Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan həqiqətləri əcnəbi kanalda: “Nə iqtidar, nə müxalifət yönümlü olacağıq”

Azərbaycan həqiqətləri əcnəbi kanalda: “Nə iqtidar, nə müxalifət yönümlü olacağıq”

“Bu, analoqu olmayan bir layihədir və məqsəd ölkəmizi daha çox tanıtmaqdır” – Rahim Telman Sadıqbəyli

 

Əcnəbi televiziya kanalında – İsveçdə Azərbaycanın ilk xəbər proqramı təqdim olundu. AYNA olaraq layihənin iştirakçılarından biri olan və hazırda İsveçdə yaşayan soydaşımız Rahim Telman Sadıqbəyli ilə proqramın detalları ilə bağlı müzakirələr apardıq.

 

- Rahim bəy, İsveçdə əvvəl də belə bir layihə olmuşdumu?

 

- İsveçdə bundan əvvəl belə bir layihə olmayıb. Nəinki İsveçdə, mən heç inanmıram ki, ABŞ və Avropa ölkələrində belə bir layihə olsun ki, Azərbaycan haqqında xəbərləri həmin ölkənin öz dilində, yaxud da dünyada ən öncül dili olan ingilis dilində xəbərlər və proqramlar hazırlansın. Bu, ilk layihədir. İsveçin açıq “Açıq İctimai Kanal”ı var, mən onlarla artıq keçən ildən münasibət qurmuşdum və onlara bildirdim ki, biz həmin o kanalda yer almaq istəyirik. “Açıq İctimai Kanal” kimi kanallar Avropanın hər yerində var və onların kifayət qədər də tamaşaçısı var. Məsələn, Stokholmdakı tamaşaçı sayı yeddi yüz min nəfərdir. Hər bir evdə, harada ki kabel televiziyası var, orada mütləq dövlətin kanalları ilə birlikdə açıq ictimai kanallar da fəaliyyət göstərir.

Bunun üçün müəyyən qədər vəsait ödəmək lazım idi. Həftədə bir saat vaxt almaq imkanı var. Mənim keçən ildən belə bir layihəm var idi. Sadəcə onlar vəsaiti çox tələb etdiyindən, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə müracitə etdim və Komitənin sədri Fuad Muradovla anlaşmamız oldu. Onlar söz verdilər ki, “Diaspora Yardım Fonduna müraciət etsəniz, müsbət cavab alacaqsınız”. Və “Açıq İctimai Kanal”a bildirdim ki, bu layihəni bir illik deyil, altı aylıq, daha sonra da altı aylıq edək. Onlar da razılaşdılar və altı aylıq müqavilə bağladıq. Keçən ilin dekabrın 31-dən bu layihəyə başladıq. İyun ayına qədər, yəni altı ay bizim layihəmiz davam etdi. İyul ayında biz layihəni dayandırdıq. Çünki ikinci müqavilənin ödənişi edilməli idi. Ondan sonra araya pandemiya düşdü. Bir qədər maddi sıxıntılar başladı. Bu zaman Diasporla İş üzrə Dövlət Komitəsindən ikinci altı ayın yardımını ala bilmədim və öz resurlarımla bu layihəni davam etməyə qərar verdim.

 

- Bu layihə ilə bağlı ilk təklif haradan qaynaqlandı?

 

- Bilirsiniz ki, mən həm də Azərbaycanda fəaliyyət göstərən “Pressklub”un Skandinaviya üzrə nümayəndəsiyəm. Sonra bu barədə Pressklub.az saytının İdarə Heyətinin sədri Arif Əliyevlə bu barədə danışdıq. Arif Əliyevlə belə qərara gəldik ki, layihəni davam etdirək. Yəni təklif ilk olaraq heç kimdən deyil, ikimizin qərarı ilə oldu. Və Arif Əliyev bu işi çox bəyəndi. Xəbərlərin ingilis dilində getməsini də təklif etdim və Arif Əliyev canı könüldən bu işə razılaşdı. Həftədə bir dəfə Azərbaycan haqqında xəbərlərin veriləcəyi ilə razılığa gəldik. Amma bizim İsveçin “Açıq İctimai Kanal”ı qarşısında belə bir öhdəliyimiz var ki, biz ideologiya, təbliğat işi aparmayacağıq. Nə iqtidar, nə müxalifət yönümlü olacağıq. Yalnız ümumi olaraq ölkədə baş verən ictimai-siyasi məsələlər haqqında müzakirələr aparaqcağıq.

 

- Hər halda, sıradan bir layihə deyil. Onun başlıca məqsədi nədən ibarətdir?

 

- Hazırda əsas mövzu pandemiya və Azərbaycanda insanların təhlükəsizliyinin necə qorunması, hansı qərarların mövcudluğu barədədir. Müstəqil qəzet və informasiya mənbələrindən məqalələr əldə etməklə onların yazdıqlarını da təqdim etməyi düşünürük. Artıq üçüncü həftədir ki, test etməklə proqramları başlamışıq. Avqustun 31-dən yanvarın əvvəlinə qədər fəaliyyət göstərəcəyik. Maliyyə yalnız bu zaman üçün nəzərdə tutulub. Sonra necə olacaq - bunu zaman göstərəcək. Həftədə bir saatlıq bir proqram olacaq, onun da 10 dəqiqəsi xəbərlər olacaq. Bundan əlavə, həftəiçi xəbərləri ayrıca bir blok şəklində onlara təqdim edəcəyik. Xəbərlərdən bir mövzu seçərək, ona analitik münasibətin bildirilməsi qərarı da var. Məsələn, bu gün Belarus hadisələri aktualdır. Bu hadisələrə Azrbaycanın və Azərbaycan xalqının münasibətini müzakirə edəcəyik. Həmin proqram da, təxminən 5-10 dəqiqə həcmində olacaq.

 

Bu layihə, həqiqətən də sıradan bir layihə deyil. Bu layihə analoqu olmayan bir layihədir. Məqsəd isə ölkəmizi daha çox tanıtmaqdır. Burda başqa məqsəd güdə bilmərik. Ölkədə baş verən siyasi hadisələrə, iqtidar-müxalifət qarşıdrumasına və s. kimi məsələlərə deyil, daha çox qlobal məsələlərə, ölkə içində və yaxud da xaricdə Azərbaycana münasibətlərə önəm verəcəyik. Hazırda Azərbaycanda qalmaqallı proseslər baş verir. Məsələn, bununla bağlı geniş bir proqramın hazırlanmasını nəzərdə tutmuşuq. Daha çox Türkiyə, Rusiya və ABŞ-n bölgədəki maraqlarına diqqət yetirəcəyik. Azərbaycan da geridə qalmış bir ölkə deyil, bizim də tariximiz, mədəniyyətimiz var. Proqramlarımızda zaman-zaman milli mətbəximizə də müraciət edəcəyik.

 

- Texniki cəhətdən prosesi necə tənzimləyirsiniz?

 

- Biz mövzular haqqında ortaq qərar qəbul edirik. Əsas mövzuları da “Turan” İnformasiya Agentliyi, Pressklub.az, Ayna.az, APA və AZƏRTAC-dan əldə edirik. Proqramlarımız həmin saytların mövzuları əsasında hazırlanır və Bakıda “Pressklub TV” tərəfindən lentə alınır. Sonra süjetlər buraya göndərilir. SAMM TV son montaj və tamamlama işlərini hazırlayır, studiyaya təhvil veririk.

 

- Fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

- Dəstəyiniz üçün təşəkkür edirəm.

Müəllif: Ülviyyə Şahin      28 Avqust 2020 13:32
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin