Əsas səhifə Haqqımızda Xəbər lenti

Mənim qardaşım belə eləməzdi – AXI NİYƏ?!

Mənim qardaşım belə eləməzdi –       AXI NİYƏ?!

Niyə Tehran rejimimüsəlman səbrli olmalıdırdeyəndə, bu səbrin ancaq Azərbaycana aid olduğunu ehtimal edir?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Azərbaycanda çoxdan bəri müşahidə edilməyən bir ruh yüksəkliyi var. Bu gün bütün azərbaycanlılar üçün səngərdən tutmuş çayxanaya qədər koronavirusu belə, arxada qoyan yalnız bir mövzu var - əsgərlərimiz işğal edilmiş ərazilərimizi qaytarmaq üçün canlarından keçir, şəhid olur, və yavaş-yavaş 30 il türk ayağı görməyən yerlərdə bayrağımızı dalğalandırırlar. Bu hadisələr baş verərkən bir çox ölkələr və təşklatlar, sanki Ermənistanın 30 ildir BMT-nin qətnamələrinə əməl etməməsini görmürmüş kimi, münaqişə tərəflərini sülhə çağırır.

 

Belə “dejurnı” bəyanatlar verənlərin içərisində Qarabağ münaqişəsindən özlərinə yaxşı pul qazanan ATƏT, qətnamələri rəflərdə qalan BMT, münaqişədə “dovşana qaç, tazıya tut deyən” keçmiş “böyük qardaşımız” Rusiya, bizə şübhə ilə baxan Avropa və daha kimlər var. Prinsipcə, onlardan başqa bəyanat gözləmək də sadəlöhvlük olardı. 30 ildir ancaq “təmkinli olun və masa arxasına keçin” deyir və masada bizə, üzərində tərəflərin heç birinin heç vaxt razılaşmayacağı şərtlər olan kağız yığınlarının perspektivləri barədə leksiyalar yedirdirlər.

 

Amma mən bu gün bu bəyanatların içərisindən birini xüsusi olaraq ayıracağam. Hesab edirəm ki, bu bəyanatın sahibləri təkcə bizə yox, bütün müsəlman qardaşlarına xəyanət edirlər. Axı niyə?! İzah edim.

İranın Azərbaycan “qardaşlığı” və Ermənistan sevgisinin “sirri” <a style='color:#336699; font-weight:bold;' href='./'>Ayna.az</a>

Yəqin, oxucular anladılar ki, söhbət İrandan gedir. O İrandan ki, orada 35 milyon nəfər soydaşımız yaşayır. O İrandan ki, əlllərində “Quran” və təsbeh tutan molla rejimi yolda yəhudiyə bir salam verən istənilən müsəlmanı din xaini, kafər elan edir. O İrandan ki, özünə lazım olanda Qüds, Fələstin kimi problemləri əlində bayraq edərək, bütün müsəlmanları din birliyinə çağırır. Və o İrandan ki, 30 ildir Qarabağda müsəlman ana və bacılarının əsir olmasına, məscidlərin dağıdılmasına, ermənilərin orada Allahın “xoşu gəlməyən heyvan” saxlamasına susur. Nəinki susur, hətta, yeri gələndə Azərbaycan torpağından bizi qovaraq, müsəlman qəbirlərimizi belə, dağıdanlara maşın-maşın yardım edir, onlarla dostlaşır, qardaşlaşır, iqtisadi blokadadan çıxmalarına yardım edir.

 

Erməni ilə dostluq edir, özü bilər. Onsuz da biz bilirik ki, Türkün Türkdən başqa dostu yoxdur. Və çox təəssüf ki, biz bu ifadənin mahiyyətinə ağır günlərdən keçərərk varırıq.

 

Bu gün Qarabağda, İran mollalarının dili ilə desək, Azərbaycan ordusu məscidləri dağıdan, qadınlarımızı əsir alan kafərləri qovmaqla məşğuldur, şəhid olurlar, amma İran XİN nümayəndəsi Səid Xətibzadə Ermənistanı və Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırır.

 

“Tehran tərəfləri təmkinli olmağa, həmçinin dərhal atəşkəsə və iki ölkə arasında danışıqlara başlamağa çağırır. İran Azərbaycan və Ermənistan arasındakı silahlı toqquşmalardan narahatdır və onları yaxından izləyir”, - Xətibzadə bildirib.

 

Onun sözlərinə görə, İran XİN tərəflər arasında sülhün təyin edilməsi və dialoqun başlaması üçün Tehranın bütün imkanlardan istifadə etməyə hazırdır.

 

Görəsən, niyə Tehran rejimi “müsəlman səbrli olmalıdır” deyəndə, bu səbrin ancaq Azərbaycana aid olduğunu ehtimal edir? Görəsən, onlar niyə Türkiyə kimi sərt bəyanat vermirlər və demirlər ki, biz dinimiz və nüfuzumuzun böyük hissəsini təşkil edən azərbaycanlı qardaşlarımızla sona qədər bir yerdəyik və onlara kömək etməyə hazırıq? Rəsmi Tehranın Aəzrbaycana qarşı olan siyasətini dəfələrlə hiss etmiş, acı nəticələrini dadmışıq. Və bunda yəhudinin, amerikalının-filanın barmağını axtarmağa ehtiyac yoxdur – o dolu yük maşınlarını Qarabağa yəhudilər göndərmişdi, ya amerikalılar? İndi bizi təmkinli olmağa, qardaş adlandırdığınız ermənilərlə yenidən bir masaya oturmağa kim çağırır – yenə yəhudilər aramızı vurur?

 

İranın Qarabağla bağlı nəyi və necə həll etdiyini bir dəfə gördük – 1992- ci ildə Şuşa gedəndə. İndi sanksiyalar içərisində boğulan bir dövlət, bizə ermənilərlə dialoqa başlamaq üçün vasitəçilik təklif edir. Dağıl, ay dünya! Keçəl dərman bilirsə, niyə birinci öz başına çəkmir? Belə dialoq ustasısınızsa, elə gedin dünya ilə danışıqlar aparın və gündən-günə sosial vəziyyəti pisləşən İran xalqını qurtarın da bu bəladan.

 

Deməli, bütün Qafqazın şeyxi bunların dərdinə yanaraq, ABŞ Prezidentinə məktub yazır ki, “siz Allah, bu müsəlmanları sanksiyalarla boğmayın, dar gündədirlər”, rəsmi Tehran isə bizim dar günümüzdə ermənilərlər dialoq təklif edir... Belələrinə nə ad vermək olar?

 

Sonra da dindar dostlarım “türkün türkdən başqa dostu yoxdur” deyəndə, məndən inciyir və bütün müsəlmanların qardaş olduğunu deyirlər...  “Uşaqlığın son gecəsi” filminin qəhramanın bir ifadəsi düşdü yadıma: “Hardan oldu qardaşım? Mənim qardaşım belə eləməzdi...”

Müəllif: Yoldaş Mircəfər      29 Sentyabr 2020 10:29
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin