Məktəblər açıldı, qaldı əsas məsələ - Tələb və tövsiyələr

Məktəblər açıldı, qaldı əsas məsələ -         Tələb və tövsiyələr

Nazirlik bütün önləyici tədbirlər görüldüyünü deyir, həkim isə yenə də narahatdır

 

Valideynlər məktəblərin açılmasına bir tərəfdən sevinir, digər tərəfdən isə narahat olurlar. Onları düşündürən əsas məsələ övladlarının virusdan necə qorunacaqlarıdır.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bütün məktəblərə temperatur ölçmək üçün cihazlar, dezinfeksiyaedici məhlullar paylanılıb: “Bu proses indi də davam edir. Bilirsiniz ki, bütün məktəblər birdən-birə tam gücü ilə fəaliyyətə başlamır, siniflər hissə-hissə lazım olan ləvazimatlarla təmin olunacaq. Proses hələ də davam edir”.

Cəsarət Valehov: “Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada  başlayacağıq”

Nazirlik rəsmisi indiki mərhələdə məktəblərə gələn şagirdlərin sayının az olduğunu deyib: “11 sinifdən cəmi dördü məktəbə gələcək və böyük məktəblərdə bunların iki qrupa bölündüyünü nəzərə alsaq, eyni vaxtda çox az şagirdin məktəbdə olacağını söyləyə bilərik. Qaydalara uyğun olaraq, sosial məsafənin gözlənilməsi, karantin rejiminin tələblərinə uyğun davranış və sair məsələlərə nəzarət üçün məsul şəxslər ayrılıb. Tərbiyə işləri üzrə direktor müavinləri, “Məktəblinin dostu” layihəsinin iştirakçıları, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri və bizə bu sahədə kim kömək edə bilərsə, hamını bu prosesə səfərbər edirik”.

 

“Ona görə də, düşünürəm ki, ilk mərhələdə çətinliyimiz olmayacaq. Oktyabr ayında bütün siniflər məktəbə cəlb olunanda, o zaman bizim vəzifələrimiz daha çox artacaq. Amma həmin vaxta qədər məktəblər bir qədər təcrübə toplamış olacaq ki, qarşıya çıxan problemlər necə həll olunmalıdır, daha çox nəyə diqqət edilməsi lazımdır, hansı qaydalara əməl etməkdə çətinlik yaranır, məlumatlı olacaqlar. Bunlar yerindəcə operativ şəkildə tənzimlənəcək və yoluna qoyulacaq”, - Valehov bildirib.

 

Həkim-farmakoloq, “Uluslararası Complete-Pharma Europe” əczaçılıq şirkətinin Eksport Departamentinin direktoru Müşfiq Hüseynov isə hazırkı vəziyyətdən narahatdır: “Öncə yeni tədris ili münasibətlə bütün şagird, tələbə və müəllimləri təbrik edirəm. Sonunda onlar üçün 6 aylıq karantin bitdi. Yeni tədris ili özü ilə çoxlu problem və qayğı da gətirir. Valideyn olaraq, hər kəsi eyni suallar düşündürür. Məktəblər, xüsusilə dövlət məktəbləri karantin qaydalarına əməl edə biləcəkmi, gigiyenik qaydalara və sosial məsafəyə necə əməl olunacaq, uşaqlar, xüsusilə ibtidai sinif şagirdləri potensial virus təhlükəsinə məruz qala bilərmi? Suallar çoxdur. Cavablar isə qaneedici deyil”.

Həkim: Hərə öz işi ilə məşğul olsun

Həkim qeyd edib ki, müəllimlər, universitet tələbələri və 9-11 ci sinif şagirdləri birmənalı olaraq maska taxmalıdırlar: “Xüsusilə, əksəriyyəti ictimai nəqliyyatdan istifadə edən müəllimlər yüksək risk altında işə gedəcəklər. Onlar diqqətli olmalıdırlar, dərs danışmaq zamanı xaricində maskanı çıxarmasalar, yaxşıdır. Mən bilmirəm, bu il distant təhsili hər kəsi qane edəcək formada qura biləcəklərmi, amma bu sahədə problem çoxdur. İnternet, xüsusilə əyalətlərdə yetərli gücdə deyil, üstəlik şəhərdə yaşayanların bir çoxunun uşaqların onlayn məşğul olması üçün xüsusi ayrılmış otaqları yoxdur. Deməli, tədrisin keyfiyyəti aşağı olacaq. Xüsusilə, əgər evdə 2 və daha çox şagird varsa, vəziyyət mürəkkəbləşəcək. Demək asandır, əməl etmək çətin. Biz mental olaraq, buna hazırıqmı?”.

 

“Şagirdlər dərsə girməmişdən əvvəl mütləq qapıda əllər dezinfeksiya olunmalı, dərslərin müddəti qısaldılmalı, nə qədər havalar yaxşıdır, sinif pəncərələri açıq qoyulmalı, tənəffüslərin vaxtı artırmaqla, məktəb dəhlizlərində uşaqların toplanmasına və oynamasına imkan verilməməlidir. Uşaqları açıq havaya çıxarmaq daha məsləhətdir. Hər məktəb mütləq termometrlə təmin olunmalı, şagirdlər evdən gəldiyi zaman, məktəbə girməmişdən temperaturları ölçülməldidir. Xüsusilə, sanitar qovşaqlardakı gigiyenik vəziyyətə riayət olunmalı, xlorlanmalıdır. Hər dərsin sonunda partalar ya nəm salfet ya da spirtlə silinsə, yaxşı olar”, Hüseynov vurğulayıb.

 

O, valideynlərə tövsiyələrini də çatdırıb: “Uşaqların çantalarına spirt və spirtli salfetlər qoysunlar. İmkan olarsa, hər sinfə bir ədəd havanı ozonlaşdıran aparat qoyulsa, çox yerinə düşər. Valideynlər 2 ay (erkən və son payız) uşaqlara xüsusi vitaminlər qəbul etdirsinlər. Bu, xəstəliyə qarşı müqaviməti artıracaq. Hər hansı yüngül simptomda belə (qızdırma, öskürək, halsızlıq), uşaqları qətiyyən məktəbə göndərmək olmaz. Hər ehtimala qarşı, belə uşaqları 1-2 gün müşahidə altında saxlamaqda yarar var. İstənilən halda, bu, ümumi bəladır və burada hər kəsin individual tədbir görməsi çox önəmlidir. Hər kəs özünü və ailəsini qorumalıdır”.

Müəllif: Ülviyyə Şahin      16 Sentyabr 2020 13:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin