Əsas səhifə Haqqımızda Xəbər lenti

Ali və orta məktəblərdə dərslər müvəqqəti dayandırılsın – TƏKLİF

Ali və orta məktəblərdə dərslər müvəqqəti dayandırılsın –           TƏKLİF

Osman Gündüz: “Vacib olmadığı halda VPN yükləmək tövsiyyə olunmur”

 

Kamran Əsədov: “Həm ənənəvi, həm də onlayn tədrisin fəaliyyətinin bir həftəlik dayandırılmasına ehtiyac var”

 

Xəbər verdiyimiz kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi.

 

Bununla yanaşı həmin gün səhər saatlarından Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırıldı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcəyini bildirdi. Lakin bildiyimiz kimi pandemiya səbəbindən ölkəmizdə dərslər həm onlayn, həm də ənənəvi formada keçirilir. Hazırda internetlə bağlı məhdudiyyət tətbiq edildiyindən ekspertlər hesab edir ki, bütün diqqət cəbhəyə yönəlməli, onlayn dərslər bir müddətlik təxirə salınmalıdır.

 

AYNA qeyd edir ki, Multimedia Mərkəzinin rəhbəri, İKT mütəxəssisi Osman Gündüzün sözlərinə görə, internetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı: “Bu, həm də “WhatsApp”-dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alar. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, vacib olmadığı halda VPN yükləmək tövsiyyə olunmur. VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək”.

 

Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, müəllim, şagird və tələbələrin təhlükəsizliyi üçün, eyni zamanda internetdəki məhdudiyyətlərə görə rəsmi olaraq həm ənənəvi, həm də onlayn tədrisin fəaliyyətinin bir həftəlik dayandırılmasına ehtiyac var: “Bütün diqqət Qarabağa yönəlməlidir. Heç bir təxribat xarakterli hallara yol vermək olmaz. İnşallah, birlikdə qələbələri izləyirik və sona qədər də izləyək”.

 

Qeyd edək ki, bununla bağlı Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

 

Təhsil Nazirliyinin rəsmi açıqlamasında isə bildirilir ki, ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub: “Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik”.

Müəllif: Aləmdə Nəsib      28 Sentyabr 2020 13:35
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin