Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: “Uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq”

İlham Əliyev: “Uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq”

Prezident: “30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki”

 

“Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali arasında, həm hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Dövlət başçısı deyib ki, səhər tezdən məlumatı alan kimi, Müdafiə naziri və digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxlayıb, müvafiq göstərişlər verib və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb: “Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar və bizdə olan operativ məumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir və bu məsələ ilə bağlı mən artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim. Demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar”.

 

Bu gün səhər Azərbaycana qarşı edilən hücumun planlaşdırılmış hərbi təxribat olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan bizim mövqelərimiz atəşə tutulub və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutulub: “Mülki əhali arasında, qeyd etdiyim kimi, itkilərimiz var. Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu, birinci dəfə deyil - Tovuz hadisələri, ondan sonra digər hadisələr. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan vətəndaşları arasında cəbhə boyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın, panika yaransın. Bu gün səhər mən bütün cəhbəboyu bölgələrdən məlumat almışam. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

 

“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib. Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın bizim işğal edilmiş ərazilərdə məscidlərimizin dağılmış vəziyyətinə, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”, - deyə ölkə başçısı vurğulayıb.

Müəllif: Ayna.az      27 Sentyabr 2020 15:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin