Əsas səhifə Haqqımızda Xəbər lenti

Bağçalarda valideynlərdən absurd tələb: Lakin icra hakimiyyəti inanmır

Bağçalarda valideynlərdən absurd tələb: Lakin icra hakimiyyəti inanmır

Valideynlər düşünürlər ki, onlarda olan hansısa xəstəliklərin uşağa nə dəxli var...

 

Abşeron rayonu üzrə bir neçə bağçadan redaksiyamıza şikayət daxil olub. Şikayətçi valideynlər bildirirlər ki, bağça rəhbərliyi uşağı qəbul etmək üçün, onun hər iki valideynindən sağlamlıq haqqında tibbi arayış tələb edir. Valideynlər isə düşünürlər ki, onlarda olan hansısa xəstəliklərin (göz zəifliyi, şəkərli diabet və s.) uşağa və uşağın bağçaya getməsinə aidiyyəti olmamalıdır.

 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov AYNA-ya dediyinə görə, valideynlərdən kütləvi halda sağlamlıq haqqında tibbi arayış tələb edilə bilməz: “Ancaq koronavirus (COVID-19) xəstəliyinə yoluxmuş valideynlərdən arayış istənilib. Onsuz da virusa yoluxmuş insanlar sahə həkimin nəzarəti altında olurlar. Sahə həkimi arayış verməlidir ki, artıq ailə üzvləri sağalıb və həmin ailədən olan uşaq kollektivə qoşula bilər. Arayış yalnız sahə həkimindən alınmalıdır və sahə həkimi də arayışı pulsuz verir”.

 

Pediatr Vaqif Qarayev AYNA-ya bildirib ki, valideynlərdən arayış tələb olunması pandemiya ilə bağlı ola bilər: “Başqa halda heç bir arayışa ehtiyac yoxdur. Mən indi məktəbdən gəlirəm, bir valideyni belə, maskada görmədim, əvvəlki kimi öpüşür, görüşürdülər. Kimsə nə özünü qoruyur, nə də ətrafdakıları. Biz mövsümü xəstəliklər zamanı da valideynlərə bildiririk ki, hansısa əlamət hiss etdikdə uşağı evdə saxlasınlar. Düzdür, elə əvvəldən bunu anlayan valideynlər xəstə uşağı bağçaya, məktəbə aparmırdılar, amma təəssüf ki, əksəriyyətdən bunu görə bilmirik”.

 

“İnsanlar indi daha çox laqeyd yanaşırlar. Hazırda bir yaxşı hal var ki, uşaqlarda mövsümü xəstəliklərə çox az rast gəlinir. Bu da karantin müddətində təcridolunma ilə bağlıdır. İndi ki, bağçalar, məktəblər açıldı, mövsümü xəstəliklərin də sayında artım olacağı gözlənilir”, - həkim vurğulayıb.

Müəllif: Aləmdə Nəsib      17 Sentyabr 2020 19:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin