Əsas səhifə Haqqımızda Xəbər lenti

Qızlarınızı ərə deyil, dərsə göndərin!

Qızlarınızı ərə deyil, dərsə göndərin!

Komitə rəsmisi: “Erkən nikahla bağlı əvvəldən məlumat verilməlidir, sonradan müdaxilə etmək çox çətindir”

 

Azyaşlıların evləndirilməsi məsələsi nəinki Azərbaycanda, bütün dünyada mühüm problemlərdən biridir. Bununla bağlı qlobal müstəvidə bir sıra hüquqi addımlar atılsa da, problem hələ də tam həllini tapmayıb.

 

Ölkəmizdə də bir sıra regionlarda xüsusilə qız uşaqlarının erkən yaşda evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Bəs, Azərbaycanda evlilik yaşı neçədir? Hansı hallarda erkən nigaha qanuni icazə verilir?

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq problemləri şöbəsinin məsləhətçisi Pərviz Əliyev AYNA-ya deyib ki, bəzi hallarda evlilik yaşının 18-dən aşağı olmasına qanun icazə verir: “Evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. Konkret evlilik yaşı həm oğlanlar, həm də qızlar üçün 18-dir. Lakin icra hakimiyyəti orqanının qərarı ilə bir-iki yaş azaldıla bilər. Ümumilikdə isə məyyən şərtlər altında 18 yaşdan daha tez evliliklər mümkündür. Məsələn, ailədə xəstə varsa, hərbi xidmətlə bağlı müəyyən məsələlər və bunun kimi problemlər ortaya çıxarsa, Ailə Məcəlləsi ilə təsdiq olunduğu təqdirdə, qəbul olunmuş evlilik yaşından bir-iki yaş erkən evliliklər ola bilər”.

No description available.

“Azyaşlıların vaxtından əvvəl evləndirilməsinin qarşısının alınması üçün prosesə həm hüquq mühafizə orqanları, həm də yerli icra hakimiyyəti orqanları nəzarət edir. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif rayonlarda daimi monitorinqlər keçirir. Əgər erkən nikahla bağlı, xüsusilə qız uşaqlarının təhsildən yayındırılıb erkən nikaha cəlb olunması ilə bağlı məlumat daxil olarsa, bu zaman aidiyyəti qurumlar hadisənin qarşısının alınması üçün operativ tədbirlər görür və bu istiqamətdə valideynlər və ya həmin nikaha məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər”, - Komitəsi rəsmisi bildirib.

 

Məsləhətçi erkən nikahın qarşısının alınması üçün məktəb davamiyyətinin yoxlanılmasının vacib olduğunu qeyd edib: “14-15-16 yaşındakı uşaqların daimi nəzarətinin təmin edilməsinin yolu məktəbdə davamiyyətin daimi yoxlanılmasıdır, aidiyyəti qurumlar monitorinqlər keçirir. Məsələn, bir şagird bir neçə dəfə dərsə gəlmirsə, davamiyyətində problem varsa, aidiyyəti qurumlara, polisə bildirilir və bu məsələ araşdırılır. Təhsilə cəlb edilməsi istiqamətində iş aparılır. Əgər bir qız uşağı vaxtından əvvəl nikaha məcbur edilərsə, buna görə təbii ki, valideyn və ya himayədar məsuliyyətə cəlb olunmalıdır. Lakin bununla bağlı şikayət olunmalıdır, müəyyən edilməlidir ki, həqiqətən də uşaq nikaha məcbur edilib”.

 

“Bir çox hallarda himayədar məsuliyyətdən yayına bilir. Qanunvericilikdə cəza tədbirlərinin güclənməsi bu məsələdə o qədər də effektiv deyil. Əsasən maarifləndirmə tədbirləri aparılmaldır, nəzarət tədbirləri gücləndirilməldir. Erkən nikahın fəsadları ilə bağlı valideynlər məlumatlandırılmaldırlar. Cəmiyyət özü və ya aidiyyəti qurumlar vaxtında məlumat verməlidir erkən nikah halları barədə. Bu halda müdaxilə edə bilirik, bunun qarşısını ala bilirik. Vaxtında məlumatlandırılmaq vacibdir, çünki nikahdan sonra müdaxilə etmək hərtərəfli çox çətindir, həm də əksərən erkən nikah zamanı sonradan təhsilə də davam edə bilmir qız uşaqları. Bu halların qarşısının alınması üçün cəmiyyət özü də səfərbər olmalıdır, vaxtında aidiyyəti qurumlar məlumatlandırılmaldır”, - P.Əliyev vurğulayıb.

Müəllif: Bünyamin      17 Sentyabr 2020 23:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin