Hüquq müdafiəçisi Tofiq Yaqublu barədə: “Ümidliyik, gözləyirik”

Hüquq müdafiəçisi Tofiq Yaqublu barədə: “Ümidliyik, gözləyirik”

Novella Cəfəroğlu: “Bu dəqiqə “Whatsapp” vasitəsilə bir-birimizlə yazışırıq ki, nə edək, axırıncı addımımız nə olsun”

 

“Biz Tofiq Yaqublunun məsələsi ilə bağlı Prezident Adminstrasiyasında görüş keçirməli idik. Amma dedilər ki, koronavirus pandemiyası səbəbindən görüş alınmır”. Bu sözləri AYNA-ya Hüquq müdafiəçilərindən ibarət İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun (BİQ) üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu bildirib ki, T.Yaqublunun appelyasiya şikayətinə tezliklə baxılması, siyasi fəalın tezliklə azad olunması üçün bütün aidiyyatı qurumlara, Prezident İlham Əliyevə məktubla müraciət ünvanlayıblar.

 

“İnanırıq və ümid edirik ki, Tofiq bəy tezliklə azadlığına qovuşacaq. Bizim İşçi Qrupun üzvlərindən bəziləri Prezident yanında Əfv Komissiyasının üzvləri ilə də danışıqlar aparırlar. Bu dəqiqə hüquq müdafiəçiləri olaraq “Whatsapp” vasitəsilə bir-birimizlə yazışırıq. Müzakirə edirik ki, nə edək, axırıncı addımımız nə olsun. Ümidliyik, gözləyirik”.

 

Qeyd edək ki, BİQ T.Yaqublunun həbsdən azad edilməsi üçün dövlət orqanlarının nümayəndələri ilə müzakirələr aparır. Hüquq müdafiəçiləri dövlət qurumlarının nümayəndələrinə, deputatlara, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Hüquq müdafiəçiləri məsələnin həllini Yaqublunun apellyasiya şikayətinə təcili və obyektiv baxılmasında, birinci instansiya məhkəməsinin hökmünün ləğvində və onun azad edilməsində görürlər.

 

Xatırladaq ki, T.Yaqublu xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri üzrə 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. İttihamı qəbul etməyən Yaqublu həbsxanada ölüm aclığına başlayıb. Artıq o, 15 gündür aksiyanı davam etdirir. Səhhətində problem yaranan siyasi fəal mülki xəstəxanaya – “City Hospital”a köçürülüb. Hazırda Yaqublu orada müalicə alır. Ailəsindən verilən məlumata görə, T.Yaqublunun səhhəti bu gün daha da pisləşib. 

Müəllif: Anar Bayramoğlu      16 Sentyabr 2020 17:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin