Əsas səhifə Haqqımızda Xəbər lenti

Özünədönüşə möhür vurulduğu gün – Gerçək milli qürur

Özünədönüşə möhür vurulduğu gün –       Gerçək milli qürur

1918-ci ilin 28 avqustunda Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri yazıldı

 

Xalqımıza məxsus atalar sözü var: “Elmsiz insan meyvəsiz ağac kimidir”. Elm, təhsil xalqların müqəddəratını təyin edir. Azərbaycan Şərqə açılan qapı kimi erkən orta əsrlərdən elmin, mədəniyyətin, təhsilin beşiyi olub.  Dünyanın ən məşhur filosofları, alimləri bizim torpaqda yetişib. Lakin ədalətsiz müharibələr, torpaqlarımızın işğalı son orta əsrlərdə bizi təhsildən, elmdən uzaq saldı. İşğallarla tək vətən əldən getmirdi, maddi mədəniyyət nümunələrimiz, zəngin kitabxanalarımız da mənfur işğalçılar tərəfindən yad ölkələrə daşındı. Təhsilimiz ibtidai mədrəsə səviyyəsinə endi.

 

Cənubda vəziyyət eyni qaldı, Şimalda isə böyük elmimizin üzərindən xətt çəkildi. Artıq rus məktəbləri fəaliyyətə başladı. Orada ancaq zadəgan, bəy, xan, qolçomaq övladları müəyyən imtiyazlar qarşılığında təhsil ala bilərdilər. Ali təhsil Rusiyada davam etdirilməli idi. Çox zaman təhsilli şəxslər vətənə qayıtmırdılar. 1917-ci ilə kimi Cənubi Qafqazda təhsil “Qafqaz Təhsil İdarəsi”nin Tiflisdəki baş mərkəzinin nəzdində fəaliyyət göstərirdi.

 

Bolşeviklər imperiyanı devirdikdən sonra Bakıda Xalq Komissarları Soveti nəzdində Maarif Komissarlığı yaradılmışdı. Rusiya imperiyası dağılmaq ərəfəsindəykən isə bir çox təhsilli həmyerlimiz vətənə qayıtdılar. Onlar Cümhuriyyətin qurulmasına öz töfhələrini verdilər.

 

Xəyalların gerçəkləşməsi

No description available.

Azərbaycan Cümhuriyəti yarandığı və ilk hökumət kabinetinin təşkilindən sonra milli təhsilə, maarifə böyük önəm verirdi. Baxmayaraq ki, Milli Hökumət mərkəzi Tiflisdəykən Xalq Maarif Nazirliyi təsis etmişdi, lakin hökumətin mərkəzi Gəncəyə köçürülən kimi maarif sahəsində ilk addımlar atılmağa başlanıldı. İkinci Hökumət Kabineti 17 iyun 1918- ci ildə xalqa müraciət etdi. Müraciətnamədə deyilirdi ki, Milli Hökumət təhsil, maarif sahəsində ciddi işlər görəcək. Məktəblər milliləşdiriləcək, bütün məktəblər ana dilində fəaliyyət göstərəcək və bu, mərhələlərlə həyata keçililəcək.

 

Cümhuriyyət hökuməti həm də dövlət strukturunda bütün rəsmi sənədlərin, kargüzarlıq işlərinin də tədricən ana dilində olması üçün müvafiq tədbirlər həyata keçirirdi. Bu tədbirlərin ən alisi isə 1918-ci il iyun ayının 27-də “Türk dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbul edilməsi oldu. Bundan sonra bütün dövlət orqanlarında, məhkəmə sistemində rəsmi dil kimi türk dilindən istifadə məcburi idi.

 

Beləliklə, 90 illik mübarizədən sonra xalq öz dilində danışacaq, təhsil alacaq və oxuycaqdı. Bu, Cümhuriyyətimizin böyük qələbəsi idi. 30 iyun tarixində Gəncədə Xalq Maarif Nazirliyi yaradıldı və onun dəftərxanası fəaliyyətə başladı. İlk Xalq Maarif naziri Nəsib Bəy Yusifbəyli seçildi. Nazirin müavini isə Həmid Bəy Şahtaxtinski idi.

 

1918-ci ilin 28 avqustunda Azərbaycan tarixinin ən önəmli səhifəsi yazıldı. Milli Hökumət ölkə boyu fəaliyyət göstərən və gələcəkdə açılması nəzərdə tutulan bütün məktəblərin ibtidai siniflərində icbari surətdə “Ana dilli təhsilin tədrisi haqqında” qərar qəbul etdi. İbtidai siniflər təhsilin təməli idi və burada ana dilli ilə təhsil milli tariximizin, mübarizəmizin ən böyük qələbəsi oldu.

 

Qərara əsasən:

 

1. Ali ibtidai və orta təhsil mərkəzlərində təhsil türk dilində tədris edilsin;

2. Digər - erməni və rus dillərində aparılan dərslər tamailə ləğv edilsin;

3. Həmin tədris mərkəzlərinin bir və ikinci siniflərində dərslər hökmən türk dilində aparılsın. Əgər şagirdlər türk dilini bilmirlərsə, onlara ayrıca türk dili kursları təşkil edilsin. Dördüncü sinifdə artıq türk dili gücləndirilmiş surətdə tədris edilsin;

4. Bütün orta məktəblərdə qeyri-müsəlman xalqlarının orta məktəblərində dini dərslərin keçilməsinə imka yaradılsın.

 

1918-ci ildən artıq Azərbaycan bölgələrində təhsil ocaqları fəaliyyət göstərirdi: Bakıda, Qubada, Şirvanda, Nuxa-Ərəş bölgələrində, Zaqatala quberniyasında, Cəbrayıl və Zəngəzur dairəsində, Lənkəran qəzasında xalq məktəbləri, Gəncədə Müəllimlər seminariyası, Gəncədə daha bir hökumət məktəbi, Qazaxda isə Müəllimlər Seminariyası.

 

Cümhuriyyət dövründə Bakıda 4 oğlan, 5 qız gimnaziyası, eyni zamanda, 1 ümumi qız məktəbi, qadın müəllimlər seminariyası, 3 realnı məktəb fəaliyyət göstərirdi. Realnı məktəblər Salyanda, Şamaxıda və Şuşada da fəaliyyət göstərirdi. Gəncədə isə dini təhsil vermək üçün “Müqədəs Nina” qız məktəbi açılmışdı.

No description available.

Azərbaycan Cümhuriyyəti Hökuməti yeni məktəblərin açılması və köhnə məktəblərin təmir edilməsi yönündə də bir sıra işlər görmüşdü. Məktəblərin maddi-texniki bazasını gücləndirmək və müəllimlərin maaşlarının artırılması üçün büdcədən ümumilikdə 87 min rubl pul ayrılmışdı.

 

Müəllimlər Seminariyası xaric, 1919-cu ilin sonunda Azərbaycanda 9611 nəfər şagird dövlət hesabına orta təhsil alırdı. Bölgələrdə məktəblərə müəllim çatışmaması müşahidə edildiyindən, əlavə olaraq müəllimlik kursları da fəaliyyətə başladı. Bundan əlavə, 1919-cu ildən etibarən Bakı, Gəncə və Nuxa şəhərlərində yaradılarn “Nina” qız məktəbləri “Milli qız gimnaziyaları” adı ilə fəaliyyətlərini davam etdirdi. Burada artıq dini təhsil deyil, milli və dünyəvi təhsil verilirdi. Bu, bir ilin içərisində Milli Hökumətin gördüyü ən yüksək dərəcəli işlərdən biri idi.

 

İbtidai məktəblərdə dərslərin keçirilməsi prosesinə gəldikdə isə, 1918-ci il dekabr ayında Xalq Maarif Nazirliyinin keçirdiyi iclasın 2 №-li protokoluna əsasən, həftədə iki dəfə keçirilə bilərdi. İbtidai siniflərdə öyrədilən əsas dərslər türk dili, qrafik sənət, hüsnüxət, riyazi bilgilər idi. Digər fənlərlə yanaşı orta məktəblərdə bədən tərbiyyəsi və nəğmə dərsi məcburi keçirilməli idi.

 

Eyni zamanda, əlifba ilə bağlı məsələ də gündəmdə idi. S.M.Qənizadə və A.B.Əfəndiyevə türk dili əlifbasının tərtibi və dərsliklərin hazırlanması ilə bağlı tapşırıq verildi. Təhsildə məktəbəqədər təhsil də Milli Hökumətin əsas hədəflərindən idi. Lakin maddi sıxıntıların olması bu hədəfi bir az gecikdiriridi. Yenə də başlanğıc olaraq 1919-cu ilin sentyabr aynın 1-dən etibarən Bakı şəhərində milli qadın seminariyasının tərkibində uşaq bağçası fəaliyyətə başladı. Bunun üçün dövlət büdcəsindən 30.2 min rubl vəsait ayrıldı.

 

Ali təhsil...

 

Milli ali təhsilli kadrların hazırlanması istiqamətində fikir mübadiləsinə başlanıldı. 1919-cu ilin 21 avqustunda bununla bağlı geniş tərkibli iclas keçirildi. Bu, hökumətin sayca 67-ci iclası idi. İclasda “Müsavat”, “Əhrar”, “Sosialist”, “Hümmət” partiyalarının nümayəndələri təmsil olunurdular.

 

İclası giriş sözü ilə açan parlament katibi Mehdi Bəy Hacınski deyirdi: “Hörmətli deputatlar! Bakıda Azərbaycan dövlət universitetinin açılması ilə bağlı hay-küy qopmuşdur. Bunun lehinə də, əleyhinə də olanlar var. Əvvəlcə məsələ o idi ki, universitet Azərbaycanda olsun, ya olmasın. Hökumət bəyannaməsində deyilir ki, universiteti Bakıda açmaq mümkündür. Çünki professorlar dəvət etsək, gəlmək istəyirlər. Ölkəmizdə ticarət məktəbi və universitetlərə qəbul olunmaq üçün hazırlıq məktəbi var. Qaldı, tibb şöbəsi üçün alətlər alınması mümkündürmü? O da mümkündür”.

 

Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə möhtəşəm bir çıxış edərək iclasa öz möhürünü vurmuşdu: “Əfəndilər! Hər şeydən əvvəl biz etiraf edirik ki, Azərbaycanda elmlərə, biliklərə bələd olan mütəxəssislər və bütün ölkəmizin maarifini yüksəltmək üçün universitet açılması mütləqdir. Deyirlər ki, universitet açılması əleyhinə deyilik, amma doğrudan əleyhinədirlər. Bilirsiniz ki, bizim ölkəmizdə universitet açılmasına xüsusi ehtiyac var. Bizdə ixtisaslı, mütəxəssis alimlər yoxdur. Bu cür adamların yoxluğu hər sahədə özünü göstərir. Ona görə də bir an öncə universiteti açmaq, alim, mütəxəssis və təcrübəli adamlar yetirməliyik. Bu, dövlətimizin təmənnasız vəzifəsidir və biz universiteti açmağa niyyətliyik”.

 

Bu çıxışdan sonra iclas bağlandı və 1 sentyabr 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin açılması ilə bağlı hökumət qərar qəbul etdi. İlk olaraq tarix-filologiya, hüquq, tibb və fizika-riyaziyyat fakültələri açılması nəzərdə tutulmuşdu. Fakültələr bir-birinin ardınca fəaliyyətə başlayacaqdı. Tibb fakültəsində təhsil üçün xəstəxanalarla birlikdə iş aparılacaqdı. Xaricdən xeyli mütəxəsis dəvət edilmişdi. Təhsil, dəvət edilən mütəxəssislər və maddi-texniki baza üçün ilk olaraq 10 milyon rubl müəyyən edildi.

No description available.

Bundan əlavə, xanım müəllimlərin dərs deməsi və qız uşaqlarının da universitetdə təhsil alması hüququ da Şərqdə ilk dəfə Azərbaycan Cümhuriyyətində reallaşdı. Eyni zamanda, hökumət bölgələrdən imkansız və istedadlı uşaqların müəyyən edilərək Bakıya gətirilməsi, dövlət hesabına təhsil verilməsi haqqında Xalq Maarif Nazirliyinə göstəriş verdi.

 

Hökumət daha bir addım ataraq 100 nəfər istedadlı gənci xaricə göndərmək haqqında qərar qəbul etdi. Bu məqsədlə 1919-cu ildə dövlət büdcəsindən 4 milyon 100 min rubl vəsait ayrıldı. Onların hər birinə illik 36.5 min rubl təqaüd ayrıldı. Bu tələbələrdən 8 nəfər təbiətşünaslıq, 7 nəfər dağ-mədən, 11 nəfər mexanika, 3 nəfər kimya, 8 nəfər elektrotexnika, 4 nəfər inşaat, 6 nəfər məmulat, 10 nəfər kənd təsərrüfatı, 4 nəfər gəmi quruculuğu, 2 nəfər aviasiya, 3 nəfər aqronom, 5 nəfər iqtisadiyyat, 5 nəfər tarix-filologiya, 7 nəfər fəlsəfə, 6 nəfər hüquq, 3 nəfər politologiya ixtisası üzrə xarici ölkələrdə təhsil alacaqdılar. Beləliklə, 13 nəfər İngiltərəyə, 23 nəfər İtaliyaya, 44 nəfər Fransaya, 9 nəfər Türkiyəyə, qalanları isə Rusiyanın müxtəlif şəhərlərinə göndərilmişdi. Bütün bunlar haqqında Azərbaycan qəzetinin 1919-cu il 24 dekabr tarixli sayında geniş məlumat əks olunub.

 

Xalq Maarif Nazirliyi müəllimlərin də qeydinə qalırdı. Onların maaşlarını üç dəfə artırmış və onlara bir sıra ərzaq yardımları da edilmişdi.

No description available.

Beləliklə, Azərbaycan Cümhuriyyəti uzun illər Azərbaycanın görkəmli maarifçilərinin xəyallarını, mübarizələrini gerçəkləşdirdi. Bağçaya gedən körpədən, universitetdə təhsil alan gəncə kimi hər kəs dövlət qayğısı ilə əhatələndi. Lakin 23 aylıq hökumətimiz işğal edildikdən sonra bütün bu işlər yarımçıq qaldı. Milli təhsilimiz yad rus təhsili ilə əvəzləndi. 70 il sonra o işıq yenidən ölkəmiz üzərində göründü. Müstəqil olan dövlətimiz ana dilini dövlət dili elan etdi, qısa müddətli də olsa, “Türk dili” adlı kitablar nəşr etdirdi...

Müəllif: Şəhla Cabbarlı      28 Avqust 2020 22:47
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin