Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənistana qarşı daha qətiyyətli addımlar atmağın zamanı gəlib” – DEPUTAT

“Ermənistana qarşı daha qətiyyətli addımlar atmağın zamanı gəlib” –     DEPUTAT

Hikmət Babaoğlu: “Regiona üçüncü qüvvələrin müdaxiləsi heç vaxt xeyir gətirməyib”

 

Son günlər sosial şəbəkələrdə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdiyini göstərən video-görüntülər yayılıb. Belə ki, Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.

 

Bir neçə gün bundan əvvəl isə köçürülənlərin ermənilər yox, erməni və kürd terrorçuları olduğu barədə başqa bir məlumat üzə çıxıb.

 

Məsələ ilə bağlı bəyanat yayan Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulduğunu bildirib: “Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi aydındır. Təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır. Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir. Bölgədə gərginliyi alovlandırmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur”.

 

“Azərbaycan XİN Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək. Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq”, - XİN-in məlumatında vurğulanıb.

 

Mövzu ətrafında AYNA-nın suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrpusiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu cavablandırıb:

Hikmət Babaoğlu: Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib - İki sahil

- Son günlər Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdə yaşayan ermənilərin və terrorçuların köçürülməsi prosesi yenidən artıb. Belə olan halda nə etmək lazımdır? Çünki düşmən tərəfi hər fürsətdə təxribatları artırmağa davam edir.

 

- İşğalçı Ermənistanın atdığı bu addımlar növbəti təxribatın göstəricisi və mövcud status-kvonu legitimləşdirmək cəhdidir. Ermənistan Azərbaycanla Dağlıq Qarabağ problemi ətrafında yeni situasiyalar yaratmaqla, məhz köhnə status-kvonu saxlamağa cəhd göstərir. Ancaq biz bilirik ki, bütün bunlar həm 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının protokolunun 4-cü maddəsinə, həm də Nürnberq prosesinə ziddir. Nürnberq prosesində də buna bənzər hadisələrlə bağlı qəbul edilən məhkəmə qərarları var. Yəni İkinci Dünya müharibəsindən sonra işğal olunmuş ərazilərdə demoqrafik strukturun dəyişdirilməsi, zorla məskunlaşdırılmanın aparılması hərbi cinayət hesab edilib. Konkret olaraq ermənilər də işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik sturkturu dəyişməyə cəhd edərək hərbi cinayətə imza atırlar.

 

- Baş verənlərə qarşı Azərbaycan tərəfdən zaman-zaman rəsmi bəyanatlar ünvanlansa da, bəyanatların nəticəsiz qaldığının şahidi olmuşuq. Sadəcə bəyanat ünvanlamaqla nəyə nail olmaq mümkündür?

 

- Şübhəsiz ki, bununla bağlı Azərbaycan rəsmilərinin bəyanatları var. Amma nəzərə almaq lazımdır ki, torpaqlarımız işğal altındadır və təcrübə də göstərir ki, bəyanatlarla bu cür halların qarşısını almaq olmur. Çünki bu vaxta qədər, yəni 2011-ci ildən sonrakı mərhələdə Suriyadan və Yaxın Şərqin bəzi ərazilərindən ermənilərin gətirilib Qarabağda məskunlaşdırıldığının şahidi olmuşuq. Düzdür, bu, sistemli və kütləvi şəkildə olmasa da, hər halda belə nümunulərə rast gəlinib. Düşünürəm ki, yaranmış yeni geostrateji situasiyada Azərbaycan daha qətiyyətli addımlar atmağa qabildir və bunu edəcək də. Hazırkı mərhələdə də ən məqbul addımlardan biri şübhəsiz ki, Ermənistan tərəfinə xəbərdarlıq edilməsidir. Əgər bu cür hallar davam etsə, artıq bəyanatlarla və diplomatik səviyyədə yox, hərbi-siyasi müstəvidə addımlar atılacağı işğalçı ölkəyə bildirilməlidir. Düşünürəm ki, bu, çəkindirici vasitələrdən biri ola bilər. Çünki bu cür addımlar daha effetkiv nəticələr verir və məqbul zamanda da Azərbaycan bu xəbərdarlığı edəcək. Amma şübhə yoxdur ki, müxtəlif beynəlxalq təşkilatlar və yaxud ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsi ilə də Azərbaycan bu xəbərdarlıqları edir. Ona görə də artıq daha qətiyyətli addımlar atmağın zamanı gəlib və görünən odur ki, mövcud geostrateji balans və beynəlxalq münasibətlərdəki şərtlər uyğun olan kimi Azərbaycan bu addımı atacaq.

 

- Daha qətiyyətli addımlar deyərkən, müharibəni nəzərdə tutursuz?

 

- Azərbaycan torpaqları nə qədər ki, işğal altındadır, işğalçı Ermənistan nə qədər ki, bu niyyətindən əl çəkmir, regionda konkret olaraq iki dövlət arasında müharibə riski olduqca realdır. Ona görə də düşünürəm ki, bundan artıq regionda gərginləşdirici hərəkətlərin edilməsi, məhz müharibəyə gətirib çıxara bilər. Ki, bu da işğalçı rejimin lehinə olmaya bilər. Çünki regiondakı hərbi güc balansının kimin xeyrinə olduğu aydındır. Azərbaycan ordusu də bunu dəfələrlə istər təmas xəttində, istərsə də sərhəd bölgəsində sübut edib. Ermənistanın avantürist Baş Naziri bundan artıq daha çox avantüralara getməməlidir və regionda qıcıqlandırıcı mövqe tutan bəzi imperialist mərkəzlərin hərəkətlərini ermənilərin milli maraqları kontekstində qiymətləndirməyi bacarmalıdır. Çünki regiona üçüncü qüvvələrin müdaxiləsi heç bir müstəqil ölkə üçün xeyir gətirməyib. Ermənistan cəmiyyətində də bu cür axtarışlar baş verməkdədir. Çünki Ermənistanın keçmiş daxili siyasətində daha rasional düşünməyi bacaran siyasi aktorlarla müzakirələrin aparılmasının şahidi oluruq. Bu konteksdə də Ermənistan, nəhayət bu cür provokativ addımlara son qoymalıdır.

 

- Bəs, zaman amilini nəzərə alsaq, bütün bunların gerçəkləşməsi yaxın gələcəkdə mümkündür, yoxsa yenə də gözləmək lazımdır?

 

- Zaman barəsində danışsaq, bu, milli maraqlarımız baxımından məqbul hesab edilə bilməz. Çünki bu zaman nə vaxt olacaq, bunu ən yaxşı qərar qəbul edən Ali iradə bilir və daha çox informasiyaya, məlumata malik olduğuna görə, şübhəsiz ki, Ali Baş Komandanın bu qərarı nə vaxt və hansı şəkildə verəcəyi müzakirə edilib ictimailəşdirilməli olan məsələ deyil. Amma hər halda, ən məqbul zamanda ən doğru qərar veriləcək.

Müəllif: Mərahim Nəsib      16 Sentyabr 2020 10:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin