Əsas səhifə Haqqımızda Xəbər lenti

Müdafiə naziri komandir heyətinə tapşırıqlar verib

Müdafiə naziri komandir heyətinə tapşırıqlar verib

Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır”

 

Bu gün Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Nazirlikdən AYNA-ya bildirilib ki, Z.Həsənovun sözlərinə görə, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir.

 

“Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır”, - deyə general vurğulayıb.

 

Nazir deyib ki, Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

 

Z.Həsənov Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

 

Sonda general-polkovnik fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib. 

Müəllif: Ayna.az      19 Sentyabr 2020 11:51
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin