COVID sonumuza çıxmadı, amma ölüm hallarında sıçrayış var – ŞÜBHƏLİ TƏZAD

COVID sonumuza çıxmadı, amma ölüm hallarında sıçrayış var –           ŞÜBHƏLİ TƏZAD

Eldar Zeynalov: “Ölüm nisbətindəki bu sıçrayışın birbaşa olmasa da, koronavirusla əlaqəli olduğuna tam əminəm”

 

Dövlət Statistika Komitəsi (DSK), xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya və karantin tədbirləri fonunda iyun ayında baş verən ölüm hallarının kədərli statistikasını açıqladı. Bu ay üçün ölüm sayının may statistikasını 1900 nəfər üstələməsi düşündürücüdür. Eyni zamanda, rəsmi rəqəmlər ölüm sayının artımına birbaşa koronavirusun səbəb olmadığını göstərir.

 

DSK bildirir ki, bu ilin yanvar-iyun aylarında ölkədə 31.016 ölüm faktı qeydə alınıb və ölüm nisbəti hər 1000 nəfər əhaliyə 6.3 nəfər təşkil edib. Bu, çoxdur, ya az? Oxucuda yaranan suala bəri başdan cavab verirəm: iyun ayında ölüm halları 45% artıb!

 

Ancaq, gəlin son ayların rəsmi statistikasına nəzər salaq. DSK yanvar-may aylarında 24.813 min nəfər adamın öldüyünü və ölüm nisbətinin ölkənin hər 1000 nəfərinə 6 nəfər olduğunu açıqladı. Eyni zamanda, ölkədə yanvar-aprel aylarında 20.519 min nəfər insan dünyasını dəyişib. Riyazi hesablamalarla bu qənaətə gəlirik ki, iyun ayında ölkədə ölüm nisbəti 6.203 nəfər, may ayında isə 4.294 olub. İyun ayında may ayına nisbətdə insan ölümlərinin sayı 1909 nəfərədək qədər artıb. Faizlə ifadə etsək, may ayı ilə müqayisədə iyunda ölüm faktlarında 44,5% artım var.

 

Təəssüf ki, növbəti iki ayda - iyul və avqust aylarında ölənlərin sayı barədə məlumatımız yoxdur və buna görə əlimizdə olanlara istinad etməliyik. İyun ayının rəsmi statistikası kədərli dinamikanın səbəbləri barədə məntiqi bir sual yaradır. Ölüm hallarının artması koronavirus pandemiyası dövrünə düşdüyündən, Operativ Qərərgahın rəsmi məlumatlarına diqqət etdik. Bu qurumun məlumatına görə, iyun ayında koronovirusdan cəmi 152 nəfər dünyasını dəyişib.

 

Deməli, pandemiyadan ölüm statistikası ümumi ölüm sayının yalnız kiçik bir hissəsini təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, iyun ayı ərzində 6203 nəfər müxtəlif səbəblərdən ölüb ki, bu da ölümlərin 92%-dən çoxunun virusla birbaşa əlaqəsi olmayan digər amillərdən baş verməsi deməkdir. Bəs, virus deyilsə, ölkədə tətbiq olunan karantin rejiminin üçüncü ayında ölümlərin ciddi şəkildə artmasına səbəb olan nədir?

 

AYNA-nın mövzuya dair suallarını cavablandıran Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) direktoru Eldar Zeynalov, iyunda ölüm nisbətindəki bu sıçrayışın (və bəlkə də iyul-avqust aylarında da davam edib - bu aylar üçün heç bir statistika yoxdur) birbaşa olmasa da, koronavirusla əlaqəli olduğuna tam əmindir: “Gündəlik stresə məruz qalan, işsizlik səbəbindən aşağı gəlir səviyyəsinə (və buna görə də keyfiyyətsiz qidaya) sahib olan, təcrid olunmuş, gəzinti və təmiz havadan məhrum olan insanlar üçün pandemiyaya qarşı düşünülməmiş profilaktik tədbirlərin nəticələrini nəzərdə tuturam. Nə də olsa, gündəlik gəzintinin yaşlı insanlar və hər şeydən əvvəl ürək-damar xəstəlikləri olan insanlar üçün həyati əhəmiyyət daşıdığını bizə öyrədiblər. Hətta, belə insanlara it almağı tövsiyyə edirlər ki, heç olmasa, onu gəzdirmək üçün xəstə gündə 2 dəfə də olsa, təmiz havada yerisin”.

“Qeyd etmək istərdim ki, 2019-cu ilin sonlarında tibb müəssisələrində qeydiyyata alınan ürək xəstələrinin sayı 288,883 nəfər idi. Ürək problemləri uzun müddətdir ki, Azərbaycanda bir nömrəli qatil rolunu oynayır. 2018-ci ildə 33.909 nəfər bu xəstəliklərdən dünyasını dəyişmişdi. Bəs, karantin rejiminin başlanğıcında nə gördük? Xüsusilə, 65 yaşdan yuxarı insanlar üçün, yəni sözügedən risk qrupuna daxil olan insanlar üçün evdən çıxmaq tamamilə qadağan edildi. Bakı və Sumqayıtın bulvar və parklarında oturacaqlar mart ayında yığışdırılmışdı ki, insanlar oturmağa yer tapmadıqları üçün gəzintilərdən özləri imtina etsinlər. Ardınca parklar gəzmək üçün tamamilə bağlandı. Bu qadağa, yalnız 15 may tarixində ləğv edildi. 5 aprel tarixindən bəri yalnız yaşlılar üçün deyil, iş icazəsi olmayan hər kəs üçün küçəyə çıxmaq problemə çevrildi. SMS-icazə ilə evdən gündə yalnız bir dəfə, o da iki saatlıq çıxmaq mümkün idi. Daha sonra icazə 3 saata qədər uzadıldı ki, bunun özü də alış-verişə çətinliklə bəs edirdi”, - müsahibimiz deyib.

 

Onun sözlərinə görə, karantin tədbirləri, təxminən 1.286 milyon təqaüdçüyə və təxminən 300 min ürək xəstəsinə təsir edərək, onları gəzintilərdən və təmiz havadan məhrum edib: “Eyni aylarda işsizlik nisbəti sırf pandemiya səbəbindən kəskin şəkildə 3-6 dəfə artdı. Beləliklə, mayın 12-dək 20 mindən çox soydaşımız xaricdən Azərbaycana qayıtdı. Əlbəttə, mart ayından başlayaraq, pandemiya ilə əlaqədar çətinə düşən bu insanların çoxu turist deyildi. Bu, işsizlərin Azərbaycana qayıtması demək idi. Bu proses bu günə qədər davam edir. Bundan əlavə, ölkə daxilində bir çox müəssisə, biznes strukturları bağlandı və bu da işsizlərin sıralarını əhəmiyyətli dərəcədə artırdı. 2018-2019-cu illərdə rəsmi işsizlərin sayı 112,8 min nəfər idisə, artıq bu ilin aprel və may aylarında rezonanslı 190 manat (yaşayış minimumu ölçüsü) alanların 600 min nəfərə yaxın olduğu bildirildi. Avqust ayında yardım alanların sayı iki dəfə azaldı (278 min)”.

 

“Bu ödənişlərin təyin edilməsi bürokratik əngəllərlə müşayət olundu. İnsanlar ailənin bir avtomobili, bir bağ evi varsa, kimsə təqaüd alırsa, şəxs qeydiyyatdan keçmiş vergi ödəyicisi indeksinə sahib idisə (və bu iş qadağan olunmasına baxmayaraq), yardım ala bilmirdi. Əslində, bu 190 manatın yaşamaq problemini həll etdiyini düşünmək yanlış idi. İyun ayında “Turan” xəbər agentliyi geniş reklam olunan 190 manatlıq yardımla bağlı bir ictimai rəy sorğusunun nəticələrini yayımladı. Respondentlərin 90%-i bu məbləğin onlara heç iki həftəyə çatmadığını bildirmişdilər. Beləliklə, yardım alanların 25%-i bu ödənişi 1 həftədə, 22.5%-i 3-5 gün ərzində xərclədiyini vurğulamışdı. Bu ayrdımı alanlar həmin pulları hara xərcləyirdilər? Sorğunun nəticələri göstərdi ki, 65.9%-i yalnız qidaya, 21.2%-i qida və kommunal xərclərə sərf edib. Əhalinin 45,4% isə karantinlə bağlı dövlət yardımı bitdikdən sonra nəyin hesabına yaşayacağı barədə heç bir fikrinin olmadığını deyib. Beləliklə, yardım alanların yalnız 10%-i dövlət yardımı ilə ayı başa vura bilirdi, yarım milyondan çox işsiz insan isə 190 manatı elə birinci həftədə ərzağa verib, qalan 2-3 həftəni “kim necə bacardı” prinsipi ilə birtəhər başa vura bilib”, - Zeynalov bildirib.

 

AİHM rəhbəri şəxsi müşahidəsindən də missal gətirib: “Bir neçə həftə əvvəl bir qonşum öldü. Taksi sürücüsü idi. Avtomobili olduğu üçün ona 190 manat yardım verilmədi. Bakıdakı taksi biznesi şəhərdən və evdən kənara çıxmaq məhdudiyyətləri səbəbindən acınacaqlı vəziyyətə düşdü. Qonşum borca girdi və borc yiyəsi bunu ona xatırlatdığı üçün pandemiyadan əvvəl tamamilə sağlam olan bir adam insultdan öldü. Qonşular, qadağalar səbəbiylə onu düz-əməlli dəfn də edə bilmədilər. Ancaq o, hər zaman pandemiya ilə bağlı yayılan müxtəlif şayiələrə, xüsusən mənfi şayiələrə ürəkdən inanan bir insan idi. Və belə insanlar çoxdur. Hökumət feyk xəbərlərlə mübarizə üçün qanunvericiliyə dəyişikliklər də etdi. Axı, belə xəbərlər hər insana bir cür təsir edir. Biriləri koronavirus olmadığını, xəstəlik və ölümlə əlaqəli məlumatların qaranlıq qüvvələrin qlobal bir oyunu olduğunu fəal şəkildə sübut edir. Digərləri eyni həvəslə daha çox insanın virusdan öldüyünü və statistikanın həqiqi rəqəmləri əks etdirmədiyini iddia edirlər. Səhiyyə orqanları Səhiyyə Nazirliyi ilə TƏBİB arasında bölünmüşdü. Onların bu bölgüsü vəziyyətə aydınlıq gətirmir, pandemiyaya qarşı atılan addımlar isə çox vaxt normal məntiqə uyğun gəlmirdi”.

 

“Məsələn, xəstələnmə səviyyəsinin artması barədə bildirişdən sonra təhlükəsizlik tədbirləri zəiflədi. Beş nəfərdən çox insanın bir yerə toplanması qadağandır, amma insan sıxlığı yaşanan avtobusların hərəkətinə icazə verilir. İnsanlar bəzən sərhəddə saxlanılır, bunt qaldırırlar, sonra 300-400 nəfər ölkəyə göndərilir və s. Bu tədbirlərin effektivliyi şübhə doğurur, çünki məntiqin əksinə olaraq virusa yoluxanlar xəstəliyin olması mümkün olmayan yerlərdə, məsələn, həbsxanalarda da tapılır. Nəzər alın ki, məhkumlar mart ayının əvvəllərindən bəri ziyarət və ya ötürülmədən tamamilə təcrid olunmuş vəziyyətdə kilidləniblər və orada işləyən əməkdaşlar da gündəlik yoxlanılır. Bəs, onda belə qapalı yerdə xəstəlik haradandır? Bütün təcridlərə baxmayaraq, 20 min məhkum arasında 51 xəstə aşkar edilir. Yəni hər 1000 adama 2,5 infeksiyalı məhkum düşür. Ümumiyyətlə, ölkədə koronavirus xəstələrinin nisbəti 10 milyon insana 38 min (1000 nəfərə 3.8) nəfərdir. COVID-19-dan ölümün 30 qat az olduğu Gürcüstanın nümunəsi gözlərimizdə bir tikan kimidir”, - hüquq müdafiəçisi vurğulayıb.

 

“Bir sözlə, virusla mübarizə üçün belə bir strategiya ölümə gətirib çıxarmaya bilməz. Sadəcə, pandemiyaya qarşı tədbirlər əhalinin ən həssas təbəqələrini hədəf alır və risk qrupunu dəfələrlə artırır. Və belə çıxır ki, rəsmi statistikaya görə, virusdan cəmi 150 nəfər, antivirus tədbirlərindən isə 1900 nəfər dünyasını dəyişir. Bu metod və ortaya çıxan rəqəmlər mənə Rusiyanın terrorçularla mübarizəsini, konkret olaraq, Moskvadakı "Nord-Ost" kinoteatrında keçirilən xüsusi əməliyyatı xatırladır: cəmi 40 terrorçu və... 130-dan çox girov öldürülmüşdü”, - E.Zeynalov fikrini yekunlaşdırıb.

 

P.S. Həmsöhbətimiz, bütün risk qruplarının maraqlarını nəzərə alaraq, pandemiyaya qarşı tədbirləri yenidən nəzərdən keçirməyin vaxtının gəldiyinə inanır.

Müəllif: Tanya Samsonova      16 Sentyabr 2020 23:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin