Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənilər bizə hücum etsələr, peşman olacaqlar” – PREZİDENT

“Ermənilər bizə hücum etsələr, peşman olacaqlar” –     PREZİDENT

İlham Əliyev: “Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb”

 

“Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir”. AYNA bildirir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir: “Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılmışdır. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır”.

 

"Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər”, - deyə Prezident vurğulayıb.

 

İ.Əliyev deyib ki, ermənilər faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər: “Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk Qrupunun həmsədrləri onları dayandırmır. Minsk Qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”.

 

“Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”, - deyə Əliyev bildirib".

Müəllif: Ayna.az      25 Sentyabr 2020 13:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin