Biz öz suverenliyimizi, təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək istəyirik deyəndə, bəziləri bunu qulaqardına vurub danışıqların aparıldığını deyirdi. Amma fakt odur ki, nə irəliləyiş var idi, nə də torpaqlarımız qəsbkarların əlindən azad edilirdi”.

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”

“Məlum olduğu kimi, bu məsələ hərbi-siyasi məsələdir. Yəni bunun siyasi aspektini həll etmədən, hərbi tərəfinə keçmək çətin idi. Bu baxımdan da demək olar ki, biz bütün mötəbər instansiyaları, beynəlxalq təşkilatları, aparıcı dövlətləri bu məsələdən agah etmiş, onları məlumatlandırmışdıq. Azərbaycan Prezidentinin BMT assambleyasının 75-ci sessiyasındakı çıxışı da Azərbaycanın artıq özünün qərar verməyə hazır olduğunu bir daha göstərmişdi. Çünki beynəlxaq birlik, BMT-nin Baş katibinin mandatı ilə fəaliyyət göstərən Minsk Qrupunun həmsdərləri bu məsələyə qeyri-ciddi yanaşırlar. Deməli, son alternativ əks hücum idi ki, Azərbaycan öz torpaqlarını qəsbkarlardan azad etsin. Ona görə də problem belə bir həddə gəlib çatdı və məsələnin siyasi tərəfi öz həllini tapdı. Yəni, Azərbaycan öz öhdəliklərini yerinə yetirdi, bütün beynəlxalq birliyi məlumatlandırdı və nəhayət məsələ gəldi dayandı hərbi tərəfinə ki, artıq biz əks-hücumla öz ərazilərimizi çağrılmamış qonaqdan azad edək”, - analitik bildirib.

 

Abbasov hesab edir ki, Ermənistanın siyasi-hərbi dairələri 1990-cı illərin əvvəllərində qaldığı və ruhən arxaik düşüncə mexanizminə malik olduğu üçün, reallığı düzgün qiymətləndirə bilmirlər: “Reallıqla əlaqəni itirmək də özü-özlüyündə ağır və təhlükəli sindrom yaradır. Yəni, insan sanki real aləmdən virtual dünyaya köçür. Onlar da son aylara qədər, həta iyulun 12-də Tovuzda törətdikləri təxribatla göstərdilər ki, həqiqətən də qeyri-adekvat düşüncə mexanizminə sahibdirlər və nə etdiklərinin fərqinə varmırlar. Bütün bu oyunbazlıq, siyasi eksperiment və cəfəng fikirlərinin onların öz başlarında çartlayacağına inanmırdılar. Amma inanmadıqları da oldu. Ona görə də artıq Azərbaycanın hərbi komandanlığının nümayəndləri belə, sona qədər vuruşacaqlarını deyirlər”.

 

“Ümumiyyətlə, Ermənistan hazırda iflic durumdadır və suverenliyinin də demək olar ki, kiçik bir hissəsi qalıb. Ermənistan xaricdən idarə olunan bir vilayət kimi, öz subyektivliyini itirmiş bir varlığa çevrilib. Fikir verin, Nikol Paşinyanın hakimiyyətə gəlməsi, siyasi müstəvidə gedən eksperimenetlər, bacarığı olan hər kəsin başbilənlik etməyə çalışması buna nümunədir. Sonda da belə bir vəziyyət yarandı ki, artıq Ermənistanda 2 milyondan da az insan qalıb”, - müsahibimiz vurğulayıb.

 

Politoloq Paşinyanın dünən Ermənistan parlamentindəki münaqişə ilə bağlı çıxışına da münasibət bildirib: “Paşinyan çıxışı zamanı Qarabağın Azərbaycanın daxilində statusunun alınmasına razılaşmağı təklif edir, lakin sonradan buna etiraz olunur. Bəs, belə olan halda itirən kim olacaq? Bizim əhalimiz 10, onların əhalisi 2 milyon nəfər. Ona görə də bu problem müharibə müstəvisində öz həllini tapacaq. Bizim ordumuz son variantların hamısını düşünüb, ciddi hesablayıb və biz bu məsələdən alnı açıq, üzü ağ çıxacağıq”.

Müəllif: Mərahim Nəsib      28 Sentyabr 2020 21:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin