Əsas səhifə Haqqımızda Xəbər lenti

Altıncı çağırış Milli Məclisin 6 aylığı: Yenilər köhnələrdən fərqlənə bildi?

Altıncı çağırış Milli Məclisin 6 aylığı: Yenilər köhnələrdən fərqlənə bildi?

İqbal Ağazadə: “Cəmiyyətdə yeni barış və dialoq mühiti yaradılmalı, yeni proses başlamalıdır ki, ölkə hazırkı çətin durumdan xilas olsun”

 

Elxan Şahinoğlu: “Parlament ona görə deyil ki, ingilis dilini yaxşı bilən deputatlar olsun, onları xaricə göndərib Azərbaycan həqiqətlərindən danışdıraq”

 

Artıq altıncı çağırış Milli Məclisin fəaliyyətə başlamasından 6 ay keçdi. Yaz aylarında pandemiya dövrünün tələblərinə uyğun olaraq işləyən Milli Məclis bir neçə iclas keçirdi, müəyyən qanunlara əlavə və dəyişikliklər qəbul edildi.

 

Yaz sessiyasında deputatlar bir neçə dəfə növbədənkənar iclaslara da toplandılar. Milli Məclis üzvləri yay tətilinə yollansalar da, müxtəlif vaxtlarda mətbuatda fikirlər, təkliflər səsləndirdilər, aktivlik nümayiş etdirməyə çalışdılar.

 

Hazırda parlamentin müvafiq komitələrinin iclasları başlayıb: bəzi komitələr sosial məsafəyə, karantin qaydalarına əməl edilməklə toplantılarını keçirir, bəziləri isə onlayn formada iclas gerçəkləşdirir.

 

Cəmiyyət isə yeni çağırış Milli Məclisin ilk altı aydakı fəaliyyətini yüksək qiymətləndirmir. İctimaiyyət nümayəndələri hesab edirlər ki, bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində formalaşan parlament özünü doğrultmur, qarşıya qoyulan hədəflərə çata bilmir. Yəni, əvvəlki çağırışla yeni çağırış parlamentin arasında 6 ayda demək olar ki, fərq görünmədi.

 

Vətəndaşlar hesab edirlər ki, bunun səbəbi heç də koronavirus pandemiyası deyil. Səbəblərdən biri - Milli Məclisin tərkibinin demokratik seçkilər nəticəsində formalaşmamasıdır. Pandemiya bəhanə sayıla bilməz, çünki ölkə Prezidenti bu müddətdə nəzərdə tutulan görüşləri, iclasları keçirib - ənənəvi qaydada olmasa da, onlayn şəkildə.

PA-nın şöbə müdiri İqbal Ağazadə ilə görüşüb

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə AYNA-ya deyib ki, Milli Məclis xalq tərəfindən seçilməyib. O, xalq tərəfindən seçilməyən parlamentin hansısa qərarını da legitim hesab etmir: “Çünki oranın formalaşma prinsipi xalqın səsi ilə olmadı. Buna hansısa qiymət vermək də düzgün deyil. Hazırkı Milli Məclisin fəaliyyətinə “2” qiymət vermək olar”.

 

“İcra qurumları tərəfindən formalaşan Milli Məclisdən nəsə gözləmək sadəlövhlükdür. Orada müstəqil fikir söyləyən bir deputat varmı? Mən görməmişəm. Ən demokratik yolla seçilmiş deputatı çıxıb deyirsə ki, səslər onun xeyrinə saxtalaşdırılıb, mən nə deyə bilərəm ki?!”, - deyə Ağazadə söyləyib.

 

Partiya rəhbəri hesab edir ki, ölkə yeni siyasi mühitə daxil olmalıdır: “İcra strukturları, idarəetmə orqanları siyasi institutlara və xalqa demokratik seçki vədi verib, danışıqlara başlamalıdır. Bütün sferalarda - istər qanunverici orqanda, istər idarəetmə oqranlarında, istərsə də bələdiyyə sistemində yeni və demokratik seçkilərin anonsu verilməlidir. Cəmiyyətdə yeni barış və dialoq mühiti yaradılmalıdır, yeni proses başlamalıdır ki, ölkə hazırkı çətin durumdan xilas olsun. Xüsusən də, çətin iqtisadi, siyasi və ağır beynəlxalq münasibətlər sistemindən çıxa bilsin. Beynəlxalq təzyiqlərin qarşısında birlik nümayiş etdirərək dayanmağın yolu bundan keçir”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə mövcud parlament tərkibinə bir qədər fərqli yanaşır. Onun AYNA-ya dediyinə görə, qısa dövrdə deputatlar bir az tənqidlərin sayını artırıblar: “Əvvəl hansısa məsələ ətrafında xorla çıxış edirdilər, tərifləyirdilər. İndi bir az tənqidi fikirlər var. Ümumilikdə götürdükdə, açıq demək lazımdır ki, əvvəlki çağırışla son çağırış Milli Məclis arasında elə də böyük fərq yoxdur. Köhnə parlament ona görə buraxıldı ki, Milli Məclisin işində passivlik vardı. Özləri də etiraf etdilər ki, deputatlar passivdirlər, aparılan islahatlarla ayaqlaşa bilmirlər. Yeni parlament köhnədən üstün deyilsə, fərq cüzidirsə, o zaman fəaliyyəti qənaətbəxş saymaq olmaz. Düzdür, deputatlar arasında müəyyən qədər gənclər var. Onlar və bəzi müxalif sayılan deputatlar var ki, problemlərdən danışırlar. Amma Milli Məclisdə müxalifət təmsilçiliyi yoxdur. Parlamentdə müxalifətin olmaması da qanunverici orqanın işinə mənfi təsir edir”.

Elxan Şahinoğlu:

Analitikin fikrincə, Prezident Administrasiyası ilə partiyalar arasında dialoq qurulubsa, deyirlərsə ki, siyasi palitra rəngarəngdir, o zaman Milli Məclisin də palitrası dəyişməlidir: “Belə olan halda parlamentdən, deputatlardan fərqli fikirlər eşidə bilərik. Hazırda biz fərqli fikirlər eşidə bilmirik”.

 

“Milli Məclisin sönük fəaliyyətində obyektiv səbəblər də var. Məsələn, pandemiya dövrü oldu, iclasların keçirilməsində çətinliklər yaşandı. Amma bu da bəhanə olmamalıdır. İlin axırına kimi də müşahidə aparaq, görək parlamentin fəaliyyətində əsaslı dönüş olacaqmı”, - deyə E.Şahinoğlu vurğulayıb.

 

Mərkəz rəhbəri qeyd edib ki, əslində, bu gün deputatlar hökumət qarşısında tələb qoymalıdırlar: “Onlar hökumətin yaxasından yapışmalıdırlar ki, niyə islahatlar ləng gedir, korrupsiya ilə mübarizədə ciddi addımlar atılmır, ölkə post-pandemiya dövrünə necə hazırlıqlıdır və sair. Eyni zamanda, ağrılı problemimiz olan Dağlıq Qarabağla bağlı Milli Məclisdə dinləmələr keçirilməlidir. Xatırlayıram, mərhum Prezident Heydər Əliyevin dövründə Qarabağla bağlı açıq və ya qapalı dinləmələr keçirilirdi, xüsusi iclaslar çağırılırdı. O vaxt ATƏT-in Minsk Qrupunun hazırladığı 3 həll planı var idi. Heydər Əliyev hər 3 planın rəsmi dövlət qəzetlərində çap edilməsinə, ictimai müzakirəyə çıxarılmasına göstəriş vermişdi. Bununla yanaşı, Milli Məclisin iclasının keçirilməsini tövsiyə etmişdi, hansı ki, iclas keçirildi, məsələlər ətraflı müzakirə olundu”.

 

“Bu gün Qarabağla bağlı belə müzakirələrə çox ehtiyac var. Mən deyərdim ki, Milli Məclisdə xüsusi Qarabağ komitəsinin yaradılması da vacibdir. Parlament ona görə deyil ki, ingilis dilini yaxşı bilən deputatlar olsun, onları xaricə göndərib Azərbaycan həqiqətlərindən danışdıraq. Əvvəlcə biz öz cəmiyyətimizə anlatmalıyıq ki, Qarabağla bağlı hansı yola üstünlük veririk, hansı variant bizə uyğundur, məqbuldur. Yəni, dediyim odur ki, bütün bu məsələlər parlamentdə müzakirə olunmalıdır. Ciddi suallar var ki, deputatlar o suallara cavab istəməlidirlər. Prezident özü yeni çağırış Milli Məclisin ilk iclasında bildirdi ki, Milli Məclis Nazirlər Kabineti üzvlərini ciddi sorğu-sual etməlidir. Çünki ölkədə kifayət qədər problemlər var ki, onlar həll edilməlidir”, - politoloq vurğulayıb.

 

“Onu da deyim ki, bizim Milli Məclisin statusu azaldılıb, bu da çevik fəaliyyətə əngəl yaradan amillərdəndir. Düşünürəm ki, parlamentin statusuna yenidən baxılmasına da ehtiyac var. Milli Məclisdən gözləntilərimiz çoxdur. Gərək ki, deputatlar, parlament rəhbərliyi cəmiyyətin gözləntilərini doğrultmaq üçün ciddi çalışsınlar”, - Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu      18 Sentyabr 2020 10:31
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin