Əsas səhifə Haqqımızda Xəbər lenti

Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat

Hər kəs yaşamaq istəyir, amma: Üç nöqtədən sonrakı həyat

Pandemiya dövründə intihar hallarının çoxalmasının maddi, mənəvi, sosial, psixoloji səbəbləri var

 

İntihar cəhdi baş tutanlarla danışmaq şansımız olmasa da, cəhdi uğursuz olanlarla danışdıqda bu fikir çox zaman öz təsdiqini tapır ki, hər kəs yaşamaq istəyir, amma... Üç nöqtədən sonra çox səbəb yazmaq olar. Artıq bir ilə yaxındır ki, bu səbəblər arasına COVID-19-un gətirdiyi çətinliklər də daxil olub. İntihar səbəbi kimi birbaşa COVID-19 göstərilməsə də, özünün baş rolda oynadığı bu dönəm insanları çox çətin vəziyyətə salıb, çarəsizliklə üz-üzə qoyub. Elə son günlərdə KİV-də yayımlanan intihar xəbərlərinin də sayı artmaqda davam edir.

 

“Karantin şəraiti ciddi vəziyət idi. İnsanlar sosial həyatdan xeyli təcrid olundular. Belə bir şəraitdə Azərbaycanda intihar hadisələrinin araşdırılmaması, ictimailəşdirilməmməsi təəssüfedici haldır”.

 

Bunu AYNA-ya açıqlamasında sosioloq Sahib Altay deyib. O bildirib ki, pandemiya intihar hallarını çoxaldıb: “Mənim özümün bu istiqamətdə bir neçə araşdırmam, şəxsən şahidi olduğum intihar halları da var. Sadəcə, əlimdə rəsmi material yoxdur. Özüm üçün lazım olan çıxarışları götürməyəcə imkanım olub”.

Niyə yaşlı müəllimlər, gənc müəllimlərdən daha zəif tədris keyfiyyəti  göstərirlər? » Ovqat.com

Sosioloq intihar hallarının çoxalmasının bir neçə səbəbini dilə gətirib: “Pandemiya dövründə intihar hallarının çoxalmasının maddi, mənəvi, sosial, psixoloji səbəbləri var. Digər müsahibələrimizdə də qeyd etdiyimiz kimi, insanın həyatı digər canlılardan fərqli olaraq iki müstəvi üzərində formalaşıb, yəni insan həyatının mahiyyəti iki müstəviyə bağlıdır: bioloji və sosial müstəvi. İnsan yaradıcı canlı olduğu üçün onu bu iki müstəvinin birindən ayırdıqda, istər-istəməz psixoloji gərginlik yaşayır. Çünki əsrlərdir ki, insan öz həyatını bu iki müstəvi üzərində qurub, inkişaf etdirib. Qısaca deyək ki, bu, quşun iki qanadı kimidir - birini kəssək, quş uça bilmədiyi kimi, insan da hərəkət edə bilmir, həyatında inkişaf dayanır, geriyə getmə başlayır”.

 

Sahib Altay vurğulayıb ki, karantin rejimi müvəqqəti dönəm olsa da, kimlərsə bu dönəmə adaptasiya ola bildi, kimlərsə yox: “Adaptasiya ola bilən adamlar maddi imkanları normal olanlardır ki, onların ehtiyyatda pulları var, ailələrinin, özlərinin ehtiyaclarını ödəyə bilirlər, qapalı şəraitdə o qədər də depressiya yaşamırlar. Nəticədə isə ümumi baxsaq, hər kəs az-çox o dönəmdə depressiya yaşadı. Çünki evdən çıxa bilməmək insan üçün çətin olur. Lakin maddi imkanı zəif olan, günəmuzd işləyən insanlar üçün bu dönəm daha çox çətinlik yaratdı. İstər ailəsinin, istərsə də özünun ehtiyaclarını təmin edə bilməyən insanlar bu dönəmi daha ağır keçirdilər. Bundan əlavə qeyd edim ki, insanlar nə qədər də bir-birilərini qəbul etsələr də, maddi sıxıntılar münaqişələrə, anlaşılmazlıqlara yol açır. Çünki ehtiyacların təmin olunmaması stress yaradır. Hər kəs bu yükün altında tab gətirə biləcək gücə sahib deyil. Elə dönəm oldu ki, biz heç vaxt həyatımız boyu belə çətinliklə qarşılaşmamışdıq. Bu, dünya tarixində bir, iki, üç əsrdən bir olan haldır ki, bu gün bizlər də bu tarixin bir parçasına çevrildik”.

 

Sosioloqun sözlərinə görə, bu, indiki vəziyyət üçün keçici hal deyil: “Belə ki, intihar halları artan silsilə ilə davam edirsə, pandemiyanın bitməsi, karantin rejiminin tamamilə ləğv edilməsi ilə dayanan deyil. Çünki bundan sonra da pandemiyanın travmaları davam edir. Bu, həm maddi, həm də mənəvi, sosial, psixoloji baxımdan belədir. Bu da təbii haldır, insan sosial mühitdən təcrid olunduqdan sonra, yenidən adaptasiya olmaq üçün zaman lazımdır. Bəzi psixoloji və maddi imkanı yaxşı olan insanlar bu prosesi rahat keçsə də, bunu hər kəsdən gözləmək olmur. Hər şeyin yaxşılaşması və normala dönməsi üçün məyyən zaman lazımdır”.

 

“Əvvəldə mən anlayış məsələsinə toxundum. Bəzən insan qarşı tərəfdən anlayışla qarşılanmasına baxmayaraq, vicdan əzabı çəkir və intihara cəhd edir. İstər-istəməz kənarda bu günlər üçün xərcləyəcəyi, ailəsinin və özünün ehtiyaclarını ödəyəcək imkanı yoxdursa, vicdan əzabı çəkəcək. Bu gerçəkliyi heç cür danmaq olmaz. Pandemiya dönəmində kifayət qədər intihar hadisələri olub. Onları da sadəcə araşdırmaq lazım idi”, - o, fikrini tamamlayıb.

 

Psixoloq Vüsalə Əmiraslanova da AYNA-ya şərhində, ilk olaraq intihar hallarının nədən yarandığına toxunub: “İnsanlar güclü stress keçirdikdə, bir neçə problemlə yükləndikə, həyatda məqsədlərini unudar, vaz keçərlərsə, hədəfləri olmazsa, intihara meyilli olurlar. Pademiya dövründə intihar hadisələrinin sayında artım oldu. Bu müddətdə intihar hallarının artmasına səbəb insanların evə qapanmağı, ünsiyyətin azalması, qorxu, gələcəklə bağlı narahatlıq hissi ilə bağlıdır. İş yerlərinin bağlanması, maddi sıxıntılar insanları çıxılmaz vəziyyətdə qoydu”.

Zövqün formalaşmasında musiqinin rolu FOTOLAR / VİDEO

Mütəxəssis intihara meyilli insanlarla işləmə prinsiplərinə də toxunub: “Əgər bir insan intihar etmək istəyirsə, demək ki, bu insan həyatdan bezib. Bu halda onun həyata marağını, özgüvənini artırmaq lazımdır. Hədəflər, məqsədlər qoymaq, həvəsləndirmək zəruridir. Beləliklə də insan həyata bağlanacaq. İstər pandemiya dövrü olsun, istərsə də hər hansı xəstəlik dönəmi - fərq etməz, gərək insan olduğu vəziyyətdə nə edə biləcəyini, necə davam edə biləcəyini müəyyənləşdirsin”.

 

Qeyd edək ki, pandemiya dönəmində intihar hallarının statistikasını əldə etməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Dövlət Statistika Komitəsindən bildirdilər ki, onlar intiharlarla bağlı statistika aparmırlar. Psixoloji Sağlamlıq Mərkəzindən isə bizimlə danışacaq həkim olmasa da, zəngimizə cavab verən xanım, karantin dönəmində bu istiqamətdə hansısa monitorinq aparmaq imkanlarının olmadığını bildirdi.

Müəllif: Aləmdə Nəsib      20 Sentyabr 2020 10:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin