Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputatlardan şortik qalmaqalına reaksiya: “Olar” deyən də var, “olmaz” deyən də

Deputatlardan şortik qalmaqalına reaksiya: “Olar” deyən də var, “olmaz” deyən də

Aqil Abbas: “Sizin redaksiyanıza kimsə şortiklə gəlib müsahibə verir, siz bunu qəbul edə bilərsiniz, amma...”

 

Sabir Rüstəmxanlı: “Kimsə imtahana bu şəkildə gedibsə, onu imtahandan kənarlaşdırmaq düzgün deyil”

 

Bugünlərdə bloqçu Fərid Pərdəşünasın şortik geyindiyi üçün Dövlət Yol Polisi (DYP) imtahanına buraxılmaması və ardınca DYP sözçüsü Kamran Əliyevin “qadınlar şortikdə imtahan gələ bilər, amma kişilərin bu davranışı milli mentalitetimizə uyğun deyil” açıqlaması hələ də müzakirə olunur.

 

Məsələ ilə bağlı AYNA-ya fikrini açıqlayan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbasın sözlərinə görə, kimin necə geyinməsi onun hüququdur, lakin: “Şortik geyinmisən, maşın sürürsən, maşının içindəsən - buna heç kim bir söz deyə bilməz, evində də geyinə bilərsən. Amma hər hansı ictimai yerə, dövlət orqanlarına şortiklə getməyi mən qəbul etmirəm. Əgər bunu məndən soruşursunuzsa, mən bunu qəbul etmirəm”.

Bakupost.az - “Qoyunu kəsib bir hissəsini Milli Məclisə verməliyəm?” - Aqil  Abbas

“Həmin şəxsin də ora şortiklə daxil olmasını istəməyiblər. Burda isə qeyri-adi bir şey yoxdur. Bunu gündəmə çevirmək səfehlikdir. Mən dünyanın bir çox yerlərini gəzmiş insanam. Elə restoranlar var ki, insanları ora qalstuksuz, kostyumsuz içəri buraxırmırlar. Ora heç kim şortiklə girə bilməz. Məsələn, sizin redaksiyanıza kimsə şortiklə gəlib müsahibə verir, bunu siz qəbul edə bilərsiniz. Amma ürəyinizdə deyəcəksiniz ki, tərbiyəsi yoxdur. Xanımın qarşısında mən şortiklə otursam, necə olar?!”, - deputat bildirib.

 

Abbasın fikrincə, xanımların şortik geyinmələri də onların öz hüquqlarıdır: “Qanunda şortikin geynilib-geynilməməsi ilə bağlı hər hansı bir maddə yoxdur. O zaman siz də, mən də şortik geyinək. Kimsə çimərlik geyimi ilə, məhz elə sözügedən yerlərə gedə bilər? Şortik də həmin çimərlik geyiminin bir növüdür. Qanunda elə bir maddə yoxdur ki, harasa çimərlik geyimi ilə girə bilmərik. Hər şeyi də etik kodeksə salmazlar. Onda bütün günü oturaq, biz hara gedəndə nə geyinmək lazım olduğu barədə nələrsə yazaq. Milli Məclis bütün işini atsın kənara, kim hara gedəndə, çayxanaya gedəndə nə geyinməlidir-nə geyinməməlidir mövzusunu müzakirə etsin. Belə bir qanun qəbul etmək olmaz. Mənim mentalitet sözündən zəhləm gedir. Amma hər kəsin milli əxlaq formaları var”.

 

Parlament üzvü hesab edir ki, həmin bloqçu imtahan qəsdən elə geyinib gedib: “Əgər idman zalından çıxıb, gedibsə, o zaman geyimini dəyişib, imtahana getməli idi. İdman zalına mən də gedirəm, idman zalına daxil olanda təbii ki, idman formasında gedirəm. Amma ordan çıxanda həmin formanı dəyişirik”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin digər üzvü Sabir Rüstəmxanlı isə fərqli düşünür. O, AYNA-ya açıqlamasında deyib ki, sürücülük vəsiqəsi üçün verilən imtahana istənilən şəxs şortiklə gedə bilər: “Burda elə bir qəbahət yoxdur. Lakin universitetlərə və universitet imtahanlarına o formada daxil olmaq olmaz. Sürücülük imtahanı üçünsə nə qədər sərbəstlik olsa, gündəlik geyimi ilə gedilə bilər, burda bir qəbahət olmamalıdır”.

Sabir Rüstəmxanlı: “Cibimdə 20 qəpik olmadı ki, tələbə yoldaşlarımla şəkil  çəkdirim”

Deputatın fikrincə, burada hər hansı ölçü və meyar qoyulmayıb: “Azərbaycanda belə bir şey yoxdur. Türkiyədə belə bir qayda var ki, kim başıbağlı gələ bilər, kim başıbağlı gələ bilməz. Bu, onlarda uzun müddət mübahisə mövzusu olub. Azərbaycanda isə şortiklə, qısa şalvarla gəzmək və ya gəzməmək söhbəti ciddi müzakirə mövzusu deyil”.

 

“Ona görə də əgər gənc belə bir formada gedibsə, ona kiçik bir işarə ilə başa salmaq olardı ki, gərək belə bir formada gəlməyəydin. Amma onu imtahana buraxmamaq düzgün deyil. Əgər elə normalara ehtiyac varsa, təklif və qəbul oluna bilər. Amma hələ ki, belə bir şey yoxdur. Belə bir qadağa olmadığına görə, gənc də bunları bilmir. Əgər o, imtahana bu şəkildə gedibsə, onu imtahandan kənarlaşdırmaq düzgün deyil”, - Rüstəmxanlı vurğulayıb.

Müəllif: Ülviyyə Şahin      23 Sentyabr 2020 15:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin